Bizdə tələbə var odlu gözləri Mənalar içində mənalar görür.

Müəllim də var ki, cansız sözləri Ürək bulandırır dodaq büzdürür.

Döğrudur, Mirtohid ağa ali təhsil alması haqda diplom almamışdı. Öz sahəsinə görə diplom ala da bilməzdi. Çünki onun aldığı təhsil qeyri leqal yolla qadağan olmuş “məktəblər” də, əksəriyyətlə repressiyaya uğramış böyük alimlər tərəfindən verilirdi. Onun təhsil aldığı, unsiyyətdə olub, oturub-durduğu alimlərdən bir neçəsini yada salıram. Lənkəran şəhərində çox məşhur alim sayılan, İmam axund ləqəbilə adlandırılan Mirzə Məhəmməd Hüseyn axund, Cəlilabadda Şeyx Qüdrət, Masallıda Şeyx Əsədullah, Bilasuvarda Molla Hüseyn, Bakı şəhərində böyük alim Seyid hüseyn ağa, Maştağada Mir Əbdül Xaliq ağa və digərləri. Bunlar sözün əsil mənasında alimlər idi. Onlar Xorasanda, Nəcəfül-Əşrəfdə, Misirdə görkəmli, yüksək elmi potensialı olan elm mərkəzlərində təhsil almışdılar. Onlar elm öyrətmək iqtidarında idilər. Çox təəssüflər olsun ki, keçən əsrin 70-ci illərindən sonra bizim respublikamızda o alimlərdən qalmadı. Doğrudur, indi necə deyərlər, harada aş orada baş olan mollaların sayı çoxdur. Hər yerindən duran bisavad özünü molla adlandırıb məclislərdə, cəmiyyət qarşısında moizələr etmək istəyir. Hətta özünü peyğəmbər adlandıran, özünə ekstrasens adı qoyub qeybdən xəbər verənlər də peyda olubdur. Lakin belə mollalar ağzını açıb iki kəlmə danışan kimi savadsızlıqları, özlərinin mənasız və məntiqsiz danışıqları aşkar olur. Məclis əhli onlara qulaq asmır. İki-bir, üç-bir öz aralarında söhbət edirlər. Nəticədə məclislər öz məqsəd və məramını itirir. Məclis təravətini itirərək bazara çevrilir. Bunu görən kəmsavad mollalar deyirlər ki, camaat dinsizdir. Ona görə də söhbətə qulaq asmırlar.

Belə mollaların əksinə olaraq yuxarıda sadaladığımız alimlər dini elmlərdən başqa, dünyəvi elmlərə də mükəmməl yiyələndikləri üçün, hər tərəfli, ensiklopedik biliyə malik olduqları üçün hamı tərəfindən rəğbətlə qarşılanır, diqqətlə dinlənilir, onlar olan məclislərdə ən sadə adamlardan tutmuş akademiklərə qədər heç kəsin bir söz deməyə belə ehtiyacı qalmır və həmçinin cəsarəti çatmırdı.

Mirtohid ağa belə alimlərdən mükəmməl təhsil almışdı. O İslam şəriət qanunlarının-fiqh elminin gözəl bilicisi idi. İslam fəlsəfəsini, islam tarixini, məntiqi yaxşı bilirdi. Quranın bir çox surələrini əzbər bilir və onu yüksək savadlı bir dillə şərh və təbliğ edirdi. Ağada xüsusilə fəsih natiqliq qabiliyyəti var idi. Səlis, aydın, məntiqi, ardıcıl nitqə malik idi. Yüksək auditoriya mədəniyyətini əxz etmişdi. O danışarkən məclisin tərkibini nəzərə alır, sözləri və cümlələri elə bir tərzdə ifadə edirdi ki, ən sadə peşə sahiblərindən tutmuş alimlərə qədər hamı onu başa düşürdü. Hamının öz peşəsinə və səviyyəsinə uyğun cavablar verir və arqumentlər gətirərək onları başa salırdı.

Yadımdadır, 1959-cu ildə mən məktəbdə oxuyurdum. Həyətimizdə bir çarhovuz tikdirirdik. CCanış adlı bir kişi suvaqçılıq edirdi. O, bir az da pəltək idi. Həm danışığı az başa düşülür, həm də ağır eşidirdi. Ancaq Allahı tanıyır, ona ibadət edirdi. Günorta bizim evdə namaz qılırdı. Bir gün atam və anam görürlər ki, Canış namazı yarımçıq qılır. Yəni günorta namazını dörd rəkət deyil, iki rəkət qılır. Demək olar ki, günortadan axşama qədər Canışı başa sala bilmirlər ki, namazı düz qılsın. Onların bütün cəhdlərinə baxmayaraq, Canış sözünün üstündə möhkəm durur ki, mən fəhləyəm. Elə bu qədər qıldığım Allahın bəsidir. Allahın bəsidir, deyə-deyə atamı təngə gətirən Canışın bu inadkarlığını axşam evə gələn Mirtohid ağa da eşidir. Səhər saat 4-5 radələrində sübh namazını qılandan sonra həmişə ağa yatıb dincələrdi. Təqribən saat 1000-da yuxudan ayılıb həyətə düşən Ağa görür ki, Canış palçıq hazırlamaq üçün düzəltdiyi qum təpəsinə sement əlavə etmək istəyir. Qumun həcminə görə iki kisə sement qarışdırmalı imiş. Canış kisənin birindən 2-3 çalov sementi qumun üstünə tökdükdən sonra Ağa ona deyir: :

– Canış daha bəsdir, sementi az qat !

Canış etiraz edərək – Ağa, qum çoxdur, sement çatmaz deyir. Ağa isə :

Canış qatdığın sement qumun bəsidir – dedi.

Ağa, sement az olsa palçıq yaxşı olmaz.Suvaq ovulub tökülər – deyə Canış ağanı başa salmağa cəhd edirdi. Bu zaman Mirtohid ağa ona müraciətlə :

Canış, sən düz deyirsən. Mən səninlə razılaşıram. Gərək sən də mənlə razılaşasan ki, namaz az olsa gedib Allaha çatmaz. Allah onu qəbul etməz.

Canış xüsusi bir utancaqlıq hissi izhar edərək Ağa ilə razılaşdı. Ondan sonra namazı düz qılmağa başladı.

Başqa bir misal. Ağa heç vaxt elmi mübahisələrdən çəkinməz, verilən suallardan qorxub etirazını bildirməzdi. Əksinə, o məclislərdə xoşlayırdı ki, ona suallar versinlər ki, məclis əhlinin arzu və istəklərinə uyğun söhbət etsin, bilmədiklərini onlara başa çalsın. Günlərlə söhbət etsə də təkrar etməyi sevməzdi. Ardıcıl, məntiqi təzə söhbətlər, məlumatlar danışardı. 1970-ci illərdə Bakının Nərimanov rayonunun səhiyyə şö’bəsinin müdiri böyük bir faciə ilə üzləşmişdi. Bir neçə nəfər ailə üzvi avtomobil qəzasında tələf olmuşdular. Çox böyük qohum-əqrəbaya malik, respublikada tanınmış hörmət və nüfuzu olan ailə idi. Yas mərasimindən ötrü çox böyük bir məclis təşkil olunmüşdu. Mirtohid ağanı rayondan o məclisə gətirmişdilər. Məclis ziyalılardan ibarət idi. Respublikanın demək olar ki, bütün rəhbər işçiləri orada iştirak edirdi.

Mir Kazım Kazımi

(ardı var)