Ağaş Mirzəyevin vəfatından qırx gün keçdi

Bəzən onun cismani yoxluğunu unuduram: elə bilirəm evinin qapısından içəri keçib onunla görüşəcək, ötənlərdən, günümüzdən danışacaq, dostlardan söhbət edəcəyik. Lakin o, həyatda yoxdur, təkcə qəlbimizdə yaşayır, unudulmur, xatırlanır. Unuduram ki, amansız xəstəlik onu illər uzunu incidib, iynə-dərmansız yaşaya bilmirdi. Ancaq o, yaşamaq uğrunda mübarizə aparır, xəstəliyə qalib gəlirdi.

Bir gün isə… Mayın 13-də onun ölüm xəbərini eşidib sarsıldıq. Həmişə evinə xoş xəbərlərlə gedərdik. Bu dəfə isə belə olmadı. Kəndə gedib dostumuzu görə bilmədik. Çünki onun pak ruhu göylərə ucalmışdı. O, ömrünü övladlarına, nəvələrinə bağışlamışdı.

Nə etmək olar, həyatın gərdişi belədir: bir gün gələn bir gün də getməlidir. Gələndə bələkdir, gedəndə fələkdir…

Hər dəfə “Lerik” qəzetini çap etdirib rayona qayıdanda müxtəlif qəzetlərdən ibarət bağlamanı ona çatdırardım. Əslində, o da bunu gözləyərdi. Peştətük kəndinə çatan kimi zəng vurub nəvələrindən birinin yola çıxmasını rica edərdim. Ya oğlu İldırım, ya da nəvəsi Nail yola çıxardı. Qəzetləri, bəzən də jurnal-kitabı verib rahatlıq tapardım. Axı o, yataq xəstəsi idi, buna ehtiyacı vardı…

Adətən, o, mənə səhərisi gün zəng vurar, minnətdarlığını bildirər, “Filan məqalə lap ürəyimdən xəbər verdi” deyər və əlavə edərdi: “Sən məni unutmursan, göndərdiyin qəzetlərlə məni yaşadırsan, fikir çəkməyə qoymursan. O təzə kitabı maraqla oxudum, xəstəliyimi unutdum. Allah köməyin olsun…” – deyərdi.

Hərdən özlüyümdə düşünürəm: görəsən, onu əvəz edən bir dostum olacaqmı? Axı, onunla 40 illik dostluğumuzun tarixçəsi vardı. Hər ilin də öz naxışı, baxışı…

Ömrünün 82-ci ilində haqq dünyasına qovuşan Ağaş Tarqulu oğlu Mirzəyev sözün həqiqi mənasında kitablara bağlı adam idi, ömrünün-gününün çoxunu kitablar arasında keçirmişdi. 1956-cı ildən kənd kitabxanasına rəhbərlik edirdi. O vaxtdan bəri kitabların sayı min nüsxədən 7 min nüsxəyə çatdırılmışdı. Kitabları qaydasınca qoruduğu üçün fond çox zəngin idi. Kimlər bu kitabxanaya baş çəkməmişdi?! Xəzinədəki səliqə-sahman, zəngin kitab fondu kitabsevərləri məmnun edirdi. Xalq şairi Bəxtiyar Vahabzadə, Cabir Novruz, general Mirağa Cəfərquliyev, Həzi Aslanov, polkovnik Hikmət Ağayev, professor Aydın Qafarov, Əməkdar müəllim Məhərrəm Kazımov, Xalq artisti Kamil Cəlilov, tibb elmləri doktoru, professor Vaqif Rəhmanov, Prezident təqaüdçüsü Musa Bədəlov, Əməkdar jurnalist Əli Nəcəfxanlı, şair Nurəddin Mirzəxanlı, daha kimlər, kimlər rəy və təkliflər kitabında xoş sözlər yazıblar, Ağaş Mirzəyevin kitabxanaçı əməyini təqdir ediblər.

Mən onun kitabxanasında dəfələrlə olmuş, müxtəlif janrlı yazılar çap etdirmiş, tədbirlərə dəvət olunmuşdum. Həmişə biliklər xəzinəsi mənə sirli bir dünyanı xatırladırdı. 1988-ci ildə “Mədəni-maarif” jurnalının 3-cü sayında “Ağaş Mirzəyevin kitab dünyası” adlı analitik yazım çap olunmuşdu. Burada onun kitabxanaçılıq təcrübəsindən hərtərəfli söz açmışdım. 2007-ci ildə Ağaş Mirzəyevə “Kitabların işığında” adlı 207 səhifə həcmində kitab həsr etmişdim. Bu, rayonda yaxşı qarşılandı. Kitabda oxucunu biliklər ümmanına qovuşduran məşhur kitabxanaçı, kamil təfəkkürlü şəxsiyyət, alicənab və xeyirxah insan, hörmət və nüfuz qazanmış ziyalı, iti qələm sahibi ağsaqqal, sədaqətli dost Ağaş Tarqulu oğlunun həyat yolu öz əksini tapmışdır.

Məhsuldar fəaliyyətinin böyük bir hissəsini insanların qəlbində elm, zəka və təfəkkür məşəli yandırmağa, kitabları sevdirməyə, kəndin, gənclərin yüksəlişinə sərf etmiş Ağaş Mirzəyevin – kitabşünaslıq elminin mahir bilicisinin xarakter cizgiləri öz əksini tapmışdır.

…Kitab nəsillərin bir-birinə vəsiyyətidir. Yaxşı kitablar oxumaq keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək deməkdir. Ağaş kişi kitabxanasında onun kimi işləməyi oğlu İldırıma vəsiyyət edib. O da keçmiş əsrlərin ağıllı adamları ilə söhbət etmək işinin öhdəsindən bacarıqla gəlir.

Estafet etibarlı əllərdədir, Ağaş dostum. Rahat yat, yuxuna şəkər qat!

 

İdris Şükürlü