Sabah saat 14.02-dən “Böyük çillə”, yəni qışın sərt addımları başlanır.Böyük çillə 40 gün davam edəcək və yanvarın 29-da 20 gün davam edəcək kiçik çillə başlanacaq. El arasında kiçik çilləyə ” kiçik qardaş” da deyirlər.Bəzən də deyərdilər ki, böyük qardaş avamdır, kiçik qardaş bəladır. Bu ənənə Azərbaycan, Türkiyə və İranda indi də davam edir.
Yadıma gəlir ki, qarpızın ən möhkəm olanından bir-ikisini seçib zənbil materalından toxunmuş səbətdən evin sərin yerində asardılar ki, qışa salamat qalsın. Uşaqlıqda ürəyimiz qarpız istəyəndə yuxarıdan asılmış qarpıza o qədər baxardıq ki, ağzımızın suyu axardı. Böyüklər də bizi başa salardılar ki, o qarpıza əl dəymək olmaz. Çillə baba gələndə kəsib hərəmizə pay verəcək. O zamanlar hər adət-ənənə yerində idi. Kasıbı da, varlısl da gərək çillədə qarpız kəsəydi. Çünkü həmin gecə qışın ən uzun gecəsidir ki, ona “şəbi-yelda”(fars) deyərlər.
Mən dediyim ” o zamanlar” kəlməsində 60-cı illərin sonu, 70-ci illərin əvvəllərini nəzərdə tuturam. Mənim uşaqlıq-yeniyetməlik illərim o vaxtlara düşür. Onda qışın da, çillənin də ləzzəti bam-başqa idi. O qədər qar yağardı ki, bizim boyumuzdan yuxarı. Heç həyətdən yuxarı çıxardıq ki! Üşümək nə olduğunu bilməzdik. Qarın altına tunel qazıb ev düzəldərdik və günümüzün çoxunu o ” evlərdə” keçirərdik. Maraqlısı bu idi ki, qarın altında soyuq da olmazdı. Hətta balaca tonqal da yandırardıq.
Mən Cənubi Azərbaycanda Kəndivan kəndində olanda bu uşaqlıq macəram yadıma düşdü. Kəndivanda dağları oyub içində otaqlar salıblar. Yayda 40 dərəcə istidə gördülər ki, yoldaşım üşüyür, bir adyal gətirib çiyninə atdılar. Soruşdum bəs qışda otaqlar soyuq olmur? Dedilər yaza kimi qar örpəyi ərimir və içəriyə soyuq buraxmır.
Qayıdaq yenə uşaqlıq dövrümüzə. Allah elə bil qışda camaatın üstünə xeyir-bərəkət tökürdü. Atam axşamüstü tüfəngini çiyninə atıb qarı yara-yara ova gedirdi. Gecə yarısına, bəzən səhərə qədər isti peçin yanında oturub onu gözləyərdik. Gecə odun peçinin çırtıltısından başqa heç kimin səsi çıxmırdı, çünkü hamı həyəcanlı söhbətini öz içində edirdi. Pilləkəndə möhkəm ayaq səsləri gələndə, bilirdim ki, atam gəldi. Onun adəti idi, pilləkənə girəndə uzunqoc çəkmələrinin qarını çırpardı. Sonra da otağa girib quş dolu tor setkanı qapı ağzına qoyardı. Anam quşları ayırib sayardı: beş dənə ördək, yeddi dənə qaşqaldaq, on iki dənə gəraf, dörd dənə ger..Mən də həvəslə baxardım. Hərdən atam mənə azca yaralı olan diri quş gətirərdi. Sabahı gün isə doyunca oynadığımı bilib deyırdi:
— Ver kəsim, yaralıdır. Yazıq əziyyət çəkir..
Nə deyə bilərdim ki? Quş o qədər çox olurdu ki, möhkəm şaxta olanda adamlar gedib istilin buzu üstündə quşlarl diri-diri tuturdular. Hətta yazıq quşlar həyətlərə gəlirdilər. Biz öz uşaq düşüncəmizlə ağacların dibində cələ qurub gündə 5-6 qaratoyuq tuturduq.
Bəli, qış o zamanlar çox sərt keçirdi. Bizim evin dalından çay keçir. Səhərlər buzun üstündə sürüşə-,sürüşə məktəbə gedirdim. Məktəbimiz də çayın kənarlnda idi. Məktəbə gedəndə, gələndə əlimi quş yuvalarına soxub diri qaratoyuq tuturdum, amma atamın qorxusundan gizlədirdim. Dərsdən sonra qaçırdıq çayda xokkey oynamağa. Xokkeyin əyri taxtasın düzəltməyi öyrənmişdi. Kim çox qol vururdu özünə Xarlamov deyirdi (keçmiş rus kokkey oyunçusu).
Qışda ən vacib işlərdən biri həyətdə quyu başına və başqa lazım olan yerlərə yol açmaq idi. Bu işi çox sevirdim. Evlərin üstündə qar bəzən bir metirə çatırdı. Hamının evində qar siyirən var idi. Evin kişiləri qarı evin kümündən siyirib aşağı tökürdülər ki, qarın ağlrlığından küm yatmasın. O qədər çökən kümlər olurdu ki.
Səhərlər evlərdən uzun-uzun sırsıralar sallanardı. Bizə xəbərdarlıq edırdilər ki, sırsıranın altı ilə getməyək. Qışda dükan-bazara getmək də çətin idi. Yollar buz bağlayardı. 70-ci illərin əvvəllərində idman müəllimimiz Mikayıl Həşimov camaatın gözünün qabağında buz üstündə sürüşüb yıxıldı və rəhmətə getdi. Ova gedib şaxtaya düşüb qayıtmayanlar da olurdu.Mollaobalı bir ovçunun ( adı yadımda qalmayıb) da taleyi belə olmuşdu.
Bəli, hər şey onda ləzətli idi, çillə də, dərdsiz-qəmsiz uçaqlıq da. Böyüdükcə çillənin nə olduğunu anlanağa başladım. Uşaq doğulurdu, onu 40 gün çilləli adamlardan gizlədirdilər. Əgər evə çilləli adam qonaq gəlirdisə, əvvəl uşağı çıxardırdılar çölə, o adam otağa girirdi, sonra uşağı otağa salırdılar.
Toydan sonra çilləni gözləmək vacib idi. Bəy-gəlin 40 gün ehtiyatlı olmalı idilər. Evdə bu işləri qaynana gəlinə başa salırdı. Bəy də çöl-bayıra çıxanda iki qadın arasından keçməməli idi və s.
Hüzürdə rəhmətə gedənin 40-nı gözləmək indi də vacib bir ənənədir. Sibir tərəflərdə yaşayan adamların həyatına aid filmlərə baxanda hüzürün bizim adətlərə bənzər 40 ənənəsini çox müşahidə eləmişəm.
Məmməd Əvəzoğlu
Masallıı, Boradigah
20.12.2021