Mən fəxr edirəm ki, öz ana dilimi və ləhcəmi bütün saflığı ilə qoruyub saxlayanlardan biriyəm. Çünki ləhcə və dialektlər dilin kökü, xalqın tükənməz mənəvi sərvətidir.
1956-1958-ci illərdə Statistika Texnikumunun binasında Kolxoz mühasibliyi ixtisası üzrə təhsil almışam. 1958-ci ildə Xarici Dillər İnstitutuna daxil olmuşam və 1963-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm.
İnstitutda qrup rəhbərim ali məktəbdə qalıb elmi işlə məşğul olmağımı təklif etdi. Bildirdim ki, gərək valideynlərimin xeyir-duasını alım. Kəndə gəldim, lakin valideynlərim razılıq vermədilər. Ailədə tək oğlan idim, ata-anam qoca idilər. Məcbur olub kənddə qalmalı oldum. Bədəlan məktəbinin binası ilə evimiz yanaşı idi. Bizə iki ixtisas verilirdi. Beləliklə, Bədəlan orta məktəbində fransız və Azərbaycan dillərini tədris etməyə başladım.
Məktəbdə radio qovşağı yaradıb mərkəzi xəttə qoşdum, böyük tənəffüslərdə “sinif günü” tədbirləri təşkil etdim. Şagirdlərdən 5 nəfəri musiqi alətlərində ifa etməyi öyrənmək üçün rayon Mədəniyyət evinə göndərdim. 6 aydan sonra ansambl hazır oldu və istedadlı uşaqları oraya cəlb etdim. Onlardan Əməkdar artist Baloğlan Əşrəfovu, istedadlı muğam ustası Həbib Rəhimovu və başqalarını nümunə göstərmək olar.
Rayon mərkəzindəki fəallar yığıncaqlarından sonra bizim məktəbin şagirdləri bədii hissədə məharətlə çıxış edirdilər. SSRİ dövründə ilk dəfə talış dilində mahnılar bəstələdim. İndi bütün dünyada məşhur olan “Boğədə qıləy bılbıl” (Bağda bir bülbül) və bir çox digər mahnıların sözlərini və musiqisini yazıb şagirdlərə öyrədirdim.
1965-ci ildə məni tədris işləri üzrə direktor müavini təyin etdilər. Üç ay sonra Respublika Təhsil Nazirliyindən rayon rəhbərliyinin müşayiəti ilə məktəbimizə bir qrup qonaq gəldi. Nazir məktəb direktoruna dedi: “Nümunəvi nə işiniz varsa, bizə göstərin.” Direktor məni təqdim edərək bildirdi ki, bu müəllim zəngin fransız dili kabineti yaradıb. Nazir başda olmaqla qonaqlar kabinetlə tanış oldular və görülən işi çox bəyəndilər.
Nazir soruşdu: “- Daha nə kimi nümunəvi işləriniz var?” Mən cavab verdim ki, kənd mədəniyyət evində 150 illik yubiley münasibətilə konsert-tamaşa təşkil etmişik və bu tədbir lentə alınıb, kaseti direktorun otağındadır. 30 dəqiqədən çox kasetə qulaq asıb çox məmnun qaldılar. Nazir bu gənc müəllimin kimliyi ilə maraqlandı. Direktor müavini, Komsomol komitəsinin sədri isə fəal büro üzvü olduğumu bildirdi. Rayon rəhbərliyi də haqqımda müsbət fikirlər söylədi.
Nazir rayonun birinci katibinə dedi: “- Bu cavan oğlanın işini çox bəyəndim, onu bu məktəbə direktor təyin edirəm.” Mən dərhal etiraz edərək bildirdim ki, başqasının yerinə keçib çörəyinə bais olmaq istəmirəm. Onu öz kəndinə və ya başqa münasib məktəbə təyin etsəniz, mən də rəhbərliyi qəbul edərəm. Nazir isə belə cavab verdi: “- Ölkənin ucqar kəndində belə zəngin kabinet yaradan gənc müəllimlər ən yüksək tərifə layiqdir.”
Ömrümün 20 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etdim. Səhhətimlə bağlı müalicə aldıqdan sonra Rayon Təhsil Şöbəsində metodist vəzifəsinə təyin olundum və 20 il də orada çalışdım. Müəllim və direktor işlədiyim illərdə bir çox uğurlu layihələrə imza atdıq. Məktəbimizin şagirdi, 14 yaşlı vunderkind Müşfiq Kərimov Tibb Universitetinə qəbul olundu (hazırda o, dünyanın tanınmış göz həkimidir). “Düşün-tap” adlı testli ixtiramız az sonra bütün SSRİ-yə yayıldı. Məktəbin şöhrəti hər yana səs salmışdı. Təhsil şöbəsində çalışarkən Vüqar Məmmədzadə ilə birlikdə “Fransız dilini sərbəst öyrənənlər üçün lüğət” (2002) kitabını yazdıq. Hazırda isə “Əcnəbi dillərdən talış dilinə keçən çətin sözlərin lüğəti” üzərində işləyirəm.
Zamanında məktəbimizə uzaq kəndlərdən də axın var idi, şagirdlərin sayı 1300-ə çatırdı. Təhsil şöbəsi qarşısında məsələ qaldıraraq əlavə otaqların tikilməsinə, məktəblərin statusunun artırılmasına nail olduq. Fəaliyyətim dövründə “Qabaqcıl maarif xadimi”, “Ali kateqoriyalı müəllim”, “Veteran medalı” və bir çox fəxri fərmanlara layiq görülmüşəm.
Xeyriyyəçilik fəaliyyəti də həyatımın bir parçası olub. İmkanı zəif olan uşaqların ali məktəblərə qəbuluna, ev-eşik sahibi olmasına kömək etmişəm. Hətta bir seyid övladını Məşhəd ziyarətinə göndərmişəm.
Həyatım boyu bir çox tarixi şəxsiyyətlərlə ünsiyyətdə olmuşam. Ümummilli lider Heydər Əliyev və pedaqoq-şair Müzəffər Nəsirli evimizdə qonaq olublar. Zülfi Adıgözəlov kimi sənətkarlar, fransız dili mütəxəssisləri ocağımıza təşrif buyurublar. Ailəmizdə müəllimlik, filoloqluq, musiqi, rəssamlıq və digər yaradıcı sahələr geniş yayılıb. Oğlum İlqar şair-nəğməkardır, üç dildə şeirlər yazır. Oğlum Vüqar və gəlinim Arzu fransız dili mütəxəssisləridir. İqrar isə polis mayorudur və futbol veteranıdır. 8 övlad böyüdüb ərsəyə çatdırmışıq. Hacının hazırda 20 nəvəsi, 25 nəticəsi var. Allah hamısını qorusun!
Bu ziyalı ocağına yeni-yeni yaradıcılıq uğurları, cansağlığı və tükənməz enerji arzulayırıq.
Hazırladı: Allahverdi Bayrami 07.05.2026

