
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycan dövlətinin tarixi irsə, şəhər mədəniyyətinə və gələcək nəsillərə məsuliyyətinin göstəricisidir. Bu il təkcə binaların deyil, həmin binaların daxilində formalaşmış mənəvi mühitin, yaddaşın və zəhmətin də qorunmasını ehtiva edir.
Bu baxımdan, yanvarın 15-də redaksiyamıza daxil olan müqavilənin birtərəfli qaydada xitamı ilə bağlı məktub mənim üçün sadəcə bir otağın boşaldılması məsələsi deyil. Bu, uzun illər mətbuat fəaliyyəti ilə məşğul olan bir redaksiyanın, arxivin və yaradıcı mühitin taleyi ilə bağlı narahatlıqdır.
Milli Mətbuatımızın 150 illiyi münasibətilə dövlət başçısının sərəncamı ilə təltif olunduğum medal mənim üçün şəxsi fəxarətdən daha çox, mətbuata verilən dəyərin rəmzidir. Məhz bu dəyərə güvənərək düşünürəm ki, redaksiyaların yerləşdirilməsi məsələsində də alternativ və humanist yanaşma mümkündür.
“Dodo” qəzeti Medianın İnkişafı Agentliyində (MEDİA) rəsmi qeydiyyatdan keçmiş, illərdir fəaliyyət göstərən, ölkəmizin çoxmədəniyyətli və multikultural simasını əks etdirən mətbu orqandır. Bu qəzetin yaşaması və fəaliyyətini davam etdirməsi təkcə bir redaksiyanın deyil, Azərbaycan mətbuat tarixinin bir parçasının qorunması deməkdir.
Hazırda redaksiyanın arxivinin, texniki avadanlıqlarının və iş mühitinin ev şəraitinə köçürülməsi zərurəti yaranıb. Bu isə istər-istəməz belə bir sual doğurur: “Şəhərsalma və Memarlıq İli”ndə mətbuatın mənəvi məkanı da nəzərə alınmamalıdırmı?
Biz aparılan təmir və bərpa işlərinə qarşı deyilik. Əksinə, bu prosesi alqışlayırıq. Sadəcə olaraq, redaksiyaların yerləşdirilməsi məsələsində keçid dövrü üçün uyğun alternativlərin nəzərdən keçirilməsini xahiş edirik
Mən bu məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etmişəm. Çünki inanıram ki, Azərbaycanda heç bir zəhmət, heç bir söz və heç bir mətbuat ocağı diqqətdən kənarda qalmamalıdır. “Dodo” qəzeti bu torpağın mətbuat tarixində qalacaq bir addır və onun fəaliyyətini davam etdirməsi dövlətimizin mətbuata verdiyi dəyərin davamı kimi qəbul olunmalıdır.
Hörmət və ümidlə,
İradə Məlikova
“Dodo” qəzetinin baş redaktoru
