Azərbaycanın hüquq-mühafizə sistemində və parlament tarixində silinməz izlər qoymuş, ömrünü qanunun aliliyinə və dövlətçiliyə həsr etmiş tanınmış ictimai-siyasi xadim, Baş prokurorun sabiq müavini və birinci çağırış Milli Məclisin deputatı Mətləb Əzizulla oğlu Mütəllimli vəfat edib. 77 yaşında dünyasını dəyişən bu böyük ziyalının itkisi onu tanıyan hər kəs üçün dərindir.

Dövlətçilik və qanun naminə keçən ömür

Mətləb Mütəllimli 1949-cu ildə Yardımlı rayonunda anadan olub. 1973-1979-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alaraq peşəkar fəaliyyətinə başlamışdır. O, Azərbaycanın ən mürəkkəb dövrlərində Baş prokurorun müavini kimi məsuliyyətli vəzifəni icra etmiş, hər zaman prinsipiallığı ilə seçilmişdir.

1995-ci ildə Milli Məclisin deputatı seçilən M. Mütəllimli, Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü kimi ölkəmizin qanunvericilik bazasının formalaşmasında yaxından iştirak etmişdir. O, həm də siyasi partiya sədri və fəal hüquq müdafiəçisi kimi hər zaman əzilənin yanında olmuş, haqqın səsi kimi tanınmışdır.

Səssiz, ləyaqətli və dözümlü mübarizə

Hüquqşünas Ataxan Əbilov öz xatirələrində onu belə xatırlayır:

“Onunla tanışlığımız mən tələbə, o isə prokuror olan illərdən başlayıb dostluğa çevrildi. Mətləb heç vaxt dəyişmədi. O, sadəcə hüquqşünas və ya deputat deyildi, o, prinsipial mövqeyindən dönməyən bir şəxsiyyət idi. Xəstəliklə mübarizə apardığı son dövrlərdə səssizliyə çəkilməsi də onun xarakterinə uyğun idi – o, ağrısını və yükünü tək daşımaq istəyən dözümlü bir insan idi. Mənim üçün o həm də elə bir dost idi ki, mən uzaqda olanda valideynlərimin məzarını ziyarət edəcək qədər böyük ürəyə sahib idi.”

“Dodo”nun əziz qonağı: Redaksiyamızdan keçən xatirələr

Mətləb müəllim həm də bizim redaksiyamızın, “Dodo TV”-nin ən əziz qonaqlarından biri idi. Onunla tanışlığımız Astaralı Ramin vasitəsilə baş tutmuşdu. O, hər dəfə qonağımız olanda öz savadı və mütaliəsi ilə bizi heyran qoyardı.

Mətləb müəllim özünəməxsus zarafatları və səmimiyyəti ilə qəlbimizdə yer tapmışdı. Tez-tez mənə deyərdi: “Ay talış qızı, çox zəhmət çəkirsən, çox əziyyət çəkirsən, amma dəyər verən yoxdur. Nənəm talış idi, bəzi sözləri ordan başa düşürəm, amma qəzetini oxuya bilmirəm.” Gördüyüm işlərə həmişə dəstək olsa da, mənə canıyananlıq edərdi: “Özünü qurban vermə, elə işlə məşğul ol ki, sənə xeyri də gəlsin.” Mən qəzetin çətinliklərindən danışanda isə sadəcə müdrikcəsinə gülümsəyərdi.

Mərd və haqqı sevən şəxsiyyət

Mətləb Mütəllimli yaşına baxmayaraq, insanlara xidmət həvəsi ilə dolu idi. O, düzgünlüyü sevən, kimsənin haqqına girməyən və öz haqqını da kimsədə qoymayan bir xarakterə sahib idi. Bəzən sürətlə inkişaf edən müasir texnologiyalar və zamanın gətirdiyi dəyişikliklər onu təəccübləndirsə də, o, köhnə məktəbin sarsılmaz sütunu kimi qalırdı.

Bu gün Azərbaycan təkcə bir hüquqşünası deyil, həm də sözün həqiqi mənasında bir Kişini və Ziyalını itirdi.

Mərhum bu sabah 8 aprel 2026-cı ildə Bakı şəhəri, Binəqədi rayon “Binəqədi kənd məzarlığında” dəfn edildi.

9 aprel tarixində saat 11:00-dan 16:00-dək Heydər Məscidində mərhumun ruhuna ehsan süfrəsi açılacaq.

Allah rəhmət eləsin! Ruhu şad olsun!


İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru