Azərbaycan Nəşriyyatı kollektivi adından
Dərin hüzn və kədər hissi ilə əməkdaşımız, polis serjantı Rüfət Cabbarovun vaxtsız itkisini qarşıladıq. Cəmi 30 yaşında ikən, vəzifə borcunu yerinə yetirərkən – körpə bir övladı xilas etməyə çalışdığı an öz canını fəda etdi.
Rüfət Nəşriyyatımızın mühafizə xidmətində çalışdığı illərdə nümunəvi xidməti, alicənab insani keyfiyyətləri və peşəsinə sədaqəti ilə hər kəsin dərin hörmətini qazanmışdı. Onun timsalında Azərbaycan polisinin cəsur, fədakar və vüqarlı simasını görmək mümkündür.
Bu ağır gündə mərhumun ailəsinə, atası Adil kişiyə, anası Elmira xanıma və bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allahdan onlara səbr, Rüfət qardaşımıza rəhmət diləyirik.

İyulun 29-da Pirşağı çimərliyində baş verən faciə Azərbaycan ictimaiyyətini dərindən sarsıtdı. 8 yaşlı Arif Rüstəmovun həyatını xilas etməyə çalışan polis serjantı Rüfət Adil oğlu Cabbarov özü də azğın dalğaların qurbanı oldu. Ölümün gözünə dik baxan bu cəsarətli addım, əslində, Azərbaycan polisinin andına sədaqətini, vətəndaşların təhlükəsizliyi naminə canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi.

1994-cü ildə Astaranın Siyakü kəndində dünyaya gələn Rüfət Cabbarov “Azərbaycan” nəşriyyatını mühafizə edən polis əməkdaşı idi. O, həm xidməti yoldaşlarının, həm də nəşriyyatın jurnalist kollektivinin hörmətini qazanmışdı. Gülərüz, mehriban, səmimi və işinə diqqətcil olan Rüfət hər kəslə dil tapmağı bacarırdı. Onu tanıyanlar deyirlər ki, Rüfətin qəhrəmanlığı heç kəsi təəccübləndirmədi, çünki o, gözünü qırpmadan hər cür fədakarlığa hazır idi.

Rüfətlə son görüşüm

Nəşriyyatın binasına daxil olanda növbədə duran polislərə “sabahınız xeyir” deyə müraciət etdim. İlk salamımı cavablayan Rüfət oldu. Ayaq saxlayıb soruşdum ki, “işlərim bu ay çoxdur, şənbə günü də gələcəyəm, problem olmaz ki?”.

Rüfət gülümsəyərək bir sənəd nümunəsini mənə uzatdı və dedi:
— İradə Dodo, bu formada məktubla nəşriyyat rəhbərliyinə müraciət edin, heç bir problem olmayacaq, rahat işləyə biləcəksiniz.

Mən dərhal telefonumla sənədin şəklini çəkdim, sevinərək oradan ayrılıb redaksiyaya qalxdım. Həftə ərzində işlərimi yekunlaşdırıb səhhətimlə əlaqədar Naftalan şəhərinə müalicəyə getməli oldum.

Elə sanatoriyada birinci günüm idi ki, bu acı və faciəli xəbər mənə yetişdi…

Bəli, Rüfətin sadəliyi, insansevərliyi və nəvazişi onu fərqləndirirdi. Hər gün gördüyün, salamlaşdığın bir gəncin sabah qəhrəmanlıqla ölümsüzləşdiyini eşitmək isə olduqca ağırdır.

Bu gün onun şəklini qərənfillər bəzəyir. Bu, bir tərəfdən kədərli olsa da, digər tərəfdən hər kəsdə Azərbaycan polisinə qarşı böyük rəğbət və güvən hissini gücləndirən qürurverici mənzərədir.

Rüfət Cabbarov ailənin tək oğlu idi. Ailəli idi, iki övladı – Turan və Adil atasız qaldı. Anası, həyat yoldaşı, yaxınları bu itkini heç vaxt unutmayacaq. Onun qəhrəmanlığı isə övladlarının, həm də bütün xalqın yaddaşında daim yaşayacaq.

Siyakü kənd Mədəniyyət Evinin paylaşımı

Bu kədərli hadisə hər kəsin qəlbini sarsıdıb, göz yaşlarını gizlətmək mümkün deyil. Astaralı polis serjantı Rüfət Cabbarov yalnız vəzifəsini yerinə yetirmirdi. O, bir ata kimi, saf və dərin insani hisslərlə hərəkət edirdi. Cəmi 8 yaşlı bir uşağı xilas etmək naminə öz həyatını təhlükəyə ataraq, misilsiz bir qəhrəmanlıq nümayiş etdirdi. Onun bu davranışı yüksək mənəvi dəyərlərə və böyük ürəyə sahib olduğunun aydın sübutudur.

Tərəddüdsüz və dərhal verdiyi qərar – canını verib bir uşağın həyatını xilas etmək – insanlıq tarixində örnək olacaq bir fədakarlıqdır.

Rüfət Cabbarovun cismini dəniz aldı, amma onun əməlləri, cəsarəti və qəhrəmanlığı xalqımızın yaddaşında silinməz iz qoydu. O, yalnız bir ailəyə təsəlli vermədi. O, bir körpəyə yaşamaq ümidini qaytardı, öz nəfəsini verərək ona yeni həyat bəxş etdi. Bu, sıradan bir vəzifə hərəkəti deyil, əsl insanlıq nümunəsidir.

Rüfət Cabbarov kimi insanlar insanlığın təməl dəyərlərini yaşadanlardır. Onlar olduğu müddətcə mərhəmət, cəsarət və fədakarlıq heç vaxt ölməyəcək. Onun adı daim hörmətlə, sevgi və qürurla yad ediləcək. O, xalqımızın mərd və igid oğullarından biri, bu torpağın unudulmaz qəhrəmanıdır.

Uca Tanrıdan ona rəhmət diləyirəm. Ruhu şad olsun, igid serjant! Sənin xatirən ürəklərdə əbədi yaşayacaq. Zaman keçsə də, qəhrəman adını sildirməyəcək.

 

Qəhrəman polisin xatirəsinə həsr olunmuş şeir

(Şeir müəllifi: Şövqi Ziyadov, Ekaterinburq)

Dəniz vəfasız imiş,
Dəniz amansız imiş.
Qıydı cavan canına,
Dəniz nə qəddar imiş.

Susdu o dəm halına,

Qəsd eylədi canına.

Ölüm nə dəhşət imiş,

Fələk amansız imiş.

Bu da bir sınaq oldu,

Çətin imtahan oldu.

Tanrıdan gələn hökmə.

Əmrə müntəzir oldu.

“Nə yaxşı bu həyatda,
Sənin də izin qaldı.
İki şirin gül balan,
Turan, Adilin vardır.”

“Dodo” qəzetinin redaksiyası adından mərhum polis serjantı Rüfət Cabbarovun ailəsinə, yaxınlarına, “Azərbaycan” nəşriyyatının kollektivinə və bütün həmkarlarına dərin hüznlə başsağlığı veririk. Onun fədakarlığı Azərbaycan polisinin şücaətinin, vətəndaşına olan sədaqətinin bariz nümunəsidir.

Allah rəhmət eləsin! Ruhu şad, məkanı cənnət olsun!