Son günlər LDU ətrafında yaranmış əsassız söhbətlərə aydınlıq gətirmək məqsədilə bəzi fikirlərimi bildirmək istəyirəm.
İddia olunur ki, LDU tələbələrindən bir neçəsi hansısa bəyanatı yayarkən polislər tərəfindən həbs olunublar.
Onu qeyd edim ki, bəyanat universitetə aiddirsə, o bəyantatı universitetin tələbəsi verirsə, onda gəlsin universitetə və müvafiq quruma sivil qaydada təqdim etsin. Sözügedən hadisədə isə üç tələbədən yalnız biri LDU-nun tələbəsidir, digərləri isə başqa ali məktəbin tələbələridir. Məqsəd nədir? Məgər bizim tələbələrimizin müraciətləri baxılmamış qalıbmı? Xeyr! Biz bütün müraciətlərə baxıb, müvafiq qaydada cavablandırırıq. “Əski əlifba” fənnindən narazılığını bildirən tələbənin yazısını arşdıranda bəlli oldu ki, həmin tələbə heç də yazının bütün vərəqlərini göndərməyib, yalnız yarısını göndərə bilib. Buna baxmayaraq nəticələrə humanist yanaşan müəllim tərəfindən də qiymətləndirilib və tələbə imtahandan müsbət qiymətlə keçib. Demək, qiymətdən narazılıq süni şəkildə, kənar təsir vasitəsi ilə qabardılıb. Bəyanatın oxunuşu Universitetə aid olmayan ərazidə asayişi pozmaqla səsləndirmək istəyərkən polis tərəfindən həbs olunanlar hansı əsasla Universiteti günahlandırırlar.
Digər bir iddia, guya universitetdə rüşvət və korrupsiya var. Son beş ildə LDU-da aparılan islahatları nəzərdən keçirsək, tam əminliklə deyə bilərik ki, bu Universitetdə rüşvət YOXDUR!!! Bunu böhtanı yazanlar da yaxşı bilirlər. Bütün burada təhsil alan tələbələr və onların valideynləri bilirlər ki, tədrisin keyfiyyəti ildən ilə yüksəlir və hər sahədə şəffaflıq təmin edilib. Əvvəlki illərdə buna cəhd edən müəllimlər də universitetdən uzaqlaşdırılıb. Maraqlıdır ki, bəyanat yaymaq istəyənlər bir tərəfdən Universitetdə rüşvətin olduğunu iddia edirlər, digər tərəfdən isə, belə hallara cəhd etdikləri üçün uzaqlaşdırılan müəllimləri geri çağırmağı tələb edirlər. Məntiq hardadır?! Yalan, böhtan yazmaqdansa, gəlib hər şeyi öz gözü ilə görmək daha doğru və ədalətli olardı. Son beş ildə iki yeni tədris korpusu tikilmiş, biri əsaslı təmir edilmiş, bir yeməkxana, 160 yerlik oğlanlar üçün müasir tipli yataqxana, 52 yerlik qızlar üçün yataqxana, dəvət olunmuş professor-müəllim heyəti üçün yaşayış mənzilləri, ən müasir avadanlıqlarla təchiz olunmuş beş müxtəlif tədris laboratoriyaları, aqrar ixtisaslar üçün tədris-təcrübə sahəsi, əlavə olaraq beş ha təsərrüfat üçün sahə ümumilikdə Universitetin inkişafı deyilmi? Heç ondan yazan yoxdur! Bütün bunlar prof. Natiq İbrahimovun rəhbəliyi və səyi ilə həyata keçirilib. Qısa zamanda görülən bu qədər işin müqabilində böhtan və iftira dolu yazılara tələbələrimiz haqlı iradlarını da bildirəndə adını “trol” qoyurlar. Axı bu tələbələrimizdirlər ki, bu yaxınlarda Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olmuş, qanı və canı bahasına torpaqlarımızı azad etmişlər! Onun müqabilində belə böhtanmı olar??
Tələbələrin mənzil şəraitni iddia edənlərin xəbəri varmı ki, 160 yerlik yataqxanada cəmi 52 nəfər yaşamaq istədi? Yazarkən, hər şeyi öz gözlərinizlə görsəniz yaxşıdır!
Nəhayət, “Talışşünaslıq” ixtisasının mövcudluğuna gəlincə, onu deyə bilərəm ki, mənim universitetdə 1994-cü ildən fəaliyyətim dövrdə belə bir ixtisas olmamışdır. Kafedranın yaradılmasına gəlincə isə, onu deyim ki, universitet təhsil ocağıdır, elmi-tədqiqat institutu deyil. İxtisas açmaq asan deyil. İxtisasın açılması üçün isə bu dilin bütün sahələrini əks etdirən elmi mənbələr, müxtəlif tədris materialları olmalıdır və bu mənbələr, materiallar əsasında universitet kadr hazırlaya bilər. Arzu edirəm ki, talış dilçi alimlərimiz bu boşluğu doldursunlar, yazarlarımız da talış dilində bədii əsərlər yaratsınlar ki, bunların əsasında dərsliklər yazılsın. Elmi-tədqiqat institutları isə tədqiqat aparıb talış dilinin incəliklərini üzə çıxarsınlar. “Talışşünaslıq” şöbəsi də o institutlarda açıla bilər.
Göründüyü kimi, “tələbələrin” bəyanatındakı iddialar böhtandır, və digər məsələlər isə ümumən Lənkəran Dövlət Universitetinə aid deyil.
Sivil müzakirəyə həmişə hazırıq və haqlı olduğumuzu da əyani şəkildə göstərməkdən çəkinmirik.
Kamran Kazımov,
filologiya elmləri namizədi,
dosent, Universitetin sosial
məsələlər üzrə prorektoru