Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində ziyarətdə olublar.

Dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə Heydər Əliyev Fondunun məsul əməkdaşı tərəfindən məlumat verildi:

-Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır.

Prezident İlham Əliyev: Salam.

Alban Udi Xristiyan Dini İcmasının sədr müavini -Rafiq Danakari:

Salam bizim əziz Prezidentimiz, Müqəddəs Məryəm Ana Kilsəsinə xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Azərbaycanı qorusun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Prezident İlham Əliyev Alban Udi Xristiyan Dini İcmasının sədri Robert Mobili və icmaının üzvləri ilə salamlaşır və söhbət edirlər.

Prezident İlham Əliyev kilsənin, yenidən açılışı olması haqqında sualına isə Alban Udi Xristiyan Dini İcmasının sədr müavini Rafiq Danakari belə cavablandırır:

-Bizim müdrik Prezidentimiz, Mənim xahişim ilə kilsəmiz yenidən bərpa edildi.  Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Burada çalışan Həydər Əliyev Fondunun  Prezidentinə, tikinti şirkətinin rəhbərliyinə  və bütün bərpa işlərində çalışan fəhlələrə dərin minnətdarlığımızı bildiririk. Allah Sizlərdən razı qalsın.

-Cənab Prezident, Siz noyabrın 24-də Ağdam məscidinin önündə olandan dörd gün sonra mən də orada idim, Siz bütün dünyaya bəyan etdiniz ki, işğaldan azad olunmuş torpaqlarda biz kilsələri, məscidləri, monastırları bərpa edəcəyik, udi qardaşlar buraya gələcəklər. Siz bizi yaşatdınız. Biz oraya getdik, cənab Prezident. Biz Xocavəndə, Tuğa da getdik. Necə dediniz ki, Udi qardaşlar buraya gələcəklər, bəli, biz gəldik.

Prezident İlham Əliyev: Elədir, tarixi ədalət bərpa edildi.

– Sizə cansağlığı, uzun ömür arzulayırıq, Allah Sizi və ailənizi qorusun. Biz bu kilsədə də, bizim Yelisey adına kilsədə də, Qarabağda da daim dua edirik.

Kilsəyə daxil olaraq söhbət davam edilir:

Prezident İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz – həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.

Prezident İlham Əliyev: Sağ olun, bütün udi qardaşlarımıza, bütün icma nümayəndələrinə salamlarımızı çatdırın. Siz bilirsiniz, mən birinci dəfə deyil buradayam, üçüncü dəfədir. İkinci dəfə gələndə məktəbin açılışı oldu.

-Robert Mobili: Bəli, çox gözəl yadımızdadır. Məktəbdə olduq.

Prezident İlham Əliyev: İndi mənə dedilər ki, bir məktəbin də təmirinə ehtiyac var. 1968-ci ildə tikilmiş məktəb yararsız vəziyyətdədir. O göstərişi də verəcəyəm. Sərəncam da imzalanacaq ki, o məktəbi də bərpa edək. Lazım olan bütün başqa işlər də görüləcək. Mən hər zaman sizin yanınızdayam.

Rafiq Danakari: -Çox sağ olun. İki məktəbimiz var, hansı ki, yaşı 150 ildən çoxdur.

Prezident İlham Əliyev: İki məktəb?

-Bəli. Çox gözəl etnoqrafik muzeyimiz var.

Prezident İlham Əliyev: Təmirə ehtiyacı olan iki məktəbdir, yoxsa, bir məktəb? Mənə 4 nömrəli məktəb dedilər.

-İki.

Prezident İlham Əliyev: Biri hansıdır?

-Bir nömrəli məktəb.

Prezident İlham Əliyev: Bir və dörd.

-Bəli. 5 nömrəli qədim məktəbin həyətində kilsə də var. Amma bir nömrəlinin yaşı 150-dən çoxdur.

Prezident İlham Əliyev: O biri məktəblərin vəziyyəti necədir?

-O da pisdir.

Birinci xanım Mehriban Əliyeva: Mən tapşıraram Heydər Əliyev Fondunun xətti ilə təmir olunsun.

Robert  Mobili:-Cənab Prezident, bizim müqəddəs kitab birinci dəfə latın əlifbası ilə alban dilinə tərcümə olunub, onu Sizə hədiyyə edirik. Birinci dəfədir, hələ heç təqdimatını etməmişik. Müqəddəs kitabdır.

Prezident İlham Əliyev: Alban dilində?

-Bəli, özümüz tərcümə etmişik. Özü də Rafik müəllim tərcüməçidir. Biz burada 49 hərfdən istifadə etdik.

Prezident İlham Əliyev: 49 hərf var?

Rafiq Danakari: Qədim 52-dir, biz bunu 49 etdik ki, kompüterdə işləmək üçün yüngül olsun. Burada bizim məktəblərdə latın əlifbası əsasında 4-cü sinfə kimi ana dili dərsi keçirilir.

Prezident İlham Əliyev: Çox yaxşı, alban dili də yaşasın, bütün udilər bilməlidirlər.

Prezident İlham Əliyev: O, öz yerində, Azərbaycan dili dövlət dilidir. Amma, alban dili təkcə məişətdə yox, burada udilər arasında geniş istifadə olunmalıdır.

Robert Mobili: Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

Sonda isə Müqəddəs Yelisey adına kilsədə Alban Udi Xristiyan Dini İcmasının sədr müavini Rafiq Danakari və üzvləri ölkə Prezidentə və ailəsinə dualar etdi.