Bu gün mənə mənəvi cəhətdən çox yaxın olan, 2017-ci ildən – “Dodo” qəzetinin ilk addımlarından bəri çiyin-çiyinə addımladığım dəyərli qardaşım, peşəkar dizayner Vüsal Ağayarovun (Ziyad oğlunun) doğum günüdür.

Vüsal əslində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Bəlkə də elə buna görədir ki, onun hazırladığı hər qəzet səhifəsində, tərtib etdiyi hər kitab və jurnalda riyazi bir dəqiqlik, mühəndis zərgərliyi var. Amma mənim üçün Vüsal təkcə bir dizayner deyil.

Əgər 2017-ci ildə “Dodo”nun o ilk çətin günlərində onun mənə verdiyi stimul, həvəsləndirici sözləri olmasaydı, bəlkə də mən bugünkü mən olmazdım. O, hər zaman qəzetin yükünü öz çiyinlərində daşıyan, yazılara can verən, şəkilləri dil açdıran gizli qəhrəmandır.

Arada zarafatlaşıb “əmioğlu” dediyim bu kürd balası həm də gözəl bir ailə başçısıdır. Allah onun iki gül balasını – Dəniz və Laləni qorusun, onlarla birlikdə xoşbəxt ömür nəsib eləsin.

“16.03.1982-ci il tarixində dünyaya göz açan əziz qardaşım! Bu doğum günündə sənə polad kimi sağlamlıq, tükənməz yaradıcılıq enerjisi və bütün işlərində bol uğurlar arzulayıram. Yaxşı ki, doğulmusan, yaxşı ki, bu şərəfli yolda bizimləsən. Sənin o qızıl əllərin və nurlu qəlbin heç vaxt dərdi-kədər görməsin. Ad günün mübarək olsun!”

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru