Fevralın 5-də paytaxtın tanınmış məkanlarından olan “Grant Amor” restoranında qeyri-adi bir canlanma yaşandı. Qazaxıstandan gələn gənc müğənni və TikTok fenomeni Şah Atacanov, azərbaycanlı həmkarı Sevinc Hadidinin dəvəti ilə ikinci dəfə Bakı səhnəsində idi. Amma bu sadəcə bir konsert deyil, rəqəmsal dünyanın real həyatdakı “partlayışı” idi.

Bayraqların Qardaşlığı və Musiqili Açılış

Konsert olduqca möhtəşəm bir kompozisiya ilə start götürdü. Səhnədə Azərbaycan və Türkiyə bayraqları altında rəqqasların çıxışı hər kəsi heyran etdi. İkinci hissədə isə Qazaxıstanın milli rəqsi təqdim olundu. Zalın ortasında həm Azərbaycan, həm də Qazaxıstan bayraqlarının eyni anda dalğalanması iki ölkə arasındakı sarsılmaz qardaşlığın rəmzi idi.

Qeyd etmək lazımdır ki, Şahı dəstəkləmək üçün Qazaxıstandan da çoxlu sayda gənc qonaq gəlmişdi. Onlar gecə boyu geniş peşəkar çəkilişlər apararaq bu tarixi anları qeydə alırdılar.

Seva, Şokoladım və Gözlənilməz Duet

Gecənin musiqili proqramı da rəngarəng idi. Şah Atacanov Azərbaycan, Türk və Qazax dillərində mahnılar oxuyaraq hər kəsi feyziyab etdi. Xüsusilə, Sevinc Hadidi üçün oxuduğu “SEVA” və hər kəsin dilində əzbər olan “Şokoladım” mahnıları zalda əsl fırtına qopardı. Gecənin ən sürpriz məqamı isə Şahın Sevinc xanımla yeni bir mahnını duet şəklində ifa etməsi oldu. Bu duet onların yaradıcılıq birliyinin ən gözəl nümunəsi kimi yadda qaldı.

TikTok: Tərbiyəsizlik Platforması, yoxsa Yeni Nəsil Körpüsü?

Cəmiyyətimizdə TikTok-a qarşı birmənalı münasibet yoxdur. Bir çoxları buranı “tərbiyəsizlik yuvası” kimi görsə də, Şah Atacanov, Sevinc Hadidi, eləcə də Niya və Furkan kimi cütlüklər sübut edirlər ki, bu platforma düzgün istifadə edildikdə sərhədləri aşan sevgiyə, dostluğa və uğurlu iş birliyinə çevrilə bilər.

Şahın qısa müddətdə Azərbaycan dilini mükəmməl öyrənməsi, mahnılarımızda dilimizi doğma şivə ilə səsləndirməsi onun xalqımıza olan hörmətinin göstəricisidir. 500-600 nəfərlik zalın ağzına qədər dolması, Gəncədən, Astara və Qusardan insanların bu gənci görmək üçün Bakıya axın etməsi bir sualı doğurur: Bizim bəzi yerli ulduzlarımızın illərlə qazana bilmədiyi bu sevgini Şah necə qazanıb? Bəlkə də sirr onun o sadəliyində, hər mahnı sonunda “Qardaşlarım, bacılarım” deyib, “Sizə qurban olum” səmimiyyətindədir.

Maddi Təşkilatçılıq və Mənəvi Çatışmazlıq

Tədbirin təşkilatçısı Ruslan bəyə və “Grant Amor” rəhbərliyinə bu cür beynəlxalq maraqlı bir görüşü təşkil etdikləri üçün təşəkkür düşür. Lakin bir jurnalist kimi qeyd etməliyəm ki, izdiham planlaşdırılan proqramı üstələdi. Şahın səhnə mədəniyyəti və rəqsləri üçün ayrılan meydança fanatların “şəkil çəkdirmək yarışı”na qurban getdi. İnsanların 70 faizi ayaq üstə idi, xanımlarımız şəkil çəkdirməkdən nə doyur, nə də yorulurdular.

Tənqidi bir məqam: Xanımlarımızın, xüsusən də yaşlı nəslin nümayəndələrinin qapı açılarkən göstərdiyi təlaş və müğənnini addım atmağa qoymayan həddindən artıq coşqusu bir qədər düşündürücü idi. Sanki içəridə nəsə paylayırdılar… Mədəniyyət təkcə səhnədə deyil, həm də tamaşaçı zalında olmalıdır. Sevgini nümayiş etdirməyin yolu sənətçini sıxmaq deyil, onu dinləməkdir.

Son Söz Yerinə…

Şah Atacanov Bakıdan xoş təəssüratlarla, biz isə bir neçə sualla ayrıldıq. TikTok bir vasitədir; ondan necə istifadə edəcəyimiz isə bizim daxili mədəniyyətimizdən asılıdır. Gənc istedadlara dəstək olmaq, onları sevgi ilə qarşılamaq gözəldir, amma bu sevgini “qarışıqlıq” səviyyəsinə çatdırmamaq şərti ilə.

Bir jurnalist olaraq müəllifi olduğum kitabları müğənniyə çatdırması üçün adminstrator Ruslan bəyə təqdim etdim. Şahın gözəl səhnə mədəniyyəti olsa da, təəssüf ki, o sıxlıqda istədiyi rəqsləri tam nümayiş etdirə bilmədi.

Atalar sözündə deyildiyi kimi: “Hər şeyin azı qərar, çoxu zərərdir.”

“Grant Amor” restoranına bu rəngarəng gecə üçün bir daha minnətdarlığımızı bildiririk. Ümid edirik ki, növbəti görüşlərdə sənətçi öz rəqsini, jurnalist öz işini, tamaşaçı isə öz yerini daha mədəni şəkildə tapacaq.

Hörmətlə,

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru