Son iki yüz ildə Azərbaycan tarixində bir çox şanlı hadisələrlə yanaşı, təəssüf ki, faciələr və soyqırımları ilə dolu səhifələr də yer alıb. Bu dəhşətli faciələrdən biri ölkəmizdə 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Azərbaycan tarixinə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü kimi yazılan həmin hadisələr zamanı erməni daşnakları tərəfindən Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı törədilərək on minlərlə müsəlman-türk, habelə digər xalqlardan olanlar – ləzgilər, talışlar, yəhudilər (Quba), almanlar (Gəncəbasar bölgəsi) qətlə yetirilib.
1918-ci ilin mart ayında bolşevik bayrağı altında fəaliyyət göstərən “Daşnaksütyun” partiyasının erməni silahlı dəstələri Bakı Soveti ilə birləşərək azərbaycanlılara qarşı genişmiqyaslı qətliam həyata keçirdilər. Həmin vaxt Bakı şəhərində yaşayan müsəlman əhali silahsız və müdafiəsiz idi. Azərbaycanlıların kütləvi qırğınına erməni-bolşevik qüvvələri rəhbərlik edirdi. Qısa müddətdə Bakı və ətraf kəndlərdə minlərlə insan xüsusi qəddarlıqla qətlə yetirildi.
Soyqırım zamanı erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Şamaxı qəzasında 58, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan etdilər. Ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla öldürdülər. Şamaxıda 8 mindən çox azərbaycanlı qətlə yetirildi. Qubada soyqırımı nəticəsində 16 mindən çox insan öldürüldü. Qubanın özündə və ətraf kəndlərində təkcə müsəlmanlar deyil, həmçinin burada yaşayan ləzgilər və yəhudilər də qətlə yetirildi. Zəngəzurda isə 10 minə yaxın azərbaycanlı öldürüldü, 115 kənd tamamilə dağıdıldı.
Uzun illər bu soyqırım hadisələri sovet rejimi tərəfindən gizlədilmiş, xalqın tarixi yaddaşından silinməyə çalışılmışdır. Lakin müstəqillik qazandıqdan sonra, 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Bu qərar Azərbaycan tarixində mühüm addım oldu və beynəlxalq aləmdə həqiqətlərin yayılmasına təkan verdi.
Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 44 günlük Vətən müharibəsində verildi. 200 ildən bəri ermənilərin “Böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qisasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin.
31 Mart soyqırımı Azərbaycan tarixində unudulmaz bir faciədir. Bu hadisələr xalqımıza qarşı məqsədyönlü soyqırımı siyasətinin bir hissəsi olmuş və minlərlə günahsız insanın həyatına son qoymuşdur. Biz bu tarixi yaddaşımızda daim yaşatmalı, beynəlxalq səviyyədə soyqırım həqiqətlərini dünyaya çatdırmalıyıq. Azərbaycan xalqı öz tarixini unutmur və bu faciənin qurbanlarını hər il dərin ehtiramla anır.
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru