
Bəzən müqayisələr insanın tutduğu mövqeyi, mənəvi dəyərlərini ən dəqiq şəkildə büruzə verir. Yazıçı-jurnalist İdris Şükürlünün “Yaşa, Vətən” kitabı ilə tanış olduqdan sonra bu qənaətə bir daha gəldim. Kitabda toplanan oçerklərin əksəriyyətini Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra dövri mətbuatda oxumuşdum. Lakin onları vahid bir məcmuədə, kitab halında mütaliə etmək tamamilə başqa bir təsir bağışlayır. Müəllifin özünəməxsus yazı üslubu, Azərbaycan əsgərinin hünəri və şəhidlərimizin ölməz ruhu oxucunu dərin düşüncələrə qərq edir.
“Yaşa, Vətən” kitabı əsgər və zabitlərimizin cəbhədə göstərdiyi misilsiz qəhrəmanlığa, onların torpaq sevgisinə həsr olunmuşdur. Burada şəhidlik yalnız bir son deyil, Tanrı qatına yüksələn ali bir məqam, müqəddəs bir yol kimi təqdim olunur. Müəllif oxucunu sadəcə Vətəni sevməyə deyil, onu qorumağa çağırır. “Sətirlərin göz yaşı” bölməsində vurğulanan “Dünyanın nemətləri önümüzə sərilsə də, gözümüz yenə Vətəni arayar” fikri İdris Şükürlünün şəhidlik fəlsəfəsinin ana xəttini təşkil edir.
Vətən müharibəsi xalqımız üçün əsl mətinlik məktəbi oldu. 44 günlük Zəfər, Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin onun siyasi varisi, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük strateji zəka ilə gerçəkləşdirilməsidir. İdris Şükürlü üçün Vətən anlayışı gənc nəslin yaddaşına yazılmalı olan müqəddəs bir dərslikdir. Onun yaradıcılığında “Vətəni sevmək azdır, onu qorumaq əsl vətəndaşlıq borcudur” tezisi aparıcı ideya kimi çıxış edir.
İdris Şükürlünün şəhidlərimizə həsr etdiyi sayca 7-ci kitabı olan “Yaşa, Vətən” nəşrinin təqdimatı 12 iyun 2026-cı il tarixində Xəzər rayon Mədəniyyət Mərkəzində baş tutdu. Tədbir Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edərək bildirdim: “Sizi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə salamlayıram. Bu gün təqdim olunan kitabın müəllifi, Əməkdar jurnalist İdris Şükürlü uzun illərdir ki, öz qələmi ilə milli-mənəvi dəyərlərimizin və qəhrəmanlıq tariximizin təbliğinə əvəzsiz töhfələr verir. İdris müəllim, şübhəsiz ki, bu kitabın təqdimatı üçün ən doğru məkanı – Binə qəsəbəsini seçmişdir. Çünki Lerikdən köç edən əhalimizin böyük bir hissəsi məhz burada məskunlaşıb.
Təəssüflə qeyd etməliyəm ki, tarixi Lerikimiz göz önündə boşalır. Demoqrafik dəyişikliklər nəticəsində təhsil ocaqlarında siniflərin birləşdirilməsi məcburiyyəti ürək ağrıdan bir mənzərədir. Bu mənada, İdris Şükürlünün öz yurduna, elinə-obasına olan bağlılığı, şəhidlərimizin xatirəsini belə yaşatması yüksək qiymətə layiqdir. O, şəhidlərimizin yarımçıq qalmış ömrünü qələmi ilə tamamlayır, onları mənən yaşadır. Etibar Vəliyevin “Analara qara yayalıq satmayın” şeirini xatırladaraq bir daha deyirəm: şəhidlərimiz bizim başımızın tacı, qürurumuzun özəyidir”.
Tədbirdə şəhid qardaşı Arzuman Şükürov, şəhid atası Balaxan Quliyev, qazi Asif Əliyev, şəhid Ramiq Tağıyevin bibisi qızı Pərvanə xanım, “Həkəri” qəzetinin baş redaktoru yazıçı-jurnalist Rauf İlyas oğlu, şairlər Adil Cəbrayılzadə və Babəli Sakit çıxış edərək, şəhidlərimizə olan ehtiramlarını bildirdilər.
Yığıncaq şəhid ailələri və qazilərimizlə birgə keçirilən çay süfrəsi ilə başa çatdı. İdris Şükürlünü yeni yaradıcılıq uğurları münasibətilə bir daha təbrik edir, ona bu çətin və şərəfli yolda möhkəm can sağlığı arzulayıram.
“Tədbirin yüksək səviyyədə təşkili və aparılması Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Jalə Əliyeva və informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulovanın əməyi sayəsində mümkün olmuşdur. Onlar yığıncağı böyük səriştə və səlis diksiya ilə idarə etməklə yanaşı, tədbirin ən yaddaqalan anlarını fotolentə alaraq əbədiləşdirmişlər. Bu xidmətlərinə və göstərdikləri yüksək diqqətə görə MKS-in kollektivinə xüsusi minnətdarlığımızı bildiririk.”
İradə Məlikova,
“Dodo” qəzetinin baş redaktoru
