Azərbaycan tarixi zəngin və şərəfli səhifələrlə doludur. Bu səhifələrdən biri də 28 May 1918-ci ildə yazılmışdır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı və bu, müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi respublika kimi tarixə düşdü. Bu əlamətdar gün hər il ölkəmizdə Respublika Günü kimi qeyd olunur və millətimizin azadlıq və dövlətçilik iradəsinin simvolu sayılır.

AXC-nin yaranması ilə Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqil dövlətinə sahib oldu. Cümhuriyyət cəmi 23 ay yaşasa da, bu qısa müddətdə dövlətçilik, təhsil, mədəniyyət və hüquq sahəsində mühüm addımlar atıldı. Parlamentarizm ənənəsi, ilk milli ordu, qadınlara seçki hüququnun verilməsi və milli valyutanın dövriyyəyə buraxılması kimi tarixi qərarlar məhz bu dövrdə həyata keçirildi.

Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları sonrakı dövrlərdə müstəqil Azərbaycanın təməl prinsiplərinə çevrildi. 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olunarkən AXC-nin siyasi varisliyi qəbul edildi və bu, xalqımızın milli özünüdərkinin möhkəmlənməsində mühüm rol oynadı.

Bu gün Respublika Günü sadəcə bir tarix deyil, həm də milli ruhun, birliyin və müstəqilliyə olan əbədi ehtiyacın təcəssümüdür. Hər bir Azərbaycan vətəndaşının bu günü dərin hörmətlə yad etməsi, AXC qurucularının – M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.Topçubaşov və digərlərinin xidmətlərini xatırlaması vacibdir. “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı bu gün də öz aktuallığını saxlayır.

28 May – azadlığımızın, milli kimliyimizin və dövlətçiliyimizin rəmzidir. Gəlin bu qürur gününü yaşadaq, onu yeni nəsillərə sevdirək və hər zaman Vətənimizə layiqli vətəndaşlar olaq.

 “Dodo” qəzetinin baş redaktoru İradə Məlikova