“Zizə”ədəbi-bədii məclisi Çoxdan belə bir məclis yığmaq haqda düşünürdük. Təkcə Talış-Muğan bölgəsində deyil, həm də ölkəmizdə ilk dəfə bu formatda bir məclis yığmaq həm maddi, həm də mənəvi dəstək istəyirdi. Təxminən bir ilə yaxın məclisimizin hazırkı sədri Ədalət Əkbərlə bu mövzuda bir sıra müzakirələrimiz oldu, bir sıra görüşlər keçirtdik. Bizi dəstəkləyənlər də oldu, qınayanlar da.. Bizə qədər hələ heç kim yaradıcı gəncləri bir yerə toplamaq, onları ictimaiyyətə təqdim etmək və tanıtmaq haqda düşünməmişdi desəm, haqsızlıq etmiş olaram bəlkə.. Gənc yaşlarımdan qələm əhlinin içində olduğumu nəzərə alsaq mən belə bir layihə haqqında nə oxumuşdum, nə də onun mövcudluğu barədə eşitmişdim… İlkin olaraq, “Zizə” ədəbi-bədii məclisini təşkil etmək, yaradıcı gəncləri (şairləri, yazıçıları, musiqiçiləri, rəssamları, bədii qiraətçiləri və s.) bir yerə toplamaq, onları bu məclis haqda məlumatlandırmaq məqsədilə bir sıra görüşlər keçirdik, söhbətlər etdik və nəhayət qərara aldıq ki, başlayaq… İlkin olaraq səsimizə bölgəmizin hörmətli ağsaqqallarından olan Hacı Mirzəbala Əliyev səs verdi. Daha sonra sevilən muğənnimiz Elvar Ağayev, gözəl qəzəlxan şairimiz Xilqət və istedadlı şair-rəssam Bahaddin Əsədov da bizə qoşuldu. Bu layihənin daha geniş şəkildə tətbiq etməkdən ötrü öz aramızda məsləhətləşmələr apardıq və yekdil şəkildə şair Ədalət Əkbər “Zizə” ədəbi-bədii məclisinə sədr seçildi . “Zizə” ədəbi-bədii məclisi təkcə talış dilli yazarlar üçün deyil, həm də bölgəmizdə yaşayıb-yaradan digər xalqların nümayəndələrini də təmsil edə biləcək bir məclisdir. Məclislərimizdə həm dövlət dilimiz olan azərbaycan dilində, həm də talış dilində əsərlər səsləndirilir. Hər məclisimizə fəxri qonaq qismində bölgəmizin dəyərli insanlarını dəvət edirik ki, bu da gənc nəsillə yaşlı nəsil arasında vəhdət qurmaq məqsədi daşıyır. Məqsədimiz yerli gənc yazarlarda dünyanın ən zəngin dillərindən biri olan ana dilimizə maraq oyatmaqdır. Ay ərzində sosial şəbəkələr üzərindən WhatApp və Facebook qruplarında etdiyimiz paylaşımlarımızı hər ayın yekunu olaraq keçirdiyimiz məclislərdə müzakirə edir, qiymətləndiririk. Məclislərimiz YouToube kanalında “Zizə Tv” loqosuyla yayımlanır və bir xeyli izləyici sayına malikdir. Artıq dördüncü məclisimiz də izləyicilərin ixtiyarına verilmişdir … Sevindirici haldır ki, gənclərimiz “Zizə” ni sevir, onun üzvlərinin artması və məclis olaraq inkişaf etməsində əllərindən gələni əsirgəmirlər. Bir sıra gənclərimizin həm fərdi, həm də “Zizə” dəki fəaliyyəti bizi çox sevindirir. Bu gəncləri aşkar etmək, onları bir yerə toplamaq, yaradıcıqlarına təkan vermək çətin olduğu qədər də məsuliyyətli bir iş olduğuyla yanaşı, biz həm də bu gənclərin necə həvəs və maraqla bu məclisə gəldiklərinin şahidi oluruq. Ən yaşlı üzvümüz olan Bahaddin Əsədovdan başlayaraq ən kiçik üzvümüz Rüqəyya Əkbərliyə qədər hər kəs üzərinə düşən məsuliyyəti dərk edir və “Zizə” ədəbi-bədii məclisinin uğurlara doğru daşımaqdan ötrü əlindən gələni əsirgəmir . “Zizə” ədəbi-bədii məclisi bir neçə istiqamətdə öz fəaliyyətini davam etdirir. Məclisimiz daxili vəzifə (təşkilatçılıq) qruplarına bölünmüş, təşkilatçıların hər biri öz sahəsi üzrə qruplara nəzarətçi olaraq təhkim edilmişdir. Məclisin musiqi tərtibatı və gənc musiqiçilərin məclisimizdəki fəaliyyəti gözəl muğənnimiz Elvar Ağayevin, toponimşünaslıq, folklorçuluq və digər məsələlər Hacı Mirzəbala Əliyevin, dilşünaslıq və şeir (daha çox qəzəlxançılıq) Mirtağı Xilqətin, təsviri incəsənət və rəssamlıq qrupu Bahaddin Əsədovun ixtiyarına verilmişdir ki, hər kəs də öz biliyini gənclərdən əsirgəmir. İctimaiyyətin məlumatlandırılması, məclisin fəaliyyəti ohaqqında informasiya, sosial şəbəkələrdə qrupların idarə olunması və digər məsələlər isə Bəhram Şəmsin ixtiyarına verilmişdir Gözəl ustad şairimiz Allahverdi Bayrami məclisimizin fəxri üzvüdür və biz onun dəstəyini məclisimizin hələ ilk günlərindən indiyə qədər hiss edirik. Tarixçi həmyerlimiz Əli Ağayevin məclisimizə qatılmasından sonra fəaliyyətimiz daha da geniş vüsət almışdır. Biz həm də tariximizin gənclərimizə qaranlıq qalan səhifələrinə aydınlıq gətirmək üçün araşdırmalar aparmaqla yanaşı, tarixi yerlərimiz və tarixi şəxsiyyətlərimiz barədə də onlara məlumat veririk. “Zizə” ədəbi-bədii məclisinin qadın üzvləri də fəaliyyətə başladığımız müddətdə yaradıcılıqları ilə məclisimizin daha da rəngarəng olmasına şərait yaradırlar. Belə ki, onların sayının artmasına və daha da inkişaf etməsinə  “Zizə”  ədəbi-bədii məclisinin təşkilatçıları olaraq inanırıq və onlara güvənirik.

“Zizə” ədəbi-bədii məclisi siyasətə qarışmayan və qapıları hər kəsin üzünə açıq olan bir ictimai məclisdir. Yarandığı az müddət ərzində kifayət qədər gənc üzvlərimiz vardır və gənclərin “Zizə” yə gəlişinə, onların “Zizə” yə bundan sonra da cəmiyyətimizə faydalı insan kimi yetişməyə inanaraq gəlmələrinə ümid edirik. Yaradıcı gəncləri məclisimizdə gözləyirik. Özünə güvənən hər bir yeniyetmə və gənc heç bir ödəniş  etmədən məclisimizə üzv ola bilər. Qarşıda gələn aylarda “Zizə” ədəbi-bədii məclisinin ilk almanaxını çap etməyi planlaşdırmışıq və artıq bu öndə işlərə başlamışıq. Talış-Muğan zonasında yaşayan, yaradıcılıqla məşğul olan, milliyətindən aslı olmayaraq bütün gəncləri və yeniyetmələri, istedadı olan hər kəsi “Zizə” ədəbi-bədii məclisinə dəvət edirik. Bu gənclərin hər birinə inanırıq və onlara uğurlar arzulayırıq . Xüsusi olaraq, “DODO” qəzeti üçün Hörmətlə …

 

Bəhram Şəms