“Milli Mətbuat Günü” münasibətilə Prezident İlham Əliyevin media nümayəndələrinə ünvanladığı təbrik sözün, fikrin və vicdanın dövlət üçün nə qədər önəmli olduğunu bir daha göstərdi. Təbrikdə medianın cəmiyyətdə oynadığı rol, dövlətin informasiya təhlükəsizliyindəki yeri və jurnalistlərə verilən dəyər açıq şəkildə vurğulandı. “Media lazım gələndə hücuma keçməyi bacarmalıdır” – bu fikri Prezident İlham Əliyev Şuşada keçirilən media forumunda söyləmişdi. Bu cümlənin arxasında həm çağırış, həm də dərin bir etimad hiss olunur.
Biz – “Dodo” qəzetinin kollektivi – bu çağırışı uzun illərdir ki, səssiz və
maaşsız şəkildə yerinə yetiririk. 2017-ci ildən bu günə qədər nəinki yaşadıq, hətta sözə, vicdana, xalqa və dövlətə sadiq qalaraq yazmağa davam etdik. “Dodo” qəzetinin səsi 8 ildir ki, dağların qoynundan, Azərbaycanın sərhəd bölgəsindən gəlir – bəzən duyulur, bəzən də duyulmur…
Bu il “Milli Mətbuatın 150 illiyi” qeyd olundu. “Dodo” da bu 150 illik tarixdə özünün kiçik, amma mənalı yerini təsdiqlədi. Biz dəvət olunmuşduq, tədbirdə iştirak etdik. Bu, bizim üçün əslində bir təltif idi. Orada olmaq bir qürur idi. Amma söz verilsəydi, demək istədiklərimiz vardı:
“Biz – Lənkəran-Astara bölgəsinin fədakar media əməkdaşları olaraq, dövlətçiliyə sədaqət, xalqımıza xidmət və informasiya savaşında əzm göstərmək yolunu seçdik. Cənab Prezidentin dediyi kimi, biz də lazım gələndə susmadıq, mövqe bildirdik. Biz bu yolu seçmişik. Bu gün burada olmaq özü bir mükafatdır.”
Qeyd edək ki, tədbirdə media nümayəndələrinin təltif ediləcəyi öncədən bildirilsə də, texniki səbəblərlə həmin mərasim başqa vaxta təxirə salındı. Bu, əlbəttə, təbii və texniki məsələ idi. Biz isə inamla gözləyirik ki, bu bayramdan sonra “Dodo” qəzetinə – sərhəddəki söz növbətçisinə – Azərbaycan Medianın İnkişafı Agentliyi tərəfindən dəstək göstəriləcək. Çünki bu dəstək təkcə bir qəzetə deyil, həm də ölkənin ən ucqar nöqtəsində sözə sadiqliyə verilən dəyər olacaq.
“Dodo”