Bəzən tale elə adamlar yetirir ki, onların varlığı bir məktəb, bir yol, bir işarə kimi durur zamanın içində. Rasim Məmmədov da bu adamlardandır – bir ad, bir nəfəs, bir işıq. Və bəlkə də içində sönməyən o işıq məhz ağrıdan, iztirabdan, çəkilən acıdan doğur.
Onun 60 yaşı tamam olur. Rəsmən yubiley, qeyri-rəsmən yaddaş. Bu yaş təkcə illərin sayı deyil, həm də geridə qalan yolların, çəkilən itkilərin, yaşananların ölçüsüdür.
O yollar ki, hər addımı həm sevinc, həm də nisgil yazıb taleyinə…
O, elə bir ömür yaşayır ki, yanında olanlar qədər yanında olmayanlar da ona borcludur. Onun yaratdığı mühitin içində təkcə təşkilatçılıq yox, həm də bir ruh var – sanki “Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi” deyil, dünyada bir azərbaycanlı olmağın mənəvi izahıdır.
Bəzən özümüz də bilmədən bir-birimizə güzgü oluruq. Rasim Məmmədov da belə bir güzgüdür – baxırsan, öz dərdini görürsən. Onun özəl ağrısı – göylərə qarışan bir qız ömrü – elə bir ağrıdır ki, onu başa düşmək üçün yaşamaq gərəkdir. Bu ağrını yaşayanlar danışmır, sadəcə baxır… susur… başa düşür…
Həyat bizi fərqli yollarla, amma bənzər itkilərlə qarşılaşdırıb. Mən də bir ana kimi, o da bir ata kimi – balamızın məzarı başında zamanla üz-üzə dayanmışıq. Elə bu acı da bizi susqun qardaş-bacılıqla birləşdirib.
Rasim Məmmədov təkcə bir təşkilat rəhbəri deyil – o, adam toplaya bilən, adamlara yol göstərə bilən biridir. Hər kəsi tanıyır, hər kəsin dilini bilir. Sözlə yox, baxışla idarə edir. Qətiyyətlidir. Mövqeyindən asılı olmayaraq, kimin nə vaxt nəyə ehtiyacı varsa, hiss edir, bildirir, toxunur. Bu toxunuş bəzən tədbir olur, bəzən sərgi, bəzən otaq, bəzən bir stend… Səssiz təşəkkürlərlə dolu illər.
Hər zaman olmasa da, ehtiyac olan anlarda bacı deyir. Mən də o ehtiyaclı məqamların içindən keçmişəm. İndi o danışmasa da, biz bilirik. Hər birimizin həyatında görünməyən, amma hiss olunan bir dirək var – Rasim Məmmədov kimi.
Şeir: “Susa-susa danışırıq”
Birimiz ata dərdi,
Birimiz ana qəmiyik.
İçimizdə dağ yeriyir,
Biz səssiz mübarizəyik.
Ucalıbdır səsimiz
Çatmayan ünvanlara.
Susa-susa danışırıq
Köz bağlayan yaralara.
Biri sənin, biri mənim –
O itkilər… eyni yanar.
Qəmimizdən bir bayraqdır
Dalğalanır ürəklərdə.
“Sizi səmimi qəlbdən təbrik edirəm…”
Bu şeir iki insanın fərqli acılarla, eyni səssizlikdə necə birləşdiyini, sözsüz mübarizələrinin necə güclü səsləndiyini anlatmaq üçün yazılıb. İtkinin dili bəzən susqunluqdur – bu şeir o susqunluğun səsidir.
Bu sözlər yaddaşdan yox, qəlbin ən dərin qatından süzülüb. Onlar Rasim müəllimin ruhuna toxunan, ürəyinə səssiz təsəlli verən misralardır – sanki həm doğum günü təbriki, həm də Sunay balanın ad gününə saxlanılmış bir dua kimidir…