Əkbərov Valeh Asim oğlu fevral ayının 22-si 1996-cı ildə Lənkəran rayonu Boladi kəndində  dünyaya göz açmışdı. Orta təhsilini Bakı şəhəri Sabunçu rayonu 148 saylı orta məktəbində almışdır.  2013-cü ildə həmin məktəbi bitirmiş, 2014-cü ildə hərbi xidmətə yollanmışdır.  Hərbi xidmətin  ilk 3 ayını Gəncədə, sonra isə Daşkəsən və Murovdağı istiqamətlərində keçmişdir.  Hərbi xidməti başa vurduqdan sonra Valeh ailəsinin dolanışığı üçün müxtəlif işlərdə işləmişdir. Bakıda Dəmiryolu stansiyasında, oteldə, 28 Mall Ticarət Mərkəzində və maşın parkında mühafizəçi kimi işləmiş, sonradan İranın Ərdəbil şəhərinə iş üçün getmişdir.  Bir müddət orada gül dükanında çalışmışdır.

Valeh 2020-ci ilin oktyabr ayında səfərbərliklə bağlı orduya çağırılmışdır. Oktyabr-noyabr aylarında Füzuli və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Noyabr ayının ilk günlərində elə Füzuli rayonu ərazisində minamyot partlayışı nəticəsində şəhadətə qovuşmışdur.  Noyabr ayının 5-i yaşadığı Boladi kəndində torpağa tapşırılmışdır.

Ailəli idi, bir oğlu var.

Valeh Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə  “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bir ata üçün ən xoş duyğudur övladı haqda gözəl sözlər eşitmək…

 

Atası – Əkbərov Asim

Valeh haqqında danışmaq çox çətindir. Biz mələk xasiyyətli bir övladımızı itirdik. Qol-qanadımızı itirdik.  Həddindən artıq sakit təbiətli, sözəbaxan, ata-ananın qədrini bilən, hörmətini gözləyən bir uşaq idi. Elə məktəbdə də, ictimai yerlərdə də, qonşuluqda da, iş yerlərində  də çox gözəl və nümunəvi davranış göstərib həmişə. Həmişə başımızı uca edib, indi daha da uca etdi. Valeh özü necə zirvəyə yüksəldisə, bizi də zirvəyə qaldırdı. İndi onunla hamı qürur duyur, biz daha çox qürur duyuruq.

Həmişə deyərdi ki, “Ata, özünü darıxdırma, hər şey yaxşı olar, yaxşı işim olsun, kasıblıqdan qurtararam sizi”… Döyüş zamanı da zəng vurardı, deyərdi, “Hər şey yaxşıdır, darıxmayın”. Səsində də heç bir həyəcan, ya darıxmaq hiss etmirdik. Çox rahat idi, telefonda deyib-gülürdü, zarafat edirdi. Adam elə zənn edirdi ki, o, döyüşdən yox, istirahət mərkəzindən zəng vurur. O qədər aram və sakit idi.

Mən Bakıda öz iş yerimdən başqa elə də çox yeri tanımırdım. Valeh məni çox insanlarla tanış edirdi, çox yerləri göstərirdi. Həmin günü tez-tez xatırlayıram. Məni öz iş yeri və iş yoldaşları ilə tanış etdi. Hamı Valehdən razılıq edirdi. Onun necə yaxşı bir yoldaş olduğundan danışırdılar.  Bir ata üçün ən xoş duyğudur övladı haqda gözəl sözlər eşitmək.

Kin-küdurəti, ayrı-seçkiliyi sevməzdi. Hər zaman bir olmağı, birləşməyi, cəm olmağı istəyərdi. Elə ailədə də süfrə başında da istəyərdi ki, hamımız birlikdə mehriban olaq. Eləcə də iş yerində iş yoldaşları da bu mehriban xasiyyətindən danışardılar.

Qəlbində Allah sevgisi var idi. Son illərdə namaza başlamasına baxmayaraq onun əzəldən əyri yollara getməsi olmayıb. Siqaret, içki və başqa mənfi vərdişləri nəinki yox idi, heç vaxt  xoşu gəlməzdi.

Ən çox işlətdiyi sözlərdən biri “səbir elə” idi

Anası – Əkbərova Xədicə

Bütün övladlar analarını sevirlər, amma Valehin mənə sevgisi başqa idi. Elə mənim də ona sevgim tamam başqa idi.  Onun kimi bir oğulu itirmək adamı çox yandırır. Təkcə mənə yox, hər kəsə  hörmətlə yanaşardı,  mülayim və nəzakətlə davaranardı.  Məktəbdə oxuyanda da sinif yoldaşları, müəllimləri həmişə ondan razılıq edərdilər.  Hətta Daşkəsəndə hərbi xidmətdə olanda da nümunəvi xidmətinə görə tərifnamələri gəlmişdi. Komandirləri onun xətrini çox istəyərdilər.

Nə vaxt məni məyus görsə idi, ilk növbədə mənim könlümü alardı. İşdən evə gələndə ilk mənim yanıma gələrdi, hal-əhvalımı öyrənərdi, sonra gedərdi öz otağına.  Hətta evli idi, uşağı da dünyaya gəlmişdi, Valeh yenə əvvəl mənim yanıma gələrdi, sonra gedərdi ailəsinin, uşağının yanına. Dinə, Qurana bağlı idi deyə öyrəndiyi məsləhətlərə riayət edirdi.  Ən çox işlətdiyi sözlərdən biri “səbir elə” idi. Hər yerdə hamını səbirli olmağa çağırırdı.  Biz hərdən təəccüb edirdik ki, Valeh şəhərdə sərbəst böyüyən bir uşaq idi, hər cür mühitdən olan uşaqlar var idi, amma o heç vaxt əyri yollara meyl etmədi. Biz ona nəyisə qadağa qoyaq, harasa getməyinə icazə verməməyimiz yadıma gəlmir. Özü düşünüb yaxşını-pisi görüb, ayırd edib seçirdi.   Rayonda yaşamağı arzulayırdı. Deyirdi ki, Bakı çox səs-küylüdür, sakitçilik yaxşıdır.

Bayrağa çox sevgisi var idi. Təqribən 5-6 il bundan qabaq Bakıdakı həyətimizdə hündür bir su çəni var idi. Valeh özü çıxdı onu rəngləməyə. Bir də baxdıq ki, Valeh o su çənini üç rəngli bayraq formasında rəngləyib. Özümüz də o vaxt onun bu sevgisinə təəccüb etmişdik. Qonşular da yadımdadır, deyirdilər, necə vətənpərvər bir oğuldur… Daha bilmədik ki, bir neçə il sonra Valeh sevdiyi o üç rəngli bayraq uğrunda canını fəda edəcək.

Ən çox nigaranlığım, istəyim bu idi ki, kaş şəhid olan vaxtı onun yanında olaydım.  Heç olmasa,  son nəfəsində onu sinəmə sıxa biləydim… Bilmədim, oğlum necə şəhid oldu, necə canını tapşırdı, son anlarında nə istədi, kimi çağırdı, nə sözlər dedi?..

Valeh heç vaxt bizi incitmədi, bizi kasıblıqdan çıxarmaq idi bütün arzu-istəyi. Bu qısa ömrünü də elə bu məqsəd üçün yaşayırdı ki, biz yaxşı yaşayaq, başı uca gəzək, kiminsə yanında xəcalət çəkməyək. Yaşamağı, çalışmağı necə ki, bizim başımızın ucalığı üçün idi, elə ölümü-şəhidliyi ilə də bizim başımızı uca etdi.

Bir sevindirici hal var ki, şəhidlərimizin qanı yerdə qalmadı. Vətənimiz işğaldan azad olundu.

 

Qorxumdan kiməsə danışmadım bu yuxunu

Həyat yoldaşı – Cəmilə Əkbərova

 

Valeh haqqında nə qədər danışsam, bitməz.  Ailəcanlı, ailə dəyərlərinə çox sadiq bir həyat yoldaşı idi. Sakit və mülayim təbiətli idi. İnsan olaraq əvəzolunmaz bir insan idi. Ona həmişə deyirdim ki, sən insan simasında bir mələksən.  Heç kimi incitməzdi, qəlbinə toxunmazdı heç kəsin…  Ata-anasını da çox sevirdi, onların qayğısına qalardı… Heç nəyə tələsməzdi, hər bir işi səbirlə görməyi xoşlayardı.  Nəsə biz bir işə tələssəydik, onun ancaq dilində bu kəlmə var idi: “Səbir elə”.

Səliqə-səhmana çox fikir verirdi. Dağınıqlıq və səliqəsizlikdən heç xoşu gəlməzdi. Nəyəsə qadağa qoymazdı, amma harasa tək getməyimə icazə vermirdi. Deyirdi, “Hara gedirsənsə, anagillə, ya bacı ilə birlikdə get”.

Onunla yadda qalan çox günlərimiz, çox xatirələrimiz var. Uşağın doğum günü, ad günlərimizi həmişə maraqlı və yaddaqalan keçirərdik. Ümumiyyətlə, Valehlə keçən hər gün maraqlı və şirin idi. Çox gözəl günlər yaşatdı bizə…

Son telefon zəngi oktyabrın 31-i oldu. Səsində heç bir həyəcanı, qorxu hissi və ya qəmginlik hiss olunmurdu.  Deyirdi, “Məndən həftələrlə  zəng gəlməsə belə, narahat olma, oğluma yaxşı bax, ata-anamla həmişə sizi mehriban görmüşəm, çalışın, həmişə belə davam edin”.

O, bütün bu tapşırıqları elə zarafatla, deyib-gülərək deyirdi ki, mən o vaxt fərqinə varmırdım. Bütün bunları ancaq şəhidlik xəbəri gələndən sonra xatırlamışam.

Mənim doğum günümə aldığı bir hədiyyə var idi, onu yadigar saxlamışam. Ümumiyyətlə, Valehlə bağlı xatirəsi olan çoxlu dəyərli hədiyyələr var.

Şəhid olmamışdan bir neçə gün qabaq yuxuda gördüm. Gördüm, çətinliklə addımlayır, sanki nəsə ağır bir yükü varmış kimi… Amma mənə heç nə yoxmuş kimi görünmək istəyir, dik durmağa çalışır… Sonda bunu dedi ki, “Cəmilə, deyəsən, bizdə alınmaz”… Yuxunun bu hissəsində ayıldım. Qorxduğum üçün kiməsə danışmadım bu yuxunu. 1-2 gün sonra yaralı xəbəri gəldi, sonra da şəhid olduğu deyildi.

Dinə bağlı biri idi, namaz qılırdı, ayələri-hədisləri öyrənirdi. İnternetdən Hacı Şahinin, Hacı Ramilin söhbətlərini yükləmişdi. İşə gedəndə, işdən gələndə qulaq asardı. Ümumiyyətlə, qəlb qırmırdı bu adam, onu incitsələr də, o heç kimi incitmirdi. Onun yerinə mən narahat olurdum ki, axı niyə heç nə demirsən? Mənə də heç bir cavab vermirdi, sadəcə gülürdü, heç nə olmamış kimi davranırdı…

Ən çox arzuladığı şey maşın almaq idi. Sürücülüyü də oxumuşdu. Maşın sürməyi çox xoşlayırdı. Bir də oğlumuzu oxutdurmaq, ali təhsilli görmək istəyirdi. Yeniyetmələrin, məktəblilərin əlində telefon görəndə deyirdi, “Sizin əlinizdə kitab olmalıdır, telefon yox”. Xoşlamazdı, hətta öz kiçik qardaşına da qoymurdu, telefon işlətsin.

Nə qədər çətin olsa da, şəhidlik bir zirvədir. Valeh bizim üçün həmişə o zirvədə olacaq. Yeganə təsəllimiz budur ki, Valeh öz qısa və gözəl həyatına layiq bir zirvəyə ucaldı.  Biz də çalışacağıq ki, onun uca adına layiq olaq.

 

 

Valehlə bərabər olduğumuz o günlərimizə  geri dönə biləydik

 

Bacısı – Fidan Dadaşova

Valeh çox gözəl, əvəzolunmaz bir qardaş idi. Tez-tez hədiyyələr alardı, bizi gəzməyə aparardı. Biz sevinəndə, bizi sevincli görəndə o, bizdən çox sevinərdi. Nəinki bizi, ümumiyyətlə,  insanları sevindirməyi çox xoşlayardı. Anama hədsiz bağlı idi. Onun işləməyinə, əziyyət çəkməyinə heç vaxt razı olmazdı. Valeh kiçik yaşlarından işləməyə başlayırdı ki, təki anam işləməsin, əziyyət çəkməsin.

Arzuları, hədəfləri böyük idi. Həyatsevərliyi onun gələcək planlarından hiss olunurdu. Deyirdi, “Hər şey yaxşı olacaq, evimizi təmir edib bitirim, bizneslə məşğul olacağam, hamınıza köməklik edəcəyəm”.

Çox təəssüf, bütün arzuları ürəyində qaldı. Qardaşım haqqında danışmaq çox çətindir mənim üçün…

2020-ci ilin avqust ayı idi, Valeh kəndə gəlmişdi. Biz də həmən gecə onlara getdik. Çox dəyişmişdi. Sürücülük vəsiqəsi almışdı, çox sevinirdi. 1-2 saat birlikdə zaman keçirdik, deyib-güldük. Sonuncu görüşümüz olacağını haradan bilə bilərdim? Həmən gün Valeh mənə bir neçə dəfə təkrar-təkrar dedi ki, tez-tez gəlin, sabah da gəlin… Qapıda bizi ötürəndə, maşına minərkən yenə dedi ki, tez-tez gəlin. Bilsəydim ki, qardaşımı bir də görməyəcəyəm, onun dediyinə əməl edib tez-tez onu görməyə gələrdim. Maşının arxasınca baxmağı da heç yadımdan çıxmır… Qısa müddətdən sonra eşitdim ki, Valeh artıq cəbhəyə getmək üçün yollanıb.

Döyüşdə olanda tez-tez zəng vururdu. Bir gün də yoldaşıma zəng vurub demişdi ki, “Fidanı uşaqlarla yuxumda görmüşəm, hər şey yaxşıdır, inşallah”? Bunu da heç unutmuram. Döyüşdə də bizdən nigaran qalırdı.

Bir gün möcüzə olsa, onu bir neçə saatlıq görə bilsəm, nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Kaş əvvəlki günlərimizə qayıda biləydik. Bayraq asdığımız o evimizə, su çəninə bayraq rəngi boyanmış həyətimizə, Valehlə bərabər olduğumuz o günlərimizə geri dönə biləydik. Hansı ki, o həyətdə, o evdə bir qəhrəman böyümüşdü. Vətənini canından üstün tutan bir igid böyümüşdü o evdə. Allah igid, qəhrəman qardaşıma rəhmət etsin. İnanıram ki, onun yeri gözəldir, o cənnətdədir. Çünki Valeh cənnətini bu dünyada qazanmışdı.  Bütün şəhidlərin ruhu şad olsun. Vətən sağ olsun.

 Bir müddət sonra qardaşımdan zəng gəlmədi

 

Qardaşı – Taleh Əkbərov

Valeh çox yaxşı qardaş idi. Həmişə qayğıma qalardı, hər işdə dəstək olardı. Qardaşlıqdan əlavə sanki bir dostum idi. Çox gözəl, mülayim xasiyyəti var idi. Heç kimin xətrinə dəyməzdi, hamıya özü kimi hörmət edərdi. Ailəmizin yaxşılığı üçün çalışardı. Heç istəməzdi, atam, anam əziyyət çəksin. Həyatdolu bir insan idi.

Hər il “20 Yanvar”da Şəhidlər xiyabanına getməyi unutmazdı, şəhidləri ziyarət etməyi özünə borc bilirdi.  Ötən ilin “Bayraq Günü” həyat yoldaşı ilə şəhərdə olan tədbirə qatılmışdı. Bayraqlara sarılıb xeyli xatirə şəkilləri çəkdirmişdi. Ümumiyyətlə, Valeh bayrağımızı çox sevirdi.

Kəndimizə çox bağlı idi. Baxmayaraq ki, biz Bakıda yaşayırdıq, məktəbə gedirdik, Valeh həmişə kəndə gəlməyi arzulayardı. Kənddəki evimizi təmir edib birdəfəlik kəndə köçməyi planlayırdı. Elə də etdi. Bakıdakı işindən çıxdı, bütün işlərini yekunlaşdırıb rayona yaşadığımız kəndə gəldilər. Sanki bir daha qayıtmayacağını bilirdi. Ailəsi ilə bərabər Bakıdan gedəndə də mənə bərk-bərk tapşırdı ki, anagildən muğayat ol. Görüşdük, ayrıldıq. Üç gün sonra mənə rayondan zəng vurdu ki, hərbi komissarlıqdayam, döyüşlər başlayıb, mən də Vətəni qorumağa gedirəm.

O gündən sonra ordu sıralarına qatıldı. Tez-tez zəng edib danışardıq. Çox rahat idi, heç bir narahatlığın olmadığını deyirdi. Bir müddət sonra qardaşımdan zəng gəlmədi. Bir həftə idi ki, ondan zəng gəlmirdi. Çox narahat olmuşduq. Noyabrın 6-sı atama zəng vurdular ki, Valeh yaralıdır. Biz səhərisi kəndə gələsi olduq. Evimizə çatanda hər kəs bizdə idi. Bir gün sonra qardaşımın şəhid olduğunu öyrəndik. Həqiqətən, çox dəhşətli günlər idi. Heç vaxt Valehin yoxluğuna inana bilmirəm. Düzdür, şəhidlik çox uca zirvədir. Qürur duyuram ki, qardaşım o uca zirvəyə ucalıb. İnanıram ki, şəhidlər ölmür. Allah bütün şəhidlərə rəhmət etsin. Vətən sağ olsun.

 Axşam saatlarında mənə qəribə bir nömrədən zəng gəldi

İş yoldaşı , ailəvi dostu – İradə xanım

 

Valeh balamı, ilk dəfə Bakıda, işdə tanıdım, eyni yerdə işləyirdik.  Çox ağıllı, təmkinli, sakit bir uşaq idi. Vətənpərvərliyi də tez-tez görünürdü. Elinə-obasına çox bağlı idi. Bakıda yaşamasına baxmayaraq kəndini çox sevirdi. Hamının Bakıya köçməyə can atdığı bir halda Valeh deyirdi ki, doğma kəndimə Lənkərana köçmək, həmişəlik orada yaşamaq istəyirəm. Onun istəyi baş tutdu, doğma torpağına, yurduna həmişəlik köçdü, amma şəhidlik kimi bir uca məqamla. Deyərdim ki, doğulduğu o torpağı şərəfləndirdi öz üç rəngli bayraq bükülmüş şəhid tabutu ilə…

Vətən müharibəsi başlamamışdan 15 gün əvvəl Valeh ailəsi ilə bərabər qonağımız olmuşdu. Çoxlu zarafatlar etdik, dedik-güldük, şəkillər çəkdirdik. Nə biləydik ki, həmin gün Valehlə son görüşümüzdür?!

O, çox qeyrətli oğul idi. İşdə müharibə olacağı barədə söhbət düşəndə o, hamıdan əvvəl dinib deyirdi ki, “Mən gedəcəyəm”. Elə də oldu, heç kimə xəbər vermədən çıxıb getdi.  Zəng vurduq Valehə, zəng çatmadı. Yoldaşına zəng vurub danışanda bildim ki, Valeh artıq Füzulidədir-şiddətli döyüşlərin getdiyi bir yerdə…

Şəhid olmamışdan 3 gün qabaq axşam saatlarında mənə qəribə bir nömrədən zəng gəldi. Açıb səsindən tanıdım ki, Valehdir, sevincimdən şokda idim. Çünki döyüşün qızğın vaxtı əsgərlərimiz öz evlərinə, doğmalarına zəng vura bilmədiyi bir vaxtda Valehin məni yad etməsi, zəng vurması, həqiqətən, çox böyük sevinc idi. Yoldaşımla və mənimlə danışdı. Dedi, “Hamınız üçün darıxmışam, Muradım üçün lap çox darıxıram, inşallah, mən qayıdana yeriyər, götürüb gələrik sizə, yenə əvvəlki kimi birlikdə olarıq”.  Dedim, təki sən gəl, biz özümüz gələrik sənin ziyarətinə.

Təəssüf ki, məzar ziyarətinə getmək nəsib oldu.

Şəhid olduğu xəbəri yayılanda mən xəstəxanada idim. Əvvəlcə adını, soyadını dedilər, dedim, inşallah o olmaz. Sonra şəklini göndərdilər, çox pis oldum, sanki qolum-qanadım qırıldı. Çünki öz oğlanlarım mənim üçün necə əzizdirsə, Valeh də mənim üçün o qədər doğma və əziz idi. Həmin vaxt Valehin yoldaşına zəng vurdum ki, görüm, o nə deyir… Mənə dedi ki, “Valeh ayağından yaralıdır, evə gətirirlər”. Daha heç nə deyə bilmədim… Anladım ki, Valeh artıq şəhid olub. Allah ona ən uca Şəhid adını nəsib etdi, İmam Hüseynlə qonşu oldu o dünyada. Allah bütün şəhidlərimizi rəhmət etsin.

Sanki ürəyimin bir parçasını itirdim

 

Əmisi oğlu – Şahin

Mənim bir neçə əmimoğlu var. Valeh tamam başqa cür idi. Qardaşdan artıq idi mənim üçün.  Çox ürəyi təmiz uşaq idi. Heç nəyə görə inciməz, narazılıq etməzdi. Özünün, sözünün yerini bilən bir insan idi. Təkcə mən özümə görə demirəm, dediklərimi onu tanıyan hər kəsdən soruşsanız, onun necə bir oğlan olduğunu deyərlər.

Hər dəfə özü zəng vurardı, axtarardı, hal-əhval tutardı.  Tez-tez deyərdi, sənin qulluğunda hazıram və həqiqətən də, söz xətrinə demirdi, elə də edirdi. Mən onun kimi bir qardaşı itirdiyimə çox üzülürəm. Sanki ürəyimin bir parçasını itirdim. Həqiqətən də, ürəyimin bir parçası idi Valeh. Onu unuda bilmərəm heç zaman. Heç o unudulası oğlan da deyil.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

Heç vaxt yadımdan çıxmaz, onunla bir dəfə balıq tutmağa getmişdik

Qonşusu  – Vüsal (Bakı)

 

Valehi uşaq yaşlarından tanıyıram. Heç vaxt yersiz danışmazdı.

Ailəcanlıydı, bütün həyatını ailəsinə həsr etmişdi, əslində. Valeh hərtərəfli ibrət götürüləcək bir insan, bir dost, bir qonşu, bir qardaş idi. Valeh sözün əsl mənasında gözəl insan idi.

Heç vaxt yadımdan çıxmaz, onunla bir dəfə balıq tutmağa getmişdik. Həmin gün yaxşı balıq tutduq. Dedik-güldük, əyləndik, zarafatlar etdik həmin gün. Valeh balıqlardan çox az miqdarını götürdükdən sonra tutduğu balıqların qalanını  geriyə-dənizə atırdı. Niyə belə etdiyini soruşdum. Dedi ki,  “Qonşu, yazığım gəlir, qoy yaşasınlar. Onlar da bir canlıdır, bizə bu qədər bəs edər”. Belə bir ürək sahibi idi Valeh.  İnsanların bir-birini düşünmədiyi, bir-birinin qanını içməyə hazır olduğu bir dövrdə hətta dənizin dibindəki balığı düşünən bir insanı tanıdığım üçün çox xoşbəxt idim.  İndi elə ən çox ona görə üzülürəm ki, biz adi bir insanı itirmədik, minlərlə insanın içində tək-tük rast gəlinə bilən qəlbi dünya boyda olan, saf, təmiz bir insanı itirdik. Bəşəriyyətə lazımlı olan belə  insanların həyatının qısalığı, arzularının, ümidlərinin yarımçıq qalması adamı daha çox yandırır.

Şəhid xəbəri gələndə öncə inanmadım, ya da inanmaq istəmədim hamı kimi… Atası ilə əlaqə saxladım, doğru olduğunu öyrəndikdə çox pis oldum. Bir müddət özümə gələ bilmədim.  Onunla birgə çəkdirdiyimiz şəkillər var telefonda, tez-tez baxıram.  Həyat çox qəribədir.

Ailəsinə Allahdan səbir diləyirəm.  Övladına isə atası kimi mərd, dürüst bir oğul olmasını Allahdan arzulayıram.

20 günün dostluğu

 

İranlı dostu – Ağa Bəhruz

Allah bütün Azərbaycan şəhidlərinə rəhmət etsin. O şəhidlərdən biri də mənim dostum Valehdir.  Valeh cəmi 20 gün İranda işlədi və bu 20 günə biz onunla dostlaşdıq. Çox gülərüzlü, mehriban bir uşaq idi. Bizim onunla çox şirin xatirələrimiz var. Hətta onu öz oğlum kimi çox sevmişəm. Çox sevilməli, dürüst, abır-həyalı bir uşaq idi. Ailəsinə bağlı idi. İranda olanda nişanlı idi. Sonra bizi ailəvi öz toyuna dəvət etmişdi, mütəssifanə biz gedə bilmədik Azərbaycana. Bizə Azərbaycan yeməklərini bişirməyi öyrədərdi, bizdən də İran yeməklərinin reseptini alardı.

Vətənpərvər biri idi, həm də tez-tez işğalda olan Azərbaycan torpaqlarından söz açardı. Deyərdi, “Tezliklə biz öz torpaqlarımızı azad edəcəyik”.

Sonuncu dəfə onunla müharibədən qabaq zəng vurub görüntülü danışmışdım. Oğlu Muradı görməmişdim, elə telefonda gördüm. Bir xeyli danışdıq, həyətlərini mənə göstərdi. Dedim, inşallah, Azərbaycana qonaq gələrik, görüşərik. Murad üçün də bir hədiyyə borcum olsun.

Ata-anasını çox sevərdi, onların zəhmətkeş olduqlarını və necə kasıblıqla böyüdüklərini deyərdi. Allah ata-anasına can sağlığı versin. İnşallah, gəlib onları da ziyarət edərik.

Şəhidliyindən sonra onu bir dəfə yuxuda gördüm. Bizim burada təbii gül dükanımız var idi, Valeh də burada işləyərdi. Yuxuda gördüm, Valeh həmən güllərin içindədir, orada gəzir və arada gülləri sulayır. Bu yuxudan başa düşdüm ki, Valeh, inşallah, Cənnət bağlarındadır. Allah məqamını uca etsin.  Ata-anasına, yoldaşına Allahdan səbir diləyirik.

Peçenyemizi də iki nəfər bölüb yeyirdik, ehtiyat edə-edə…

 

Cəbhə yoldaşı – Bayram

 

Valeh çox sadə uşaq idi, heç kəslə işi olmazdı, verilən tapşırıqları yerinə yetirməyə çalışardı. Çox məsuliyyətli idi. Döyüşdə də hamıya “can” deyib, “can” eşidərdi.  Hamının qayğısına qalardı, yeməyini, suyunu – hər şeyini özü ac olsa da, yoldaşlarına verərdi. Məsələn, Valeh siqaret çəkən deyildi, amma ondan əsgərlər siqaret istəyəndə çıxarıb verirdi. Deyirdim, sən siqaret çəkən deyilsən axı, deyirdi uşaqlar üçün saxlayıram, birdən kiməsə lazım olanda verə bilim.

Biz qruplarla döyüşürdük. Mən əvvəl başqa qrupda idim, sonradan onunla kəşfiyyat dəstəsində görüşdük.  Bir dəfə bütün qrup uşaqlarının suyu tükənmişdi, heç birimizdə su yox idi. Döyüşdə yeməyin olmamasına bir təhər dözmək olur, amma susuzluq dözülməzdir. Hamımız çarəsiz durumda idik, hərəkət etmək icazəmiz də yox idi.  Bir də baxdıq ki, Valeh əlində su gətirir. O cür döyüş şəraitində suyu haradan tapdığını, necə tapdığını ya demədi, ya da mənim yadıma gəlmir.  Hamımız o sudan içdik, özümüzə gəldik.  İndi hələ də düşünürəm ki, Valeh o suyu haradan gətirə bilərdi?!  Çünki bizim nə yuxarı çıxmağa, nə aşağı düşməyə icazəmiz yox idi. Valehin icazəsiz hərəkət etməsini təsəvvür edə bilmirəm.

Son dəfə onunla birlikdə yemək yedik. Əslində, elə əksər yeməkləri iki nəfər yeyirdik. Peçenyemizi də iki nəfər bölüb yeyirdik, ehtiyat edə-edə… Elə son dəfə də ikimiz bölüşərək yedik və sonra Valehgil yuxarı tərəfdən, biz isə sağdan irəliyə hərəkət etdik. Həmin tapşırıqdan sonra Valeh qayıtmadı. Onunla böldüyümüz tikələrin bir qismi ondan mənə xatirə qaldı…

Onun ölümünə heç cür razı deyildim. Bilirdim, ailəlidir, bir uşağı var. Hətta öz ölümümə razı olardım, onun ölümünü istəməzdim. Şəhidlik böyük bir zirvədir, düzdür, amma bir ailənin başsız, övladın atasız qalması adamı çox incidir.

 

Həyasından başını qaldırıb adama baxmazdı, nəinki danışmaq… 

 

Qonşusu – Nüşabə xanım

Valeh zəhmətkeş, mərifətli, özünün-sözünün yerini bilən, ən əsası da həyalı idi.  Uşaqlıqdan zəhmətə qatlaşan olub. Heç bir təhlükədən qorxmazdı. Toyunda işıq generatorunda yanğın çıxdı, özü bəy olmasına baxmayaraq özünü yanan generatora çatdıran ilk şəxs idi.

Sözlərini bir o qədər də xatırlamıram. Əslində, onun heç danışmaqla da arası yox idi. Həyasından başını qaldırıb adama baxmazdı, nəinki danışmaq…

Mən onda dinimizin tövsiyə etdiyi, çoxumuzun arzulayıb da çata bilmədiyi xüsusiyyətləri müşahidə etmişdim. Ata-anasına hörmət etmək, ailə dəyərlərinə bağlılıq, insanların qəlbinə dəyməmək, qonşularla səmimi münasibət, zəhmətkeşlik, halal ruzi qazanmaq və.s müsbət xüsusiyyət saymaq olar. Bu cür insanlara nadir rast gəlinir indiki zamanda. Allah da öz işini gözəl bilir. Saf-təmiz bəndələrini bu çirkaba bulaşmış dünyadan tez qurtarır, həm də əvəzində cənnət bəxş etməklə…

Valeh cismani cəhətdən çox zəif idi, əsgər gedəndə hamımız deyirdik ki, bu necə xidmət edəcək, silahı götürməyə gücü çatacaqmı?  Düşüncəmizin əksi oldu. Valeh nümunəvi xidmətinə görə təşəkkürlər aldı. Komandirlərinin rəğbətini qazandı. Görünür, həmin qüsursuz xidmətinə görə idi ki, Vətənin dar günündə say-seçmə oğullardan biri kimi Valeh də Vətəni qorumağa çağırıldı.

Döyüşdən evinə zəng vurduqda biz qonşulara da salam göndərməyi unutmurdu. Bir dəfə evinə zəng vurduqda onlarda idim. Xanımıyla danışdı. Körpə oğluna yaxşı baxmağı tapşırırdı. Yoldaşı da iradəli, mərd qadındır. Elə bilirəm ki, çətin də olsa, oğlunu atasına layiq şəkildə böyüdəcək.  Biz qonşular da ömrümüzün sonuna qədər həmişə bu ailənin yanında olmağa, hər cür dəstək olmağa borcluyuq. Valeh bizim rifahımız, əmin-amanlığımız üçün canından keçib…

Şəhidlik xəbəri gələndə hamımız çox sarsıldıq. Əlimizdən heç nə gəlmədi, təbii ki… “Hamımız Allahdanıq və ona tərəf qayıtmaqdayıq”. Bu qayıdış yolunu kimisi günahlara bulaşmış halda zorla, könülsüz gedir, kimisi də Valeh kimi saf-təmiz ruhu ilə könüllü olaraq gedir. Səfər Valehin idi,  Zəfər Allahın. Allah onu şəhid görmək istədi… Məqamı uca olsun…

Eldar İlqaroğlu