
Cənab Prezident İlham Əliyevin Fərmanı ilə təsis edilən “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ölkəmizdə jurnalist əməyinə və söz məsuliyyətinə verilən yüksək dəyərin bariz göstəricisidir.
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən tədbir çərçivəsində media nümayəndələrinin bu yubiley medalı ilə təltif olunması həm peşəkar fəaliyyətə verilən qiymət, həm də mətbuatın cəmiyyətdəki rolunun dövlət səviyyəsində tanınması kimi dəyərləndirilə bilər.
Təltifetmə mərasimi Azərbaycan Mətbuat Şurasında baş tutdu, yubiley medalı isə Şuranın sədri Rəşad Məcid tərəfindən təqdim olundu. Bu məqam mətbuat nümayəndələrinə göstərilən diqqətin mühüm göstəricisi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, milli mətbuat tarixini əks etdirən “Əkinçi”dən 50 il sonra və “Mətbuatnamə – 150 ilin xronikası” kitablarının Azərbaycan Mətbu
at Şurasının adından jurnalistlərə hədiyyə olunması da yubiley tədbirinin məzmununu daha da zənginləşdirdi. Sözügedən nəşrlər Azərbaycan mətbuatının keçdiyi tarixi yolun, formalaşma mərhələlərinin və ictimai missiyasının mühüm salnaməsi kimi dəyərlidir.
Tədbirdə iştirak edən, eləcə də bu yubiley münasibətilə təltif olunan media nümayəndələri sırasında müxtəlif redaksiyalarda çalışan jurnalistlər yer aldı. Bu fakt bir daha göstərdi ki, milli mətbuat təkcə böyük media qurumlarından deyil, həm də öz imkanları ilə fəaliyyət göstərən, sözün məsuliyyətini daşıyan redaksiyalardan ibarətdir.
Bu cür tədbirlərin keçirilməsi və təltiflərin təqdim olunması gələcəkdə də jurnalistlərin fəaliyyətinin diqqətdə saxlanılmasına, media qurumlarının — xüsusən də müstəqil və regional redaksiyaların dövlət tərəfindən daha yaxından tanınmasına və dəstəklənməsinə töhfə verə bilər.
Milli mətbuatın 150 illiyi yalnız tarixi yubiley deyil, həm də sözə, qələmə və ictimai məsuliyyətə verilən dəyərin ifadəsidir.
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru
