Nərimangil üç qardaş idilər. Mənim kimi atalarını erkən itirmişdilər. Əziz kişi öz dövrünün ziyalılarından idi. Müharibə dövründə qatardan düşüb həlak olmuşdu.
Nərimangilin böyük qardaşı Xəlil, 1942-ci ildə orta məktəbi qurtarmamış, orduya səfərbər edildi, onu Qamışovka dəmir yol stansiyasından yola salanların arasında, mən də vardım. Xəlil müharibədən qayıtmadı.
Nərimanın uşaqlıq illərindən xəbərim olmadı. Lakin Komsomolda işləyərkən onu, o zaman Vaqo kəndində olan “Qırmızı ulduz” kolxozunda hesabat işçisi olduğunu görmüşdüm.
Nəriman 1956-cı ildə rayon Xalq Məhkəməsinin sədri işləyən, əsli Cəbrayıl rayonundan olan Süleyman Abbasovu əvəz etdi. O evli idi. Sanatoriyaların birində istirahət edərkən bir rus qadını ilə tanış olmuş, sonra onunla evlənmiş, bir qızı da olmuşdu. Ancaq qadın tündxasiyyət idi. Çox çəkmədi Rusiyaya – öz vətəninə getmək istədi. Nəriman getmədi. Qadın bildiyinin elədi. Ayrıldılar, daha onlardan səs çıxmadı.
Nəriman sonralar, hələ, Astara rayon xalq Məhkəməsinin sədri işləyərkən onun katibəsi olmuş Qəmər Abdullayeva ilə evlənmişdi.
Nərimanla tanışlığım, hələ RPK-də şöbə müdiri işlədiyim dövrdə başlandı. İşdən sonra Astaranın Mərkəzi küçələrində o baş-bu başa dolaşardıq, vaxt keçirərdik.
O vaxt milis idarəsinin həyətində voleybol meydançası vardı, çox vaxt orada oynayardıq.
Bir gün mənə dedi ki, “lyubitelski prava” almaq üçün kurs təşkil ediblər, biz də gedək iştirak edək. Dedim, əşşi, bizim maşınımız hardaydı ki, sürək. Dedi “obilqasiyamıza maşın düşər”. Kursu keçdik, prava aldıq, ancaq nə o və nə mən maşın sürmədik.
1962-ci ildə rayonumuzu Lənkəran rayonu ilə birləşdirdilər. Nəriman Lənkəran xalq məhkəməsində, ikinci hakim işlədi. 1964-cü ildə Lənkərandan ayrıldıq və Nəriman yenidən Astara rayon xalq Məhkəməsinin sədri seçildi. Lakin bu uzun sürmədi, onu əvvəlcə Kəlbəcərə sonra Jdanova(Beyləqana) xalq hakimi göndərdilər.
1980-ci ildə Nərimanın baxtı qırıldı. Qardaşı Heybətin dövlət əmlakını mənimsəməsi üstündə həbsxanaya düşdüyünü ona irad edərək onun namizədliyini irəli sürmədilər. Lakin Ədliyyə nazirliyinin işçisi kimi Astara rayon notariat kontoruna müdir təyin etdilər.
Bir neçə il Nəriman, Osman və mən mehriban yoldaşlar kimi özümüzü elə aparırdıq ki, astaralılar həsədimizi çəkirdilər, hətta bizə aşkar deyərdilər. Bir yerdə yemək yeyir və mənim maşınımla evə gələrdik.
Lakin Nəriman artıq xəstə idi. İki il əvvəl böyrəyində cərrahiyyə əməliyyatı aparılmışdı. Yeriyəndə sol tərəf üstə azacıq əyilirdi.
Bir gün işdən evə gələndə oğlu da yanında idi. “Savalan” ticarət mərkəzində maşını saxlamağı xahiş etdi. Oğluna nə isə alacaqdı. Lakin olmadı. Satışda ballonlarda alma şirəsi vardı. Bir balon alma şirəsi açdırdı, özü iki stəkan içdi, bizə də içizdirdi. Maşına mindik və aparıb evlərində qoyub evə gəldim.
Səhəri, Nəriman işə gəlmədi. Nə olar! –dedim. Yəqin vacib işi olub. İş yerimiz qapı və qapı idi. Ikinci günü, Nəriman işə gəlməyəndə: -Nə isə olub – deyə şübhələndim. Evlərinə zəng çaldım. Dedilər ki, həmin işdən gəldiyimiz günün axşamı onu böyrək ağrısı tutdu, ağır vəziyyətdə Bakıya –xəstəxanaya apardılar!..
İki gündən sonra meyidini gətirdilər!
İnsanın ən yaxşı xasiyyətlərini özündə birləşdirən N ə r i m a n aramızdan belə getdi. Mən isə onu heç vaxt unuda bilmirəm!
Allah ona rəhmət eləsin!
Yusif Əliyevin
Xatirələrindən
Astara, Pensər