1 iyul 2020-ci il tarixində Feyzbok səhifəmdə “Monidigah, yoxsa Mondigah?” başlığı altında tədqiqat xarakterli paylaşım etmişdim. Paylaşımıma 43 nəfər rəy yazmışdır ki, onlardan da biri əslən Lerik rayonunun Mondigah kəndindən olan və Lənkəran rayonunun Şilavar kəndində yaşayan dostum el ağsaqqalı, söz xiridarı Kərbəlayi Əlihüseyn Şərifov idi.
Kərbəlayi Əlihüseyn Şərifov rəyində qeyd etmişdir: “İldırım müəllim, kəndimiz haqqında ətraflı məlumat yazdığınız üçün təşəkkür edirəm. Allah qismət eləsə bir dəfə səni apararam Mondigaha. Kənd ətrafında tədqiq olunası maraqlı yerlər çoxdur”.
Bəli, Allahın qismət etdiyi və səbirsizliklə gözlədiyim gün dünən baş tutdu.
Beləliklə, 16 avqust 2020-ci ildə səhər saat 09.40 dəqiqədə Lənkəran şəhərindən Lerikə, Mondigaya (Mondiqo) yola düşdük. Lənkəran şəhərindən Mondigah kəndinə getmək üçün Lənkəranın Darquba, Kərgəlan (Kaqəlonə), Şağlakücə, Qrunba, Narbağı, Rvo, Mollakənd, Şovu və Təngivan kəndlərini, Lerik rayonunun Piran, Hamarmeşə, Sivəkəran, Peştətük, Babagil, Günəşli (Ozobijon/Azərbaycan) kəndlərini, Lerik şəhərini, Cəngəmiran, Anbu, Blaband kəndlərini keçmək lazımdır. Bu yaşayış məntəqələrini bir-bir keçib, müəyyən dayanmalarla saat 11.36 dəqiqədə Mondigah (Mondiqo) kəndinə çatdıq. Kəndə asfalt yol çəkildiyindən rahat şəkildə getdik. Bu mənim Lerikə sayca üçüncü səfərim – gedişim idi. Məqsədim tək Mondigahı, Lerik şəhərini və digər yaşayış məntəqələrini görmək yox, eyni zamanda tarix və mədəniyyət abidələri ilə zəngin olan bu qədim diyarın arxeoloji, tarixi, dini və memarlıq abidələrində olub qeydlər götürmək idi.

Lerik şəhərində yerli əhəmiyyətli arxeoloji abidə – Cabir yaşayış yerində, yerli əhəmiyyətli memarlıq abidəsi – Cabir türbəsində, Mondigah kəndində “Astovə” (“Əsabə”) ziyarətgahında, yerli əhəmiyyətli arxeoloji abidə – Baba İsa qəbiristanlığında (XVIII əsr), yerli əhəmiyyətli memarlıq abidəsi – Baba İsa türbəsi (XVII əsr) və kənd məscidində oldum. Mondigahdan sonra ana yurdum Çayrud (Çayru) kəndinə getdik. Anam Lənkəran rayonunun Havzava kəndində doğulsa (1948) da, əslən Çayrud kəndindəndir. Çayruddan Rvarud (Rıvaru) kəndinə getdik. Mondigahdan Çayrud kəndinə getmək üçün Pendi kəndindən, Rvaruda getmək üçünsə Andurma kəndindən keçməli olduq. Pendi kənd məscidində, Çayrudda Baba İbrahim, Rvarudda isə Şahzadə Seyyid Əbulqasım türbəsində olduq. Anbu kəndindən Lerik şəhəri, Baba İbrahim türbəsinin olduğu yerdən isə Çayrud kəndini çox gözəl seyr etmək olur. Çayrud sanki “Bala Lerik şəhəri”dir.
Olduğum və uzaqdan gördüyüm kəndlərin müəyyən hissəsi dağın ətəyində, müəyyən hissəsi daşın başında, müəyyən hissəi dərədə yerləşir. Əzəmətli Talış dağları, Talış meşələri bu kəndlərə xüsusi gözəllik verir. XIX əsrin sonlarında Lerikdə arxeoloji qazıntı işləri aparmış fransız arxeoloqu Jak de Morqanın təbrincə desək (o Fransaya göndərdiyi məktubda Leriki “arxeoloji cənnət” adlandırmışdır) cənnətə düşmüşdüm. Lerik sözün həqiqi mənasında cənnətdir. Ulu tanrı buradan heç bir şey əskik etməmişdir. Rayonun təbiəti, gözəlliyi, dağların əzəmətiyaşıl meşələr, insanların dağ vüqarlı olması, qonaqpərvərliyi məni valeh etdi. Bir sözlə, “cənnət görmək istəyən Lerikə gəlsin!”
Saat 17.50 dəqiqədə Lerik rayonunu (Piran kəndi) tərk edib Lənkərana qayıtdıq.
Bu gözəl anları mənə yaşadan Böyük Allaha və onun mömin bəndəsi çox hörmətli Kərbəlayi Əlihüseyn Şərifova təşəkkür edirəm.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

P.S. Çox əfsuslar olsun ki, işsizlik problemi üzündən bu kəndlərdə yaşayan gənclərin əksəriyyəti kəndlərini tərk edib başqa yerlərə, xüsusilə Bakıya köçmüşlər. Mondigah kəndində əksər evlərin qapısını bağlı görəndə ürəyim ağradı.