Qaqa Hüseyn türbəsi Lerik rayonunun dini-tarixi abidələrindən biridir. Türbə Lerik şəhərindən 20 km şimal-qərbdə, Talış sıra dağlarının Peştəsər silsiləsinin ətəyində, Pornaym mikroregionuna daxil olan Şivlə kəndinin ərazisində yerləşir. Adından da göründüyü kimi ziyarətgah Hüseyn adlı şəxsin adı ilə bağlıdır.
Yerli sakinlər türbəni (ocağı) Qəqə Hüseyni tıbə adlandırır. “Qəqə” talış dilində ataya, böyük qardaşa hörmət əlaməti olaraq deyilən addır. Qəqə/Qaqa Hüseynin şəxsiyyəti barədə dəqiq məlumat yoxdur. O, çox güman ki, İslam dininin təbliği ilə məşğul olmuş, əhali arasında böyük hörmət qazanmışdır. Məhz bunun nəticəsi olaraq qəbri ziyarətgaha çevrilmişdir. Şivlə kəndinin mərkəzində yerləşən türbənin yalnız bünövrəsi mühafizə olunmuşdur. Türbə üzərində heç bir tikili yoxdur, o, dəmir torla çəpərə alınmışdır. Mühafizə olunan bu hissədə üzərində müxtəlif təsvirlər olan sınmış başdaşılar vardır. Burada eyni zamanda böyük bir qəbiristanlıq da vardır. Qəbiristanlıqda olan başdaşıların üzərində insan başı, qılınc, xəncər, ox və s. təsvirlər həkk olunmuşdur.
Rəsmi sənədlərdə türbənin hansı dövrə aid olması faktı öz əksini tapmasa da, tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadəyə istinad edən Samir Kərimov türbənin XII əsrə aid edildiyini yazır (Lerik rayonunun arxeoloji abidələri. B., 2006, səh. 93). Bu faktı qəbul etmiş olsaq, Qaqa Hüseyn türbəsini Lerik rayonunun ərazisində ən qədim dini-tarixi abidələrdən saymaq olar.
Maraqlıdır ki, Lerik rayonu ilə bağlı yazılmış bir sıra kitablarda türbənin adı Qaqa Hüseyn deyil, Hüseyn Ata kimi qeyd edilmişdir. Qəqə/Qaqa adının Azərbaycan dilinə tərcümə edilərək Ata şəklində yazılması düşünürəm ki, heç də doğru deyildir. Çünki, ziyarətgah Qaqa Hüseyn adı ilə tanınır və bu fakt rəsmi sənədlərdə də öz əksini tapmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Qaqa Hüseyn türbəsi 4766 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi