VƏTƏN TORPAĞI

 

Nə gözəl ətri şəhadətdi, vətən torpağı

Basıb öz bağrına, qan içrə çəmən torpağı

 

Qara günüm Qarabağ, indi bəyazlar geymiş

Çıxarar ağ günə, bəlkəm bu kəfən torpağı

 

Qədəmi nuri’ müqəddəs ananın rizvanə

Tutur İslami Rəsul, ol kəsə tən torpağı

Bu vəqur ahi hərarətli edən, vallahi

Gömülən hər şühəda paki bədən torpağı

 

Qarabağ, cümlə vüsalın, yayılır hər yanə

Şükür olsun alırıq pari-pərən torpağı

 

Bir ümidgahi şəfaətdir, Hüseynin qəbri,

Lütfi Elməddinə qıl, Rai həmən torpaği

 

 

KÖLGƏLƏR

 

Gözündə hicr edən yaşı,közümdə kölgələr salıb,

Baxışların qədəm-qədəm,izimdə kölgələr salıb.

 

Qəm heybəti sətir-sətir,şeirlərimdə gizlidi,

Sənə həvalə etdiyim,sözümdə kölgələr salıb.

 

Əsərkən ayrılıq mehi,kədər tozu yanağlara,

Yığıldı qaldı dağ kimi,üzümdə kölgələr salıb.

Xəyalın anba’an ötən,buludların misalidi,

Günəş simanı seyr edən,gözümdə kölgələr salıb.

 

Sən Elməddinə et nəsib,namaz həqiqətin görüm,

Vicudi cismə səcdələr,dizimdə kölgələr salıb.