Şərəfli bir ömür yolu keçmiş bir insandan sizlərə danışmaq istəyirəm. Hüquq elmləri doktoru, professo, yüzlərlə elmi monoqrafiyaların, məqalələrin, bir çox elmi kitabların, dərs vəsailərinin müəllifi ömrünün 70-ci baharını tamamladı.
Yubiley ərəfəsində iyirmi iki il əvəl olub-keçənləri xatırlayanda gərgin, dəyərli fəaliyyəti ilə cəmiyyətdə xətir-hörmət qazanan, daşıdığı vəzifəsi ilə qanunun aliliyini qorumuş bir şəxsiyyət gözümün önündə canlandı. Hansı ki, o şəxs həmişə xalqına xidmət etməkdən zövq alıb. O dövrdə vəzifədə olmaq və bu çətin missiyanı can-başla həyata keçirmək olduqca çətin idi. 70 illik ömrünün yarım əsrini dövlətinə, xalqına sərf etmiş İbrahim Quliyev bu gün də xalqın yaddaşında yaşayır.
O, Astara rayonunda istər polis rəisi, istərsə də rayon icra hakimiyyətinin başçısı kimi daşıdığı vəzifənin öhdəsindən məsuliyyətlə gəlirdi. On ilə yaxın dövr ərzində Astaranın iqtisadi, sosial, mədəni sahəsində bir çox uğurlara imza atdı. Rayonun inkişafından ötrü səylə çalışaraq yerli camaatın hörmətini qazandı. O, rəhbərlik etdiyi dövrdə rayonda bir çox mədəni, kütləvi tədbirlərin-yubileylərin, kitab təqdimatlarının, istedad festivallarının yazarların yaradıcılıq gecələrinin keçirilməsinin təşəbbüskarı kimi gözəl bir ənənə yaratdı. Rayonda onlarla istedadlı gəncin üzə çıxarılmasına, onların musiqi təhsili almasına böyük dəstək oldu.
Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə onun Astaraya icra başçısı təyin olunması astaralıların sevincinnə səbəb olmuşdu. Çünki o, rayonda polis rəisi işləyərkən bu böyük etimadı qazanmışdı.
Bir jurnalist kimi çalışdığım illər ərzində müxtəlif xarakterli həmsöhbətlərimdən özüm də nəsə öyrənmiş,g örüb-götürmüşəm. O dövrdə müsahiblərimdən biri də Astaranın hərbi komendantı rayon polis şöbəsinin rəisi, polis polkovniki İbrahim Quliyev olub. O, çalışdığım “Astara” qəzetinə, onun mehriban, səmimi kollektivinə xüsusi dəyər verir, fəaliyyətimizi qiymətləndirirdi. Onun haqq-ədalət tərəfdarı olduğunu biləndə onunla həmsöhbət olmuşdum. Axı qərəzsiz, əqidəsi dəyişilməz jurnalist də haqqın, ədalətin cəfakeşi, əsiridir.
Aradan illər keçsə də, bu gün Astarada, xüsusən yaşlı sakinlər İbrahim müəllimi xoş xatirələrlə yada salırlar. O, özünü Astaranın fəxri vətəndaşı saydığından uzun illər keçməsinə baxmayaraq rayonun xeyir-şərində iştirak etməyi, yerli camaatın sevincinə, kədərinə şərik olmağı özünə mənəvi borc sanır.
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin əzizlərinin yanında olmağı, onun bu torpağa, burada yaşayanlara necə dəyər verdiyinin bariz nümunəsidir.
İbrahim Quliyev hansı vəzifədə çalışmağından asılı olmayaraq Azərbaycan dövlətinə, dövlətçiliyinə həmişə sədaqətlə xidmət edib. Azərbaycan Respublikasının Əməkdar müəllimi kimi o, sonralar Milli Aviasiya Akademiyasında hüquqşünaslıq kafedrasının rəhbəri kimi uzun müddət çalışıb. Eyni zamanda müqəddəs müəllim peşəsində də özünü doğruldub.
22 il öncə dediyi sözləri xatırlayıram: ”Biz hər hansı işimizdə müəllim, tərbiyəçi olmalıyıq. Özümü həmişə bu simada təsəvvür edirəm. Sistem işçisi olmaqla yanaşı öyrətməliyik. Səhvləri düzəltməkdən ötrü tərbiyəçi olmalıyıq. Bir sözlə, universal amilləri özümüzdə təcəssüm etdirməklə nəyəsə nail ola bilərik.”
Hörmətli İbrahim müəllim, bu düşüncələrim sizin yarım əsirlik, dəyərli fəaliyyətinizin müqabilində dənizə düşən damcılardır…Sizi qədirbilən astaralıların adından yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Ümidvarıq ki, qarşıdakı ömrünüzü də xalqımıza, dövlətimizə sədaqətlə həsr edəcəksiniz.
Gülnar Əsədli