“Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

                                                                   HEYDƏR ƏLİYEV

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkədə ordu quruculuğu işinin prioritet elan olunması nəticəsində bu sahədə aparılan islahatlar, vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər bu vacib qurumda zəruri irəliləyişlərin əldə olunması üçün stimul rolunu oynamışdır.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Ordu-dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin edən əsas qüvvə kimi dövlət quruculuğunun tərkib hissələrindən biridir.  Çox təəssüf ki, müharibənin ilkin dövrlərində Azərbaycan xalqı özünün dahi oğlundan, görkəmli dövlət xadimi Heydər Əliyevdən uzaq düşmüşdü. Həmin keşməkeşli, ağır günlərdə isə ölkəni düzgün istiqamətdə apara biləcək ikinci bir lider yox idi. Nəhayət, ölkəyə rəhbərlik edənlər öz səriştəsizlikləri ilə Azərbaycanı məhvolma həddinə çatdırdılar və bu zaman xalq özünün yeganə və düzgün qərarını verdi: ulu öndər Heydər Əliyevin Bakıya qayıdışı və hakimiyyət sükanını öz əlinə alması təkidlə tələb edildi. Bununla belə, Azərbaycan müstəqilliyə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil ordunun yaradılması yalnız milli lider Heydər Əliyevin 1993-cü ilin ortalarında hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz bundan sonra Azərbaycanda real və ciddi ordu quruculuğu prosesinə start verildi. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Ali Baş Komandanın Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü uzaqgörən və uğurlu diplomatik siyasət artıq münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq qurumlara çatdırılmasında mühüm təsir göstərir, bir sıra ölkələr yeri gəldikcə, nüfuzlu mötəbər tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini pisləyir, işğal altında olan torpaqların azad edilməsini səsləndirirlər. Prezident cənab İlham Əliyev demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.

 

Çağdaş Azərbaycanda xalq-ordu münasibətlərini Heydər Əliyevin əsgərlərə müraciətlə dediyi bu sözlər çox dəqiq əks etdirir: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”. Ulu öndərin bu sözləri onun böyük strateq və dövlət xadimi olmaqla yanaşı, həm də əsl sərkərdə ruhuna malik olduğundan xəbər verir.

 

Ən əlamətdar faktlardan biri ondan ibarətdir ki, bu gün gənclərimiz ordu sıralarına böyük sevinc hissi ilə gedir və hərbi xidmətə ən müqəddəs borc kimi baxırlar. Çünki bütün Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla ölkəmizi hər an düşmən tapdağından azad etməyə hazır olan Milli Ordumuzu qürur mənbəyi kimi görür və onunla öyünür.

Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistanın atdığı növbəti qanlı təxribata rəşadətli ordumuz tərəfindən layiqli cavab verildi və verilməkdə davam edir. 30 illik səbrin, təmkinin tükəndiyi bir vaxtda xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri altında Qarabağ torpaqlarının Ermənistanın işğalından azad edilməsi sevincini yaşamağa başladı. 30 ilin faydasız danışıqları, mənasız sülh çağırışları, əfsuslar olsun ki, nəticəsiz qaldı. Xalq-Prezident, xalq-dövlət, xalq-ordu birliyimiz bu gün bütündünya üçün əsl nümunədir. Azərbaycan üçrəngli bayraqlarla bəzənib. İnsanlar “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirib ordumuzla, dövlətimizlə həmrəy olduqlarını nümayiş etdirirlər. Heç kimin torpağında gözü olmayan, öz əzəli torpaqlarına qovuşmaq istəyən Azərbaycan xalqı səbirlə 30 il bu günü gözlədi. Bu Vətən müharibəsidir, bu gün bütün azərbaycanlılar ordumuza dəstəkdir, onun yanındadır. Xalqımızda və ordumuzda döyüş ruhunun necə yüksək olduğunu, eyni zamanda xalqın birliyini və həmrəyliyini görən işğalçı Ermənistan ordusu silah-sursatlarını, hərbi texnikalarını döyüş meydanında qoyub geri qaçırlar və dinc əhalimizi nişana almaqla müxtəlif təxribatlar törətməkdən çəkinmirlər. Bunun da nəticəsində çoxsaylı evlər dağılır, günahsız insanlar, hətta uşaqlar həlak olurlar. Bununla belə, 10 günlük Vətən müharibəsinin möhtəşəm nəticə əldə olundu. Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi ki, “Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Prezident İlham Əliyevin danışıqlar dövrü ərzində fəaliyyətinin böyük hissəsini ölkəmizdə etibarlı hərbi sistem qurmağa, özünəməxsus döyüş taktikası hazırlamağa, Azərbaycan Silahlı Qüvvələrinin modernləşməsinə həsr etməsi uzaqgörənliyinin məntiqi nəticəsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ordumuzun inkişafına daim qayğı göstərməsi, onun daha da qüdrətli olması üçün bütün tədbirlərin həyata keçirilməsi sayəsində güclü Milli Ordumuz daha da təkmilləşir. Bu gün ordumuzun qarşısında çox mühüm vəzifələr durur. Əsas vəzifə torpaqlarımızın düşmən əsarətindən azad edilməsidir. Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir. Qüdrətli ordumuz isə Vətənimizi yağılardan qorumağa, işğal altında olan torpaqlarımızı azad etməyə həmişə hazırdır.

      Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi son uğurlu əməliyyatları ölkə vətəndaşları yüksək qiymətləndirirlər. Torpaqlarımız hissə-hissə azad olunduqca bütün Azərbaycan xalqı sevinir. İnanırıq ki, üçrəngli Azərbaycan bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Orxan Musayev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü