“Səvfət-üs-səfa” əsəri Səfəvi xanədanının əcdadlarından biri, XII – XIV əsrdə yaşamış sufi şeyxi, Şeyx Zahid Gilaninin müridi, Şah İsmayılın 5-ci babası, səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin İshaq Ərdəbilinin həyatı ilə bağlı rəvayətlərə həsr olunmuş iri həcmli əsərdir.
Əsər və onun müəllifi haqqında. “Səvfət-üs-səfa” və ya “Əssəs ül-məvahib sünniyyə fi mənaqib əs-səfəviyyə” əsəri İbn Bəzzaz adı ilə məşhur dərviş Təvəkküli bin İsmayıl bin Hacı Ərdəbili tərəfindən yazılmışdır. Əsərin müəllifi İbn Bəzzaz Ərdəbili Şeyx Səfiəddin Ərdəbilinin oğlu Şeyx Sədrəddin Musanın müasiri olmuşdur. O, bu kitabı uzun müddət ərzində yazmış və 759 h.q., (miladi 1357) ildə bitirmişdir. Əsərin müəllifi haqqında çox az məlumat vardır. Onun Ərdəbilli olması və əsəri Şeyx Sədrəddinin tövsiyəsi ilə yazdığı məlumdur.
Şeyx Səfiəddin haqqında. Şeyx Səfiəddin dövrünün görkəmli sufi alimi, Elxani hökmdarlarından Olcaytu və Əbu Səidin müasiri olmuşdur. O, h.q.650-ci ildə Ərdəbil yaxınlığındakı Kəlxuran kəndində Şeyx Əminəddin Cəbrailin ailəsində dünyaya göz açmış, h.q.675-ci ildə Şeyx Zahid Gilaninin yanında müridliyə başlamışdır. 25 il Şeyx Zahid Gilaninin yanında müridlik etmiş, onun qızı Bibi Fatimə ilə evlənmiş və Şeyx Zahidin vəfatından sonra Ərdəbilə qayıdaraq, mürşidlik etməyə başlamışdır. H.q. 735-ci ildə Ərdəbildə vəfat etmişdir.
“Səfvət üs-səfa” əsərinin nüsxələri haqqında. Kitabın ilk nüsxələri günümüzə gəlib çatmamışdır. Əsərin hazırda əldə olan ən qədim nüsxəsi İstanbulda Aya Sofiya kitabxanasında saxlanılan və yazılma tarixi h.q. 896 ilə aid nüsxədir. Əsərin sonrakı nüsxələri Səfəvi şeyxlərinin əmri ilə müxtəlif təhriflərə məruz qalmışdır. Bu təhriflər ilk növbədə Səfəvi nəslinə saxta seyidlik sənədinin düzəldilməsi və Şeyx Səfiəddinin sünni məzhəbinə aid olması haqqındakı məlumatların çıxarılması ilə əlaqədardır. Belə təhriflərdən birinin müəllifi, Şah Təhmasibin əmri ilə bu işi görən Mir Əbülfəth Hüseyni əsəri “təshih etmək” əmrinin səbəbini müəllifin (İbn Bəzzazın) sünni təriqətinə mənsub olması ilə əsaslandırır. Şah İsmayıl və onun xələfləri təhriflərin izini gizlətmək üçün əsərin bütün qədim nüsxələrinn yox etməyə çalışsalar da, əsərin bir neçə nüsxəsi, o cümlədən Aya Sofiya nüsxəsi daha az təhriflərlə günümüzə gəlib çatmışdır. Həmin nüsxə görkəmli İran alimi Qulamrza Təbatəbai Məcd tərəfindən əsas götürülərək digər nüsxələri də nəzərə almaq şərti ilə 1994-cü ildə Təbrizdə nəşr edilmişdir.
Hazırkı məqalə İbn Bəzzaz Ərdəbilinin əsərinin həmin çap nüsxəsi əsasında hazırlanmışdır. Bu əsərdə orta əsr Talışına aid qiymətli coğrafi, tarixi və etnoqrafik məlumatlar vardır. Bunlara bir çox yer adları, Şeyx Səfiəddinin dövründə İranda və Talışda hökmranlıq edən şəxslər, eləcə də bəzi linqvistik və etnoqrafik məlumatlar aiddir. Bununla yanaşı əsərdə diqqəti cəlb edən məqamlardan biri “talış” istilahının çox az işlənməsidir. Talışın coğrafiyasına aid danışarkən müəllif birmənalı olaraq yalnız Gilan anlayışını istifadə edir. Hətta linqvistik materiallarda belə müəllif talış sözlərini qeyd edərkən onlardan Gilan dili (be zəban-e gilani) kimi bəhs edir. Talış sözü bir neçə dəfə yalnız etnik mənsubiyyəti bildirmək üçün istifadə edilir.
Aşağıda “Səfvət üs-səfa” əsərində adı çəkilən, Talışa və ya ona qonşu olan yerlərə aid qısa məlumat verilmişdir.
- İsfəhbod Gilanı – Əsərdə Şeyx Səfiəddinin mürşid axtarışında olarkən ona Şeyx Zahidin yeri belə nişan verilir: “Əmir Abdullah dedi:-Şeyx Zahidin yeri İsfəhbod Gilanındadır…O Gilan ki sizin vilayətə (Ərdəbilə) yaxındır. Onun xəlvəti dəniz kənarında…şərqdən açıqdır…günəş tülu edərkən şüası ora düşür…” İsfəhbod Gilanının və onun hakimi Məlik Əhmədin adı (bəzi yerlərdə padşah titulu ilə) “Səfvət-üs-səfada” dəfələrlə çəkilir.
İsfəhbod əyaləti Şimali Talışda orta əsrlərdə geniş tarixi vilayət olmuş və Talışın Azərbaycan Respublikasında olan hissəsinin əksəriyyətini, İran Astarasının ətrafını və indiki Ərdəbil ostanının Gilana yaxın hissəsini əhatə etmişdir. İsfəhbod hakiminin (padşahının) oturduğu yer hazırda Astara rayonunun İranla sərhəd zonasında qalan Şindan qalası olmuşdur. Mənbələrdə bu yerin adı İsfəhbod, Sepəhbod kimi qeyd olunmuşdur. Orta əsr mənbələrindən biri, Tarix-e Olcaytu” kitabının müəllifi Əbülqasim Kaşani Gilanın ərazisini təsvir edərkən qeyd edir: “…Rudsərdən Şindana, yəni Sepahbod məmləkətinin padşahının məqamına qədər ki, oranın eni və uzunluğu iki günlük yoldur. …bu tərəfdə Muqan Gilana sərhəddir… Sepahbod məmləkəti və vilayətində ki, oranı Gilan əhlinin adəti ilə Siyah Gilan adlandırırlar.”
Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərində Cilan (Gilan) ərazisi təsvir edilərkən İsəfboddan dördüncü iqlimdə yerləşən, orta ölçülü, çoxlu nahiyəyə və yüzə yaxın kəndə malik şəhər (vilayət) kimi söz açılır.
Talış şeyxlərinin şərhi-halına həsr edilmiş “Məqalat-i Seyyid Niki” əsərində İsfəhbod hakimləri Astara padşahı kimi təqdim olunur, lakin oturduğu yer Şindan, titulu isə Əspar, yaxud Əsbar (şimal dialektində “aspo”) kimi qeyd olunur (Əsbar Məhəmməd, Əsbar Salar və s.).
- Xanbili – “Xanb-li Gilanda nahiyədir ki, orada Helyəkəran və Siyavərrud kəndləri yerləşir”. Xanbili Şimali Talışın ən qədim məntəqələrindən biridir. Adı ilk dəfə X əsrə aid farsdilli anonim “Hüdud əl-aləm” əlyazmasında (“Xanb-li” kimi) çəkilir. Talış şeyxlərinin şərhi-halına həsr edilmiş “Məqalat-i Seyyid Niki” əsərində adı Xanbili və ya Xunbili şəklində qeyd olunur. Hazırda Lənkəran rayonununda Xolmili adında kənd vardır. “Səfvət-üs-səfada” qeyd edildiyi kimi, dənizə yaxın olduğuna və yaxınlığında Siyavər kəndinin indi də mövcud olduğuna görə heç şübhəsiz söhbət Xolmilidən gedir.
- Siyavərrud (mətndə bəzən Savrud, Siyahrud, Siyavərd) – Xanbili nahiyəsində, dəniz kənarında kənd. Mətndən belə aydın olur ki, burada gəmiçilik mövcud olmuşdur. Hal-hazırda Lənkəran rayonunda dəniz kənarında, Xolmili (Xanbili) kəndinin yaxınlığında Siyavər adında kənd vardır. Talışda bu adla bir neçə kənd olsa da, deyilən əlamətlərə yalnız həmin kənd uyğundur.
- Həlyəkəran – Xanbili nahiyəsində kənd. Digər nüsxələrdə bu ad Həlbəkəran və s. kimi də qeyd olunmuşdur. Bir çox müəlliflərin fikrincə bu hazırkı Lənkəran rayonunun Şıxəkəran kəndidir. Hazırda həmin kənddə Şeyx Zahid Gilaninin məzarı olduğu güman edilən ziyarətgah vardır.
- Şendan (Şindan) – Mətndə bir dəfə Gilan yolunda aşırım kimi adı çəkilir. Hal-hazırda Astara rayonunun İran ilə sərhədində dağda Şindan qalasının qalıqları mövcuddur. “Nüzhət əl-qüluba” görə Şindan qalası Babəkin istehkamlarından biri olmuşdur. Digər tarixi mənbə, “Tarix-e Olcaytu” əsərində Şindan orta əsrlərdə Esfəhbod Gilanının padşahının oturduğu yer kimi qeyd olunur.
- Butəsər – Gilanda, Malavan kəndində məqam. Butəsərin adı əsərdə bir neçə dəfə, əsasən Seyid Cəmaləddinin müridlərindən bəhs edərkən çəkilir. Butəsər (Putəsər) adı indiki Pensər kəndəinin qədim adıdır. Mətndən Şeyx Səfiəddinin vaxtında Butəsərin iri yaşayış məntəqəsi olduğu görünür. Şeyx Səfiəddinin müridləri arasında bir neçə butəsərli şəxs (Butəsər Gilani nisbəsi ilə) qeyd olunmuşdur. XIX əsr – XX əsrin əvvəli Rusiya xəritələrində Pensər kəndinin yerində Butəsər (Бутасаръ, Путасаръ) qeyd edilmişdir.
- Malavan – Xanbili nahiyəsində Seyid Сəmaləddinin yaşadığı kənd (diyeh). Səfvət-üs-səfanın naşiri Qulamrza Təbatəbai Məcd izahlarda həmin yerin Rəşt yaxınlığndakı Malavan kəndi olduğunu qeyd edir, lakin bu coğrafi cəhətdən Butəsərə xeyli uzaq olduğu üçün məntiqsiz görünür. Astara rayonunun Şiyəkəran kəndinin ağsaqqallarının dediyinə görə, kəndin əsil adı Moləvon (fars təbiri ilə Maləvan) olmuşdur. Şübhəsiz bu həqiqətə daha yaxındır.
- Əstarabad-e Gilan – Astara şəhərinə işarədir. Mətndə Əstarabad, Əstarə və ya Əstərabad kimi getmişdir. Əstarabad-e Gilan şəklində yazilmasının səbəbi yəqin ki, Gürgandakı Əstərabad (Estərabad) şəhərindən fərqləndirmək olmuşdur.
- Hiran – Gilanda dağ aşırımı və yolu. Hal-hazırda Ərdəbillə Astara arasında Talış dağlarındakı aşırım Heyran adlanır və yaxınlıqda eyni adlı kənd vardır. Digər orta əsr mənbəsində (“Məqalat- Seyyid Niki”) bu aışırım Heran şəklində yazılıb və dumanlı yer olduğu qeyd olunur (talışca hır, cəmi hıron “dumanlar” mənasını verir). Güman ki, ilk ad həqiqətən Hıron olmuş və fars üslubu ilə Heran, Hiran kimi yazılmış, daha sonralar isə bu adın yazılşı ərəbləşdirilərək təhrif edilmişdir.
- Kəkəlas – Gilanda kənd, mətndə bir dəfə, Şeyx Səfiəddinin Siyavərruddan Kəlxurana gedərkən gəmi ilə Siyavərruddan Kəkəlasa qədər, oradan quru yolu ilə getməsi qeyd olunur. Müəllif eyni zamanda Siyavərrud ilə Kəkəlas arasında məsafənin az olmasını da qeyd edir (məsafət bəs əndək bud). Kəkəlas adına “Əxbarnamədə” də rast gəlinir. Şübhəsiz ki, bu müasir Astara rayonununun Kakalos kəndinə işarədir. Maraqlı burasıdır ki, hazırda Kakalos kəndi dəniz sahilindən uzaqdır. Amma XIII əsrdə Xəzər dənizinin səviyyəsinin bəzi məlumatlara görə 5 m yüksəlməsini nəzərə alsaq Kakalosda gəmiçiliyin mövcud olmasına şübhə qalmır.
- Deriğ – Talışda mahal, Şeyx Zahidin zamanında bu mahalın hakimi Əhməd Dehxodayan (Dehxoda) imiş, əsərdə bir neçə dəfə İsfəhbod Gilanının hakimi Məlik Rüknəddin Əhməd ilə konflikti qeyd edilir, və Deriğ hakiminin daha zəif qüvvəyə malik olması görünür. Deyilənlərdən Deriğin İsfəhbod Gilanına tabe olması, yaxud müstəqil nahiyə olması aydın olmur. Lakin Fəzlullah Rəşidəddinin Şeyx Səfiəddinin səma məclisi üçün həvalə göndərməyi göstəriş verdiyi məktubunda Deriğ Astaradan ayrı qeyd olunur. Deriğ sonralar yaranmış Talış xanlığının Deriğ mahalına uyğun gəlir. Ərazisi hazırda əsasən Lerik rayonuna, qismən isə Lənkəran rayonuna Hazırda Dırığ, talışca Değ, əhalisi değıj adlanır.
- Ləngərkünan – Gilanda şəhər. İndiki Lənkəran şəhərinin fars üslubu ilə adı. Mətnə görə, Şeyx Zahidin dövründə burada gəmiçilik mövcud olmuşdur. “Səfvət –üs-səfada” adı bir dəfə, Şeyx Zahidin son günlərində vəsiyyətinə görə Güştasfidən (Surə Mərvə adlı yerdən) Siyavərruda gətirilən zaman gəmidən Ləngərkünanda enməsi qeyd olunur. Lənkəran şəhərinin adı başqa orta əsr mənbələrində və xəritələrində də Ləngərkünan şəklində qeyd olunmuşdur. “Məqalat- Seyyid Nikidə” sufi şeyxi Baba Hacı Ləngərkünaninin kəramətlərindən bəhs olunur.
- Bəhr əlalə – ? Gilanda dağlıq məntəqə. Şeyx Zahidin atasının orada yaşadığı göstərilir.
- Sərdabsər – ? Gilanda Xanbili yaxınlığında dağlıq nahiyə. Mətndəki hekayəyə görə, Şeyx Zahidin olduğu yerə yaxın olmuşdur. Yerini müəyyən etmək mümkün olmadı.
- Aşiğə hir – Siyavərrudda Şeyx Zahidin bicar yerinin (berenczar) adı. Hekayətə görə, orada işlərin bir qismini insanlar, qalanını pərilər və cinlər görərdi. Talış dilində hi (hir) əkin sahəsinə deyilir.
- Dirkədi – Gilanda yer, naməlum
- Miyanşəhr-e Gilan – Gilanın Talış hissəsində orta əsr şəhəri. Əsərdə Şeyx Zahidin pambığı düyüyə dəyişmək üçün Butəsərdən ora getdiyi qeyd olunur. Hal-hazırkı xəritələrdə qeyd olunmur. Lakin son orta əsr Avropa xəritələrində Lisar ilə Gəskər arasında Miyanşəhr adlı məntəqə qeyd edilir.
- Nouşəhr-e Dəştavənd (başqa bir yerdə Əştavənd) – Gilan və Muğan arasında məntəqə. Talış xanlığının mahallarından biri Dəştvənd adlanmışdır.
- Sə’dəkəran – Xanbili nahiyəsində kənd, rəvayətə görə Şeyx Zahidin qəbri olan yer (Siyavərud) solda Sədəkəran sağda Butəsərlə qonşu imiş. Hazırda Lənkəran rayonunda Siyavərdən solda (yəni şimalda) Seydəkəran kəndi mövcuddur.
- Siyahbələrin – Mətndə “Siyahb-l- rin”. Siyavəruddan yuxarı dağda məntəqə. Əsərdə bir hekayətə görə, dənizin suyu yuksəlib Şeyx Zahidin qəbrinə çatdığından Şeyx Zahidin oğlu Hacı Şəmsəddin və Şeyx Sədrəddin qəbri daha yüksək yerə, yəni Siyahb-l-rinə köçürməyi qərara alırlar. Lakin dənizin suyu qəflətən geri çəkildiyindən bu fikir icra edilmir. Lənkəran rayonunun Siyobili kəndinə işarə olması mümkündür.
- Tul – Gilanda nahiyə. Əsərdə bir neçə dəfə adı əsasən Alariq mahalı ilə davalarda adı çəkilir. Orta əsrlərdə Talışda yarımmüstəqil əmirliklərdən biri olmuşdur. Ərazisi hazırda Talış şəhristanının dağlıq nahiyəsinə uyğundur.
- Rəngin – Gilanda məntəqə. Şeyx Səfiəddinin şəcərəsindən danışarkən müəllif onun babalarından biri, Firuzşah Zərrinkolahın Gilanda, Rəngin adlı yerdə yaşadığını qeyd edir. Hazırda İran Talışında, dağlıq hissədə Rənginə huni adlı yaylaq yeri mövcuddur.
- Gəskər – Mərkəzi Talışda (Talışdolab nahiyəsində) qədim yer. Mətndə bir dəfə bir nəfər dərvişin Cilan Gəskərindən Əstərabada gedərkən Lisar və Camikuh arasında müharibəyə rast gəlməsindən bəhs edilir.
- Lisar – Mərkəzi və Şimali Talış arasında qədim vilayət. Adı bircə dəfə çəkilir. Hal-hazırdaGilanın Talış (Həştpər) şəhristanına daxildir.
- Şabəkəran – dəqiq yeri göstərilmir.
- Gəzindəşt – mətndə Kərbindəşt, başqa nüsxələrdə Kəzindəşt kimi adı çəkilən yerin İsfəhbod Gilanında (yəni Astara ətrafında) olduğu qeyd edilir. Hal-hazırda belə bir yer mövcud deyil. “Məqalat-i Seyyid Niki” əsərində də Şeyx Baba Əli Gəzindəştinin kəramətlərindən bəhs edilir. Gəzəndaşt adlı müqəddəs yer Səid Əli Kazımbəyoğlunun “Cəvahirnameyi-Lənkəran” əsərində də qeyd olunur. Astara rayonunda Ərçivan kəndi yaxınlığında Gəzəndaşt türbəsi adlı ziyarətgah vardır.
- Camekuh (Camikuh) – İranda, Gilan ostanının Talış (Həştpər) şəhəri yaxınlığında dağlıq yer.
- Vilkic – Ərdəbil yaxınlığında, əhalisi talışlardan ibarət məntəqə. Əsərdə V-lk-c barəsində Ərdəbilə bağlı nahiyə kimi bəhs olunur. Vilgic mahalı Talış xanlığının nahiyələrindən biri olmuş, Rusiya – İran müharibələrindən sonra İranın tərkibində qalmış, Talış xanlarının övladları tərfindən idarə olunmuşdur. Hazırkı Ərdəbil ostanının Nəmin şəhristanına uyğundur. Əhalisi sünni və şiə talışlardan ibarətdir.
- Muqan – Talışa qonşu ərazilərdən, mətndə məhz Muqan kimi getmişdir.
- Güştasfi – Xəzər dənizi sahilində, Kür çayı yaxınlığında qədim vilayət. Həmdullah Qəzvini “Nüzhət əl-qülub” əsərində Güştasfinin əsasının Güstasp ibn Luhrasp tərfindən qoyulduğunu və əhalisinin Gilanın dilinə yaxın pəhləvi dialektində danışdığını qeyd edir.
- Mahmudabad – Güştasfi vilayətində şəhər. Elxani hökmdarı Qazan xanın iqamətgahlarından biri. Əsərdə iki Mahmudabadın (köhnə və yeni) olduğu, köhnəsinin su altında qaldığı bildirilir. H.Qəzvini Mahmudabadın dəniz sahilində Qavbari çölündə olduğunu bildirir. Hazırda mövcud deyil.
- Biləsəvar – Muğanda nahiyə, Biləsuvar.
- Həmaşəhrə – Muğandakı nahiyələrdən biri. Həmdullah Müstövfinin“Nüzhət əl-qülub” əsərində adı qeyd edilir. Hazırkı Cəlilabad rayonunun ərazisində olmuşdur. Adı Həməşərə çayında (səhvən Mişarçay kimi qeyd edilir) saxlanmışdır.
- Gərməkuh – Güştasfidə məntəqə. Şeyx Zahidin oğlu Hacı Şəmsəddinin məzarı orada olmuşdur.
- Alarıq – mətnə görə Ərdəbil nahiyəsində Gilana yaxın məntəqə. Mətndə bir neçə dəfə Alariq camaatı ilə Tul arasında müharibələr qeyd olunur.
“Səfvət üs-səfa” əsərində Talış haqqında qiymətli məlumatlar bununla bitmir. Əsərdə az da olsa Talışın etnoqrafiyası və dilinə aid məlumatlar vardır. Bunları daha sonrakı məqalədə araşdırmaq məqsədimiz vardır.
İstifadə olunmuş ədəbiyyat:
- İbn Bəzzaz Ərdəbili. “Səfvət üs-səfa”. Naşir Qulamrza T. Məcd. Təbriz, 1994.
- Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. “Əxbarnamə”. Bakı, 2000.
- Xasəddin Səlabsərayi Navi Talışi. Məqalat-i Seyyid Niki. Naşir Ş.Azmudə. Talış (Həştpər), Gilan, 1378 (h.ş.).
- Səid Əli Kazımbəyoğlu. Cəvahirnameyi-Lənkəran. Bakı, 2000.
- Хамдаллах Казвини. Нузхат аль-кулуб. Баку, 1983.
Şəvnışt 2006, 6-cı nömrədə