“Allahdan başqa heç kimdən nə qorxum, nə də ki çəkinəcəyim var. “Yağış yağdı, hər şey bağlandı” söhbətlərini etməyin… Hərdən bir gedin keçmişinizə nəzər salın”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova “ATV Maqazin 10larla” proqramına müsahibə verərkən deyib.
Sənətçi uzun illərdir onu Xalq artisti Aygün Kazımovaya bənzədənləri efir vasitəsilə ağ yuyub, qara sərib:
“Bakı balaca şəhərdir. Hər birimizi çox gözəl tanıyırıq. Bir-birimiz barədə yetərincə kompromatlarımız var. Ağac bar verdikcə başını aşağı salar. Mən, Röya Ayxan və digər müğənnilər səhnədə Aygün Kazımovaya, Brilliant Dadaşovaya və Zülfiyyə Xanbabayevaya baxıb, bu sənətə qarşı sevgi və istək hiss etmişik.
İllərdir bu sənətdəyəm, hər zaman da mənə “Aygünün kopyası” deyiblər. Lakin bu əsla belə deyil. Onun nüsxəsi olsaydım, saçlarımı, üz quruluşumu ona bənzətmək üçün əməliyyatlar edərdim. İllərdir ki, saçlarımın həm rəngi, həm də ki forması dəyişilməz olaraq qalır. Hamı özü kimi olmalı, özü kimi görünməlidir. İmkanım zəif ola bilər, amma əsla heç kimə imkan vermərəm ki, tapdalayıb üstümdən keçsin. Məni tapdalayıb üstümdən keçəni, kimliyindən və şəxsiyyətindən aslı olmayaraq, tapdalayıb üstündən keçərəm.
Sən axı niyə etiraf etmirsən ki, Aygün Kazımovanı görüb, bu sənətə gəlmisən? Aygün kimi olmusan da. Çalışmısan ki, Aygün Kazımova olasan. Əməlli-başlı Aygünün nüsxəsisən. Özün ol da, canım. Artıq fəxri adın da var. Bu sənətdə öz cığırını seç.
Mən Aygün Kazımovanın vəkili deyiləm. Buna görə də o mənə qonorar da ödəmir. Aygündən asılacağım da yoxdur”.
G.Ələkbərova düşmən kəsildiyi Xalq artistinin adını çəkməsə də, onu yerdən-yerə vurub, ellə bir edib:
“Heç o müğənnini görmürəm də. Rəfiqəm deyil, münasibətimiz də yoxdur. İllər əvvəl Aygün Kazımova öz ad günündə məni o müğənni ilə barışdırmışdı. Ondan sonra isə bizim heç bir münasibətimiz yoxdur”.
Rəşad Əliyev