XANIM ZƏHRAYA ZÜLM OLDU

Dənizlərdə əsən mehlər, küləklər də fəğan eylər,
Çəmənlərdə solan güllər çiçəklər də fəğan eylər,
Səmadə ahu vay ilə mələklər də fəğan eylər,
Dönüb çərxin üzü, hətta fələklər də fəğan eylər,
Bu eşqin atəşi sönməz, ürəklərdə fəğan eylər,
Xanım Zəhrayə zülm oldu, əza əyyami başlandı.

Ucaldı naləsi ərş üstə Tahanin, bilirsənmi?
Belin bükdü müsibət şahi-valanın, bilirsənmi ?
Düşübdür qiyməti gözdən bu dünyanın bilirsənmi?
Niyə gizlində qaldı qəbri Zəhranın, bilirsənmi?
Nədir sirri bu sirrin, bu müəmmanın, bilirsənmi?
Xanım Zəhrayə zülm oldu, əza əyyamı başlandı.

Bu zülmə ərşü fərş ağlar, zəminü asiman ağlar,
Cahan ağlar, cahanda hər nə varsa insü can ağlar,
Xanım Ümmül Bənin, qolsuz Ələmdar bağrıqan ağlar,
Xanım Zeynəblə, Ümmü Gülsüm olmuş natəvan ağlar,
Bu dərdə, mohnətə səbr ilə, Şahi-vəzzaman ağlar,
Xanım Zəhrayə zülm oldu, əza əyyamı başlandı.

Çıxar bir gün ədalət təxtinə şahi-vila Məhdi,
Alar Ali-Mühəmməd intiqamın bavəfa Məhdi,
Xanim Zəhra əzasında olub Şahi-əza Məhdi,
O dəm ki, səslədi Zəhra xanım ədrikni, ya Məhdi,
Bu zülmün qarşısında eyləyər ahü nəva Məhdi,
Xanım Zəhrayə zülm oldu, əza əyyamı başlandı.

O zalim bilmədi zülm eyliyən axır ölər bir gün,
O zalim bilmədi məzlumun ahi yüksələr bir gün,
Gələr həqq sahibi zalımların bağrın dələr bir gün,
Gözü yaşnan dolan məzlum Qiyamətdə gülər bir gün
Rəsulullah buyurmuşdur olar bir gün, nələr bir gün,
Xanım Zəhrayə zülm oldu əza əyyamı başlandı.

Zəlil olsun o əllər, dərgəhi-Tahani yandırdı,
Belə bir hadisə sanki bütün dünyani yandırdı,
Bu atəş gör nə atəşdir, tamam dəryanı yandırdı,
Susuzluqdan olub viran, yanan səhranı yandırdı
Belə müdhiş müsibət Möhsüni-Zəhrani yandırdı,
Xanım Zəhrayə zülm oldu əza əyyamı başlandı.

Yaz, ey əhli-qələm şəxsiyyəti-Zəhranın həqqində,
İki, cənnət ağası ziynəti-Zəhranin həqqində,
Danışmaqla tükənməz isməti-Zəhranın həqqində,
Qələm acizdi yazsın hikməti-Zəhranın həqqində,
Rəşad, zikr eylə daim Həzrəti-Zəhranın həqqində,
Xanım Zəhrayə zülm oldu əza əyyamı başlandı.

ALLAHDAN UZAĞ EYLƏDİ

Dünya çoxun Allahdan uzağ eylədi hətta
Güldü elə bir tə”n ilə, lağ eylədi hətta

Dünya ona meyl eyliyən insanları bir-bir
Hər şamu-səhər keyfə qonağ eylədi hətta

Xeyli uca qamətlini diz üstünə saldı
Yixdi, sürüdü qəlbini dağ eylədi hətta

Çəkdi çoxunun başına bir ləhzə siğalda
Başından alıb əqlin, uşağ eylədi hətta

Saldı iki Qardaş arasında elə fitnə
Can qəlbləri qanlı qanlı bıçağ eylədi hətta

Başiyla ayağ üstə duranlarda çox idi
Güc göstərib axır baş-ayag eylədi hətta

Amma ki,bu dünyadə elə mərd Kişilər var
Dünyaya düz üç də’fə təlağ eylədi hətta

Cəhd eylə Rəşad, din ilə iman ilə ömr et
Kimsə dəməsin küfrə marağ eylədi hətta

Kərbəlayi Rəşad Abdullaoğlu

Bakı, Zabrat

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO