Heydərbaba, yenə halım yamandı,
Ürəyimiz gülmür xeyli zamandı,
Bu günümdə gen dolanma, amandı!
Bu millətin beli yenə büküldü,
Yetişməmiş meyvələri töküldü.
Xoş günümüz uçub ərşə çəkildi,
Oyun qurdu şeytan, yenə əkildi,
Günlərimiz indi əkil-bəkildi,
Quşlar deyir: İsa, tapdın? Musa, yox!
Belimizi dikəltməyə əsa yox.
Çörək çıxıb yenə ceyran belinə,
Dil-dil ötən sərhəd qoymur dilinə,
Ac qurdların fürsət düşüb əlinə,
Talayan kim, yalayan kim, çapan kim,
Ulaşaraq millətini qapan kim.
Həya getdi, abır-ismət tükəndi,
Bəslədiyim güllər qara tikəndi,
Acgöz olan aclara göz dikəndi,
Zalımların əllərində vay olduq,
Ömür getdi, gurda, quşa pay olduq.
Şeytan tökür başımıza daşları,
Təbib kəsir pambıq ilə başları,
Əzrail də biçib-tökür yaşları,
Ormandakı qurulara dəyməyir,
Varlıların qapısını döyməyir.
Xəbəri yox Allahın öz qulundan,
Subayından, evlisindən, dulundan,
Xəbər yoxdu körpələrin pulundan,
Millilərin gözünə mil bataydı,
Küçələrdə kartof-soğan sataydı.
Qaz bahadır, tüstüləyir buxarı,
Düşmənlərə verir qazı, yox arı!
Enən yoxdur, hər şey qalxır yuxarı,
Bəxtimizin qalxmağına güman yox,
Qansızlardan bir qətrə qan uman yox.
Bitən deyil, bu millətin dərdi çox,
Dərdli ürək gəzdirənin mərdi çox,
Fərmanları xırdalasan, sərti çox,
Yaman imiş sapı bizdən olanlar,
Çöldən gəlib içimizə dolanlar.
Qırılanlar dərdin deyə bilməyir,
Əli yetmir, qapı döyə bilməyir,
Bayramda da təzə geyə bilməyir,
Canımızdan savayı hər şey baha,
Kasıbların işi qalıb Allaha.
Novruz gəlib kəsdiribdir qapını,
Kim doldurar kasıbların qabını?
Allah kəssin baltaların sapını!
Dərdimizi ərşə yazan olaydı,
Hər ocaqda dolu qazan olaydı!
Məmməd Əvəzoğlu
Masallı, Boradigah
18.02.2021