Müəllif: İradə Məlikova Dodoqezeti.az saytının baş redaktoru

Bakının mənəvi və tarixi mərkəzlərindən biri olan Xilaskar Alman-Lüteran kilsəsində (Kirxa) bu il dekabr ayı xüsusi bir canlanma və bayram ruhu ilə yadda qaldı. Vineyard Church Azerbaijan icması tərəfindən təşkil olunan tədbirlərdə bir jurnalist və publisist kimi iştirak edərək, orada hökm sürən birliyin, məhəbbətin və mənəvi saflığın şahidi oldum.

Baş Pastor Emil Pənahovun Rəhbərliyi və Müqəddəs Müjdə
Tədbirlərin və kilsənin xidmət fəaliyyətinin mərkəzində baş pastor Emil Pənahovun böyük zəhməti dayanır. Onun rəhbərliyi altında çatdırılan mənəvi müraciətlər, kəlamlar və dualar insanlara yalnız dini məlumat deyil, həm də sarsılmaz bir ümid və birlik mesajı ötürür. Emil Pənahovun rəhbərliyi ilə Müqəddəs Kəlama əsaslanan bu fəaliyyət, gənclərin doğru yola yönəlməsinə, böyük-kiçik yerini bilməsinə və mənəvi dəyərlərə sahib çıxmasına xidmət edir.

24 Dekabr: Musiqili Milad Gecəsi
Dekabrın 24-də baş tutan möhtəşəm konsert proqramı Milad sevincini musiqinin dili ilə ürəklərə daşıdı. Gecədə Azərbaycanın dəyərli sənətkarları və istedadlı ifaçıları bir araya gəlmişdi. Proqramda: Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Səbinə Pənahova, Baxış Əliyev, Nəzrin İsmayılzadə, İlqar Niftiyev, Ramin Qurbanov, Dəniz Əliyeva, Süleyman Mahmudov, Sara Nur və Rasim Xəlilovun ifasında səslənən ilahilər və musiqi nömrələri auditoriyanı valeh etdi.

Təmənnasız Xidmət və İcma Birliyi
Məni ən çox təsirləndirən məqam kilsə üzvlərinin fədakarlığı oldu. Səhnədə nümayiş olunan tamaşalar, bütün təşkilati işlər və xidmətlər kilsənin öz üzvləri tərəfindən təmənnasız şəkildə həyata keçirilir. Bu, səmimi bir inancın və birliyin ən gözəl təzahürüdür. Hər kəs bayram libasında, üzündə təbəssümlə bu sevincə şərik olurdu. Tədbirin sonunda isə qonaqlara Müqəddəs Kitab, Zəbur və Süleymanın məsəlləri kimi dəyərli mənəvi ədəbiyyatlar hədiyyə edildi.

Dövlətə və Rəhbərliyə Dualar
Kilsənin fəaliyyətində vətənpərvərlik xüsusi yer tutur. Toplantılarda hər zaman Azərbaycan dövləti, xalqımız və dövlət rəhbərliyimiz üçün dualar oxunur, ölkəmizə sülh, əmin-amanlıq və bərəkət dilənir.

21 Dekabr: Diriliş Toplantısı
Onu da qeyd edək ki, dekabrın 21-də saat 18:00-da keçirilən “Milad” Diriliş toplantısı da eyni yüksək ruhda və mənəvi coşğu ilə baş tutmuşdur. Bu toplantı Miladı yeni bir dövrün, ümidin və xilasın başlanğıcı kimi qeyd edən hər kəs üçün unudulmaz bir gün oldu.

Müqəddəs Kəlamda deyildiyi kimi:

“Bizim üçün körpə doğuldu, Bizə oğul verildi… Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.

Dodo qəzeti olaraq, bu gözəl “MİLAD” bayram münasibətilə hamını təbrik edir, bu xeyir-dualı mühitdə əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk