3 may 2026-cı il tarixində Lerik rayonundakı “Şəfa” istirahət mərkəzində bölgənin tanınmış ziyalılarının və ədəbiyyat adamlarının iştirakı ilə əlamətdar bir tədbir baş tutdu. Tədbir, şair Baləddin Veşonun talış dilində işıq üzü görmüş üç yeni kitabının — “Əlolon”, “Çəmə Vətən ğəşənqe” və “Bo otəşi təşime” kitablarının təqdimatına həsr olunmuşdu.
Mərasimi şair və yazıçı Şirəli Əliyar açaraq iştirakçıları salamladı və müəllifi yeni kitabları münasibətilə təbrik etdi. Tədbir şair Nəriman Tolışının moderatorluğu ilə davam etdirildi.
Azərbaycan Yazıçılar Birliyi (AYB) Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərli öz çıxışında dövlətimizin azsaylı xalqların mədəniyyətinə və ədəbiyyatına göstərdiyi diqqəti xüsusi vurğuladı:
“Bu gün Lerikdə şahidi olduğumuz bu tədbir dövlətimizin milli-mədəni irsin qorunmasına verdiyi önəmin bariz nümunəsidir. Baləddin Veşo həm Azərbaycan, həm də doğma talış dilində dəyərli nümunələr yaradan məhsuldar bir yazardır. Bu kitablar poeziyamızın zənginləşməsinə xidmət edir.”
Tədbirdə çıxış edən yazıçı və ictimai xadimlər — Camal Lələzoə, Xanlar Həmid, Məzahir Bidar, Əhməd Haqsevər, Rza Musayev, Aydın Rza, Miyankü Sadıx, Ramiz Titayev, Lətif Ramiz, jurnalist Rafiq Cəlilov, ziyalı Mehdi bəy Səfərov, eləcə də pedaqoqlar Araz Qurbanov, Valid Şamiyev, Elçin Mirzəyev və Camal Mirzəyəv müəllifi təbrik edərək, kitabların bədii məziyyətlərindən söz açdılar.
Sonda müəllif Baləddin Veşo göstərilən diqqətə görə dövlət rəhbərliyinə və bütün iştirakçılara öz minnətdarlığını bildirdi. Tədbir şeir qiraətləri və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
Redaksiyadan qeyd:
Təqdim olunan bu nəşrlər uzunmüddətli yaradıcılıq yolunun məntiqi davamıdır. Belə ki, müəllifin hələ 2006-cı ildə işıq üzü görmüş “Dınyo Xoşə Dınyoye” və “Dağ çiçəyi” (I nəşr) kitablarından başlayaraq, bu gün təqdimatı keçirilən “Əlolon”, “Çəmə Vətən ğəşənqe” və “Bo otəşi təşime” kitablarının ərsəyə gəlməsində “Dodo” qəzeti redaksiyasının və saytının misilsiz zəhməti olmuşdur.
Xüsusilə qeyd etmək lazımdır ki, yeni təqdim olunan kitabların hər üçünün, eləcə də 220 səhifəlik “Dağ çiçəyi” kitabının II nəşrinin (2025) həm redaktoru, həm də naşiri İradə Məlikovadır. Redaksiya heyətinin peşəkar yanaşması sayəsində bu əsərlər yüksək poliqrafik və bədii səviyyədə oxucuların ixtiyarına verilmişdir.
Qafar Cəfərli
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq

