Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir
Tağızadənin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin
“Guardian” qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.

 

Xarici İşlər Nazirliyindən “Report”a verilən məlumata
görə, məqalədə Dağlıq Qarabağın “mübahisəli ərazi” olmadığı, Azərbaycanın
ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi
rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edildiyi,
bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi
vurğulanır.

 

Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ
də yerinə yetirilmədiyi bildirilir.

 

Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı
altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə
çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin
qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını
əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir.

 

Sonda, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə
çağırış etdiyi vaxt, Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək
üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir.