Noyabrın 4-də “Fairmont Baku, Flame Towers” otelində Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Zəkiyyə İğilin ev sahibliyi ilə Əlcəzair İnqilabının 72-ci ildönümünə — Milli Günə həsr olunmuş rəsmi qəbul keçirilib. Tədbir iki ölkə arasındakı diplomatik, iqtisadi və mənəvi-mədəni bağların növbəti təzürünə çevrilib.

Diplomatik protokola uyğun olaraq tədbir Əlcəzair Xalq Demokratik Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri xanım Zəkiyyə İğilin nitqi ilə açılib. Səfir xanım 1954-cü il noyabrın 1-də başlanan şanlı Əlcəzair inqilabının tarixi əhəmiyyətini, xalqının müstəqillik uğrunda apardığı fədakar mübarizəni və verilən misilsiz qurbanları xüsusi vurğulayıb. Diplomat, Azərbaycan ilə Əlcəzair arasında beynəlxalq təşkilatlar (BMT, İƏT, Qoşulmama Hərəkatı) çərçivəsindəki səmərəli əməkdaşlığa, eləcə də “Sonatrach” və “SOCAR” arasında neft-qaz sahəsində möhkəmlənən strateji tərəfdaşlığa diqqət çəkib.

Daha sonra Azərbaycan Respublikası adından rəsmi nümayəndələr çıxış ediblər. Tədbirin fəxri qonağı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov və Azərbaycan Respublikası Energetika nazirinin müavini Kamal Abbasov başda olmaqla dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri və ictimaiyyət xadimləri Əlcəzair dövlətini və xalqını bu əlamətdar gün münasibətilə təbrik ediblər.

Çıxışların davamında Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Kəlağayı Ev Muzeyinin direktoru və Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Güllü Eldar Tomarlı söz alaraq iki xalqın tarixi və ədəbi həmrəyliyindən bəhs edib, Mirvarid Dilbazinin Əlcəzair mübarizəsinə həsr etdiyi poeziya nümunəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Əlcəzair xalqının 130 ildən artıq davam edən fransız müstəmləkəçiliyinə və ağır əsarətə karşı göstərdiyi əyilməz iradə Azərbaycan ədəbiyyatında dərin iz buraxmışdır. Tədbirdə qeyd olunub ki, Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında, Xalq şairi Mirvarid Dilbazinin Əlcəzairin milli qəhrəmanı Cəmilə Buhiredə həsr etdiyi “Əlcəzairli qız” poemasında və poetik irsimizin dəyərli nümunələrindən olan Əfrail Məhərrəmovun “Cəmilə” əsərində bu azadlıq mübarizəsi böyük ehtiramla qələmə alınmışdır. Səsləndirilən bu ədəbi parçalar və poemalar tədbir iştirakçılarında, xüsusilə də Əlcəzair nümayəndələrində dərin riqqət və unudulmaz təəssürat yaratmışdır.

Rəsmi hissədən əlavə, tədbirin təşkil olunduğu foye zalında Əlcəzairin zəngin mədəniyyətini və inqilab tarixini əks etdirən xüsusi sərgi təşkil edilmişdir. Foyedə Əlcəzairin azadlıq mübarizəsini tərənnüm edən Əlcəzair rəssamlarının təsirli rəsm əsərləri və gənc rəssam, məktəbli Aylin Musayevanın Əlcəzairin gözəlliyini, mədəniyyətini, zəngin irsini və iki ölkə arasındakı dostluğu yüksək bədii istedadla əks etdirən sənət nümunələri nümayiş olunmuşdur. Əlcəzair–Azərbaycan dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi bu dəyərli töhfəyə görə Aylin Musayeva təqdirnamə ilə təltif edilmişdir. Bununla yanaşı, Əlcəzairin milli geyimlərindən ibarət guşə və təqdimatlar qonaqların böyük marağına səbəb olmuşdur.Tədbir çərçivəsində keçirilən görüşlərdə “Dodo” qəzeti və portalı olaraq gələcəkdə bu kimi mədəni-maarifləndirici layihələrin, elmi-tədqiqat işlərinin və ədəbi təşəbbüslərin Əlcəzair Səfirliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdirilməsi niyyəti ifadə olunmuşdur.

Bu sıx mənəvi bağların və əməkdaşlığın təməli heç də təsadüfən yaranmayıb. Belə ki, Mədəniyyhət Nazirliyinin XII Beynəlxalq Kitab Sərgisi (EXPO) çərçivəsində mənim Əlcəzair stendinə yaxınlaşaraq başlayan tanışlıq fonunda, Əlcəzair Səfirliyinin Xarici işlər üzrə attaşesi xanım Seham Djendli də “Dodo” MMC-nin stendinə daxil olmuş, nəşrlərimizlə tanış olaraq rBizim stendən kitab əldə etmişdir. Elə həmin səmimi elmi-mədəni dialoq redaksiyamızın Əlcəzairin Milli Gününə rəsmi dəvət alması ilə nəticələnmişdir.

Tədbir çərçivəsində keçirilən görüşlərdə “Dodo” qəzeti və sayt olaraq gələcəkdə bu kimi mədəni-maarifləndirici layihələrin, elmi-tədqiqat işlərinin və ədəbi təşəbbüslərin Əlcəzair Səfirliyi ilə sıx əməkdaşlıq şəraitində davam etdirilməsi niyyəti ifadə olunmuşdur.

Qəbulun sonunda Əlcəzair Xalq Demokratik Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri xanım Zəkiyyə İğilin göstərdiyi müstəsna nəzakət, hər bir qonağı şəxsən ötürərək diqqət göstərməsi və xatirə şəkilləri çəkdirməsi tədbirə xüsusi səmimiyyət və yüksək diplomatik etiket nümayişi qatmışdır.

Redaksiyadan P.S.:

“Dodo” qəzeti və dodoqezeti.az portalının kollektivi adından qardaş Əlcəzair Xalq Demokratik Respublikasının Milli Günü – İnqilab Günü münasibətilə Zati-aliləri səfir xanım Zəkiyyə İğili, səfirliyin əməkdaşlarını və dost Əlcəzair xalqını səmimi-qəlbdən təbrik edir, iki ölkə arasında təməli qoyulan mədəni və ədəbi əməkdaşlığın daha da inkişaf etməsini arzulayırıq!

 

 “Dodo” qəzetinin baş redaktoru

İradə Məlikova