Kakalos Astara rayonunun yaşayış məntəqələrindən biridir. Kənd məscidi Astara rayonunda memarlıq abidəsi kimi qeydə alınmış 12 məsciddən biri sayılır.
Məscid kəndin mərkəzində yerləşir. Məscidin tikilmə tarixi ilə bağlı iki mülahizə vardır. Bu mülahizələrin hər ikisi məscid üzərinə vurulmuş lövhələrdə öz əksini tapmışdır. Qara mərmər lövhə üzərində azərbaycan (kiril əlifbası) və ərəb dillərində Kakalos kənd məscidinin XIX əsrdən qalma tarixi abidə olması həkk edildiyi halda, lövhənin aşağısında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən vurulmuş lövhədə isə məscidin 1907-ci ilə aid olması yazılmışdır.
Kakalos kəndinin uzunömürlülərindən biri, canlı ensiklopediya sayılan fəxri mədəniyyət işçisi, “Tərəqqi” medallı 80 yaşlı Fərbiyyə Həsən qızı Şabanova ilə Kakalos məscidinin tikilmə tarixi haqqında söhbət edərkən o, məscidin əsasının 1899-cu ildə qoyulduğunu, 1900-cu ildə isə istifadəyə verildiyini bildirdi (XIX əsrdən qalma abidə).
Qırmızı kərpicdən tikilən məscid hündürlüyü 1 metr olan səki üzərində yerləşir. Uzunluğu 22 metr, eni isə eyvanla birlikdə 14 metrdir (ibadət zalı 10 m + 4 m). Fasadda iki iri qapı və üç pəncərə vardır. Pəncərələrdən ikisi ortada, digəri isə sol tərəfdə yerləşir və “Şəbistan”ı işıqlandırır. Məscidin sağ tərəfində iki pəncərə, sol tərəfində isə iki qapı vardır. Qapılardan biri yuxarıda, digəri aşağıda yerləşir. Şəbəkəli olan pəncərələr və fasaddakı qapılar tağlı, məscidin sol tərəfindəki qapılar isə düzbucaqlıdır. İnteryerdə tavana dayaq məqsədilə iki sütun yerləşdirilmişdir. İbadət zalına suvaq çəkilmiş, üzərinə emusiya sürtülmüşdür.
Məscidin mehrabı, minbəri, günbəzi, “Şəbistan”ı, açıq eyvanı və “Hüseyniyyə”si vardır. Mehrab divarın içindədir. Minbər doqquz pilləlidir. Günbəz güldəstə şəkilli olub, dördguşəlidir. “Şəbistan” ibadət zalının sol tərəfində, ikinci yarusda yerləşir. “Şəbistan”ın ölçüsü 5 x 9 metrdir. Eyvanın ölçüsü 4 x 22 metrdir. Eyvan qırmızı kərpicdən olan tağ şəkilli altı sütun üzərində dayanır. Eyvan ibadət zalı ilə bir damın altındadır. “Hüseyniyyə” (təkiyə) məscidin qarşısında, sağ tərəfində yerləşir və qırmızı kərpicdən inşa olunmuşdur.
Məscidin döşəməsi betondan, qapı-pəncərələri, tavanı, dayaq sütunları, dam örtüyünün konstruksiyası ağac materialından, dam örtüyü isə əvvəl kirəmitdən olmuş, sonralar dəmir şiferlə əvəz olunmuşdur. Məscidin çöl tərəfinə və eyvanın sütunlarına ağ bətkeş vurulmuşdur.
Kakalos kənd məscidi Sovet dövründə bağlanmış, ondan yerli təsərrüfatın anbarı kimi istifadə edilmişdir. 1989-cu ildə yenidən qapılarını dindarların üzünə açmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Kakalos kənd məscidi 4129 invertar sayı ilə 1907-ci ilə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.
İldırım Şükürzadə,
Lənkəran rayonunun Havzava
kənd tam orta məktəbinin müəllimi,
tədqiqatçı-tarixçi