Çımı xosə diyvojon Lankoni Havziəvə diyo bıə miəllim İldırım Şukurzadə ın fəoliyyət bo həmmə ruşinfikon xısusən miəllimon nımunə bıənuine. Çok əbi ki, şımə ıştənən çəmə diy ruşinfikon, diy tarixi-etnoqrafiq kitobon, məğalon bınıvışton. “DODO” qəzeti, www.dodoqezeti.az sayti iyən Dodo TV bı roədə bəşmə dim oje. İradə Dodo şımə xidmətədəy.
Lerik rayonunun yaşayış məntəqələrindən biri Günəşli kəndidir. Kənd Lənkəran-Lerik şose yolunun 41-46-cı kilometrliyində, rayonun Piran bölgəsində yerləşir. Əhalisi 980 nəfərdir. Kənddə 1904-cü ildə 116, 1999-cu ildə 694, 2009-cu ildə isə 826 nəfər yaşamışdır.
Tədqiqatçı-jurnalist İsaq Əmənullayev kəndin təqribən 1780-ci illərdə salındığını yazır (Dağlardan güc alan dostluq. B., 1998, səh. 47).
Günəşli kəndinin əhalisi əslən Cəngəmirandan (Canqəmiyon; Lerik rayonunda kənd – İ.Ş.) köçüb gələnlərdəndir. Bu kənd ilk əvvəl cəngəmiranlıların mal-qarasının örüş yeri olmuşdur (İqbal Əmənullayev. Təhsil fədaisi. B., 2008, səh. 16).
Günəşli kəndinin tarixi adı Osyopejən olmuşdur. Osyopejən talış dilində “osyo” – dəyirman və “pejən” – salan, quran, tikən sözlərindən əmələ gəlib, Azərbaycan dilinə tərcümədə “dəyirman salan”, “dəyirman tikən” mənasını verir. Görünür burada dəyirman salan, dəyirman tikən şəxs yaşadığından ərazi belə adlandırılmışdır. Qeyd edək ki, həmin zamanlarda kənddə dəyirman da olmuşdur. Dəyirman fəaliyyətini dayandırdıqdan sonra onun daşları şəlaləyə yaxın ərazidə yerə basdırılmışdır. Sonralar Osyopejən fonetik cəhətdən təhrifə uğrayaraq Ozobijən/Ozobijon şəklinə düşmüşdür. Ozobijon isə talış dilində “azarsız məkan” mənasını verir. Ozobijon “Azərbaycan” adı ilə rəsmiləşdirilərək uzun müddət “Azərbaycan” (?) adlanmışdır. Yaşayış məntəqəsi ilə ölkənin adının eyni olması faktına dünyada olduqca nadir hallarda rast gəlinir. Şair Əhəd Muxtar “Lerikdə bir kənd var” şeirində bu məqama toxunaraq yazmışdır:
Göylərə baş vurur Talış dağları,
Hər qarış torpağı cənnətməkandır.
Qoynunda bir kənd var, canlı mirvari,
Adı da qəribə – “Azərbaycan”dır!
08 may 2007-ci il tarixli Azərbaycan Respublikası Qanuni ilə Azərbaycan kəndinin adı dəyişdirilərək Günəşli adlandırılmışdır. Günəşli kosmonim (yunanca göy cisimləri adı) olub, rəmzi məna kəsb edir.
Günəşli kəndi iki məhəllədən – Penə kujə (talış dilində Yuxarı məhəllə) və Jinə kujədən (Aşağı məhəllə) ibarətdir. Kənd olduqca gözəl, füsunkar təbiətə malikdir. Kəndin cənubundan Vazəru (Lənkəran çayı) çayı axır. Şərqində Talış sıra dağlarının tərkib hissəsi olan Poçqon dağı yerləşir. Burada Vovi də (“də” talış dilində dərə deməkdir), Ağayo də, Çayo də adlı üç dərə və çoxlu sayda bulaq vardır. Bulaqlara misal olaraq, “Reğinə honi”, “Sipiyə reğinə honi”, “Səmədi honi”, “Şirvani honi”, “Bılbıli honi”, “Merzəli honi”, “Yolə honi” , “Qınqi honi” və digərlərini göstərmək olar (“honi” talış dilində bulaq deməkdir). Kəndin ərazisində eyni zamanda hündür olmayan şəlalə də vardır (İqbal Əmənullayev. Adı qeyd olunan kitab. Səh. 9-12).
Kənd 1780-ci illərdə salınsa da, burada olan tarixi abidələr Günəşli kəndinin ərazisində hələ çox-çox əvvəllərdə yaşayışın olduğunu söyləməyə əsas verir. “Kinon kiyə” (“Qızlar ocağı”), “Donəjənə sığ” (“Fal daşı”) deyilən əfsanəvi yerlər, “Nilə tıbə” (“Azat ağacı” qəbiristanlığı), “Nıso hi” (“Şimalda olan sahə”) deyilən sahədə müqəddəs yerlər, qədim məzarlar, qalavari divar bünövrələri, Çəkərə türbəsi (Əğəhüseyni tıbə), Çəkərə türbəsindəki daş qoç fiqurları bunu bir daha sübut edir. Çəkərə (Çakara) türbəsi 4791 invertar sayı ilə XIX əsrə (?) aid yerli əhəmiyyətli memarlıq abidəsi, türbədəki daş qoç fiquru isə 6248 invertar sayı ilə yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunəsi kimi dövlət qeydiyyatına alınmışlar.
Günəşli kənd tam orta məktəbinin müəllimi Fərman Muradov kəndin Sərzi kulət ərazisində təsərrüfat işlərindən ötrü təmizlik-abadlıq işləri görərkən gümüş pullar tapmışdır. Həmin pulları LDU-nun professoru Əli Rəcəbli və müəllim (indi tarix üzrə fəlsəfə doktoru – İ.Ş.) Mais Cəfərov birlikdə tədqiq edərkən, pulların Hülakilər (Elxanilər) dövlətinə (1256-1357 – İ.Ş.) aid olduğunu müəyyən etmişlər (İqbal Əmənullayev. Adı qeyd olunan kitab. Səh. 14).
Günəşli kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Sovet dövründə kənddə kollektiv təsərrüfat – kolxoz/sovxoz yaradılmışdır. Təsərrüfat əvvəl “Qırmızı oktyabr” (kolxoz) adlanmış, daha sonra isə Həzi Aslanovun adını (sovxoz) daşımışdır. Təsərrüfat taxılçılıq, tütünçülük, üzümçülük və heyvandarlıq (mal-qara və quşçuluq) üzrə ixtisaslaşmışdır. 1997-ci ildə həyata keçirilən aqrar islahatla əlaqədar kolxoz-sovxozlar, istehsal kooperativləri ləğv edilmiş, onların mülkiyyətində olan torpaqlar pulsuz olaraq payı bəlli torpaq sahəsi kimi kənd sakinlərinə paylanılmışdır.
Kənddə sosial obyektlərdən Qarabağ şəhidi Namaz Muradov adına iki mərtəbəli tam orta məıktəb, kitabxana, uşaq bağçası, məscid, mağaza-dükanlar və d. vardır.
Günəşli kəndi Noda kənd inzibati ərazi dairəsinin tərkibindədir. Noda kənd inzibati ərazi dairəsi Noda, Babagil, Bilnə və Günəşli kəndlərini əhatə edir. Kənd Noda inzibati ərazi dairəsindən əvvəl Nüvədi kənd sovetliyinin (indi inzibati ərazi dairəsi adlanır) tərkibində olmuşdur. 2000-ci ilin yanvar ayında Günəşli bələdiyyəsi yaradılmışdır. Günəşli bələdiyyəsi Günəşli və Babagil kəndlərini əhatə edir.
Günəşli füsunkar təbiəti ilə yanaşı, eyni zamanda ziyalıları ilə tanınan yaşayış məntəqələrindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorunun I müavini işləmiş, ədliyyə general-mayoru, hüquq elmləri doktoru, professor Mirağa Cəfərquliyev, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Vaqif Rəhmanov, tibb üzrə fəlsəfə doktoru Niyazi Rəhmanov, Prezident Aparatının orqanı olan “Xalq qəzeti”nin əməkdaşı, yazıçı-publisist İsaq Əmənullayev, uzun müddət Lənkəran Tibb Kollecində və Lənkəran Dövlət Universitetində dərs demiş Qabil Əmənullayev, Lənkəran Tibb Kollecinin direktoru, tibb üzrə fəlsəfə doktoru İqbal Əmənullayev, “Şərəf Nişanı” ordenli əmək veteranı Şirzad Baxşiyev, tanınmış kitabxanaçı, jurnalist Ağaş Mirzəyev, “Dodo” qəzetinin baş redaktoru, www.dodoqezeti.az saytının və Dodo TV-nin direktoru, həvəskar bəstəkar İradə Məlikova (Baxşıyeva), polkovnik Hikmət Ağayev, polkovnik-leytenant Qulam Rüstəmov, kapitan Camal Hüseynov, “Ulduz” telekomda rabitəçi mühəndis işləyən Akif Əliağayev, tanınmış pedaqoqlar Rəhmanov Məmməd, SSRİ maarif əlaçısı, qabaqcıl maarif xadimi Fərman Hüseynov, ali kateqoryalı metodist müəllim və səmərələşdirici təkliflə yeni qurluşlu kino aprat ixtira edən Səfər Əmənullayev, Fərman Muradov və digərləri Günəşli (Ozobijon/Azərbaycan) kəndində dünyaya göz açmışlar.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi