
T Ə X M İ S
Düzdüm neçə gövhər sözə dürdanəliyimdən,
Görçək həzər etdi çoxu fərzanəliyimdən.
Ad qoydum əcəb eşqdə pərvanəliyimdən,
,,El düşdü bütün heyrətə divanəliyimdən,
Sirrim demədim bir kəsə mərdanəliyimdən”
Seçdim, neçə pisdən ayırıb yaxşını seçdim,
Zövq ilə sözümdən təzə bir əlbisə biçdim.
Leylaya sədaqətlə vəfa dərsini keçdim,
,,Məxmur gözün fikri ilə badə çox içdim,
Bir kimsə zərər görmədi məstanəliyimdən.”
Çox dosta inandım və könül həmdəmi sandım,
Gördüm nə xəyanətlərini, candan usandım.
Ötdüm yenə sakitcə, mətanətlə dayandım,
,,Hər laləruxun şəm kimi eşqinə yandım,
Bir ləhzə xəbər tutmadı pərvanəliyimdən.”
Bülbül tək uçardım yanına bircə səs etsə,
Dünyanı mənim ömrümə hətta qəfəs etsə.
Çıxsın üzə etdiklərimi hansı kəs etsə!
,,Divaneyi -eşq olmağa hər kim həvəs etsə,
Əvvəlcə gərək dərs ala rindanəliyimdən.”
Dünya deyilən qəm dolu qəmxanədə bir gün,
Məskən eləsəm guşeyi- viranədə bir gün.
Xatun, analar ismini əfsanədə bir gün,
,,Vahid, mən o xakəm yenə meyxanədə bir gün
Bir zövq yetər aləmə peymanəliyimdən.”
18.02.2018
* * * * *
Əliağa Vahid
Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?
Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?
Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?
Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?
Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?
Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?
Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?
Allah rəhmət eləsin.