Ramziyyə Cəfərova illərdir ki, ağır vəziyyətdə olan ailəsi ilə təkbaşına mübarizə aparır. O, hərbiçi ailəsinin üzvü olaraq 3 xəstə övladına qulluq edir. 15 yaşlı qızı Filiz miopatiya xəstəliyindən, 10 yaşlı əkiz oğlanları Həsən və Hüseyn isə anadangəlmə ürək qüsurundan əziyyət çəkirlər.

Ana bildirir ki, hər ay uşaqların müalicəsinə 2 min manata yaxın vəsait xərclənir. Bu ağır yükü daşımaq üçün ailə artıq evini və avtomobilini satıb. Hazırda Sumqayıtda kirayə mənzildə yaşayırlar və kirayə haqqını ödəməkdə belə ciddi çətinlik çəkirlər.

Ramziyyə xanımın sözlərinə görə, dörd övladından yalnız biri sağlamdır. Qızı çox çətinliklə yeriyir, daimi müalicəyə ehtiyac duyur. 10 yaşlı Həsən və Hüseyn isə yol gedə bilmir, tez-tez təngnəfəs olurlar. Qış aylarında belə evdə sərinkeş yandırılır ki, uşaqlar hava ala bilsin. Bəzən dodaqları göyərir, vəziyyətləri daha da ağırlaşır.

Ana deyir ki, qızının xəstəliyinin müalicəsi mümkün deyil. Oğlanların isə yaşamaq və sağlam həyata qovuşmaq şansı yalnız xarici ölkələrdə – Almaniya və İsraildə mümkündür. Bunun üçün təxminən 75 min dollar (127 500 manat) vəsait tələb olunur. Ailə bütün aidiyyəti dövlət qurumlarına müraciət etsə də, rəsmi cavablarda bu xəstəliyin Azərbaycanda müalicəsinin olmadığı bildirilib.

“Uşaqlarım tez-tez soruşurlar ki, ana, biz nə vaxt sağalacağıq? Bilmirəm nə cavab verim. Biz istəmirik ki, övladlarımız gözümüzün qarşısında xəstəlikdən məhv olsunlar. Onların böyüyüb əsgər getmələrini istəyirik. Uşaqlarımızın şəhid olmasına razı olarıq, amma istəmirik ki, xəstəlikdən ölsünlər”, – deyə Ramziyyə Cəfərova göz yaşları ilə bildirir.

Bu hərbiçi ailəsinin övladlarının gələcək xəyallarının yarımçıq qalmaması üçün bütün yardımsevər insanlara üz tuturuq. Kimin nəyə gücü çatırsa, bu ailəyə dəstək olsun.

📞 Əlaqə: 055-675-88-85
💳 Kart hesabı: 5411 2498 1342 5696

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru