Mollakənd Lənkəran rayonunda kənd adıdır. Yaşayış məntəqəsi Lənkəran şəhərindən 13 km cənub-qərbdə, Lənkəran – Lerik şose yolunun üstündə yerləşir. Ərazisi 40 hektar, əhalisi 500 nəfərdir.

Toponim talış dilində Məlodi adlanır. Talış dilində “məlo” – molla və “di” – kənd komponentlərinin birləşməsindən yaranan Məlodi şəffaf toponim olub, Azərbaycan dilinə tərcümədə “mollanın kəndi”, “mollanın yaşadığı kənd”  mənasını verir.

Arxeoloq R.Nəzərov 1927-ci il sentyabrın 22-də Lerikin Veri kəndində arxeoloji qazıntı işləri aparmışdır. O, tədqiqatla bağlı apardığı qeydlərində Veri kəndinə gedərkən keçdiyi yaşayış məntəqələrinin adlarını da qeyd etmişdir. R.Nəzərov qeydlərində Mollakəndin adını Molladi kimi yazmışdır. Burada Molladi hibrid sözdür. Yəni, toponim Azərbaycan dilində “molla” (ərəb dilindən alınma sözdür) və talış dilində “di” – kənd sözlərinin birləşməsindən yaranmışdır.

Sonralar isə kəndin adı Mollakənd kimi rəsmiləşdirilmişdir. Mollakənd artıq kalka, yəni tərcümə olunmuş addır. O, talış dilində olan Məlodinin Azərbaycan dilində olan variantıdır. Əslində yer adları tərcümə olunmamalıdır. Yer adları olduğu kimi deyilməli və yazılmalıdır.

Beləliklə, Məlodi, Molladi və Molakənd adları hər üç halda “mollanın kəndi”, “molla yaşayan kənd” mənasını verir.

Respublikamızda olan Mollakənd (Kürdəmir r., kənd), Mollalar (Ağdam, Laçın, Tovuz r., kənd), Mollalı (Bərdə, Cəlilabad, Qubadlı, Oğuz r., kənd), Mollaoba (Masallı r., kənd, Lənkəran r.-nunun Boladi və Vilvan kəndlərində məhəllə) toponimləri də bu qəbildəndir.

Qeyd edək ki, molla ərəb sözü olub, dini rütbə, ruhani ayinlərin icrası ilə məşğul olan şəxsə deyilir.

                                                                       İldırım Şükürzadə

 Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi