İyunun 11-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiya etnomədəni müxtəlifliyin qarantı kimi” mövzusunda konfrans keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Vətənimizin suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransda çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi və Vətən müharibəsində əldə olunan Zəfərin 5 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin önəmini vurğuladı. O bildirdi ki, Konstitusiya Azərbaycanın suverenliyinin hüquqi əsası olmaqla yanaşı, vətəndaşların hüquq və azadlıqlarının təminatıdır – istər dili, dini, istərsə də etnik mənsubiyyətindən asılı olmayaraq.

Rəvan Həsənov vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə hüquqi və sosial islahatlar nəticəsində etnik azlıqların və dini icmaların hüquqları qorunmuş, 1995-ci ildə qəbul olunmuş Konstitusiya bu prosesin əsasını təşkil etmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın Şərq ilə Qərb arasında multikultural körpü rolunu möhkəmləndirir.

Konfransda çıxış edən BBMM-in Himayəçilik Şurasının sədri, ADU-nun rektoru, akademik Kamal Abdulla qeyd etdi ki, Konstitusiya Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı quruluşunun hüquqi ifadəsidir. O bildirdi ki, bu sənəd yalnız hüquqi norma deyil, həm də praktikada vətəndaşların bərabərliyini təmin edən mühüm bir dəyərdir. Akademikin sözlərinə görə, Azərbaycanda yaşayan bütün etnik qruplar ictimai-siyasi və mədəni həyata tam şəkildə inteqrasiya olunub.

Milli Məclis sədrinin müavini Musa Qasımlı çıxışında Konstitusiyanın siyasi sabitlik və demokratik inkişaf üçün hüquqi baza olduğunu qeyd edərək, burada təsbit olunmuş multikultural dəyərlərin tarixən formalaşmış milli birlik ənənələrinin davamı olduğunu vurğuladı.

Komitə sədri, millət vəkili Fazil Mustafa Konstitusiyanın azadlıq və tolerantlıq prinsiplərini dövlət siyasətinə çevirdiyini və bu yanaşmanın Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir etdiyini bildirdi.

Millət vəkilləri Tural GəncəliyevMixail Zabelin parlamentin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının multikultural dəyərlərin möhkəmlənməsində əhəmiyyətini qeyd etdilər. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə insan hüquqlarının təminində Konstitusiyanın roluna diqqət çəkərək, bu sənədin hər bir vətəndaş üçün hüquqi zəmanət olduğunu bildirdi.

“Konfransda ölkədə fəaliyyət göstərən bütün əsas dini və milli icma rəhbərləri də iştirak edərək, multikulturalizmin və tolerantlığın Azərbaycan dövlət siyasətindəki roluna dair fikirlərini bölüşüblər.” – Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev və Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski – çıxışlarında Azərbaycanda dini və etnik qruplar arasında sülh və əməkdaşlıq mühitinin yüksək səviyyədə olduğunu xüsusi vurğuladılar.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Əliyev isə Konstitusiyanın dini və mədəni müxtəlifliyi qoruyan hüquqi baza kimi çıxış etdiyini və dövlətin multikulturalizm siyasətinin davamlılığını təmin etdiyini qeyd etdilər.

Konfrans çərçivəsində “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” adlı sənədli film nümayiş olundu. Film, Azərbaycan modelinin tarixi köklərini və bu günə qədərki uğurlu inkişafını əks etdirməklə, iştirakçılarda dərin təəssürat yaratdı.

   

Dodoqezeti.az