Aprelin yağışlı sükutunda yenə yolumu Şəhidlərə, susmuş qəbirlərə saldım. Torpaq da susmuşdu, göy də. Ruhum kimi göyərmiş ağacların kölgəsində dayanıb bir daşın üstünə baxırdım — adını oxumadan tanıdığım daşa: Leyla Məlikli.
Bu il qızımın məni tərk etdiyi günün 16-cı ili tamam oldu…
28 və 29 aprel mənim üçün sadəcə təqvimdəki tarixlər deyil. Onlar tale yırtığıdır. Elə bir gün ki, yaşasam da, yaşaya bilmədiyim, nəfəs alsam da, boğulduğum tarixlərdir. 28-də qızımı xəstəxanadan çıxartmadım ki, atamın ad gününə düşməsin dəfni. 29-da dəfn etdik, çünki artıq içimdən bir parça yox idi.
Qızım Leyla evdə, sadəcə hamama getmişdi. Sadəcə… Bu “sadəcə” sözünün içində bütün bir həyat yatır. Dəm qazı kimi görünməyən, səs çıxarmayan, amma sonda ailənin canını alan düşmən… O gecə, 17 aprelə keçən gecə idi. Mən sabahı işdə ad günümü qeyd edəcəkdim. Öz əllərimlə tort, ləvəngi, aş hazırlamışdım. “Qoy hamı doyunca yesin” — demişdim…
Leyla axşam mənə dedi:
“Ana, istəsən sabah işə mən də gələrəm, süfrənin düzülməsində sənə kömək edərəm…”
Ən son sözlərindən biri bu idi.
Səhər işdə məni gözləyirdilər. Mən isə Semaşkanın Toksikologiya şöbəsində qızımı həyata qaytarmaq üçün Allahla susqun savaş verirdim. 13 gün komada qaldı Leyla… Amma bu həyat onu geri qaytarmaq istəmədi.
Şadlıqla Üz-üzə Gəlməyən Ad Günüm…
Son illər ad günlərimdə nə qədər insan təbrik edir məni. Bu il də az qala iki min layk toplandı feysbukda, şərhlər, dualar, xoş sözlər… Amma içimdə bir səssizlik qopur:
Bir tək qızım təbrik etmədi…
Axşam saat 12 tamam olanda bir birimizi təbrik edərdik. Gözlədim səni, gözəl mələyim. Niyə gəlmədin?..
Mən bunu deyə bilmirəm adamlara. Bu ağrını daşımaq istəmirəm, amma bölüşmək də istəmirəm. Hərdən dağa çıxıb bağırmaq istəyirəm — bəlkə Leylam eşidə…
Leylanın Yoxluğunda Qalanlar
Hərdən qulaqlarımda akord kimi səssizlik olur qəbiristanlıqda. Elə bil məni çağıran, dinləyən tək bir ruh var orada: qızım. Qəbrinin üstündə oturanda hiss edirəm, o da gəlir, baxır, sakitcə yanımda durur.
Bir dəfə “Allahla intervyu” adlı bir video izləmişdik bir yerdə. Orada deyilirdi:
“İnsanlar elə yaşayırlar ki, sanki heç ölməyəcəklər…
Elə ölürlər ki, sanki heç yaşamayıblar”
Leyla bu dünyada az yaşadı, amma məni ana etdiməni böyütdüməni sınadıməni insan etdi. Özü balaca qız, amma həyatın ən böyük dərsini o verdi mənə.
Yaralı Qəlbin İtirafı
Hamını güldürən sözüm-söhbətim,
Özümü ağladan qəlbim var mənim…
— Elçin Mirzəbəyli
Bax, bu sətrə bürünüb yaşayıram bəzən. Sevinirəm, yazıram, danışıram, amma içimdə Leylasızlığın boşluğu var. O boşluq heç nə ilə dolmur. Mən nə qədər yazsam, danışsam da, bu yanğını söndürə bilmirəm.
Sonda bunu denək istəyirəm.
Qızım Leylanın xatirəsi mənimlədir. Onu ziyarət etmək, baş daşına baxmaq, şəkil paylaşmaq — bu artıq mənim dualarımın şəkilli formasına çevrilib. Onu sevən, duyan hər kəsdən bircə istəyim var:
Yaşadığınız insanları sevgi ilə qucaqlayın. Onların qədrini sağlıqlarında bilin.
Çünki ölüm bəzən gözləmədiyin andagözlədiyin bir qonağın yerinə gəlir…
https://www.youtube.com/watch?v=xBUlswoItj8&list=PLEFDXejQ2iRL3DLy7JiVWqEdivBGTS1zs