2003-cü ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tağım komandiri kimi işə başlamışdır. 2005-ci ildə baş leytenant, 2008- ci ildə kapitan hərbi rütbəsi almışdır. Müxtəlif vaxtlarda Gəncə,Tərtər və Beyləqanda bölmə komandirinin müavini,bölmə komandiri, artilleriya rəisinin köməkçisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə müxtəlif nominasiyalar üzrə təltif olunmuşdur. Xidmətinin 10 illiyində hərbi xidmətdə fərqləndiyinə görə “Qüsursuz xidmətlərinə görə” I dərəcəli,15 illiyində “Qüsursuz xidmətlərinə görə” II dərəcəli və 20 illiyində “Qüsursuz xidmətlərinə görə” III dərəcəli medalları, habelə “Silahlı qüvvələrin 90 illiyi”, “Silahlı qüvvələrin 95 illiyi” və “Silahlı qüvvələrin 100 illiyi” medalları ilə təltif olunmuşdur. Bundan əlavə Müdafiə nazirliyi və Korpus komandiri tərəfindən 14 dəfə “Fəxri fərman” və dəfələrlə (24 dəfə) hissə komandirlərinin təşəkkürnamələrinə layiq görülmüşdür.
2016-cı ildə Aprel döyüşlərində fəal iştirak etmişdir. Zabitimiz 2019- cu ildə səhhətindəki gərginliklə əlaqədar öz istəyi ilə 22 il 5 ay stajla pensiya hüququndan istifadə edərək ehtiyata buraxılmışdır.
11 aydan sonra, 2020-ci il sentyabrın 21-də ordu sıralarına səfərbər olunmuşdur. Minlərlə Azərbaycan gənci kimi o da ailəsindən ayrılaraq Vətənin harayına getmişdir. Bir neçə günlük təlimdən sonra sentyabrın 26- da Ağdam – Xocavənd istiqamətinə gətirilmiş:
Başım üstə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban,Azərbaycan!
Ruhuma büt,cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaygan – deyərək sentyabrın 27-dən döyüşlərə qatılmış və torpaqlarımızın azadlığı uğrunda mətanətlə vuruşmuşdur. Cəbhədə Artilleriya Dvizyonunun Kəşfiyyat Rəisi vəzifəsində çalışmasına baxmayaraq, hamı ilə səmimi davranır, bütün çətinlikləri birlikdə dəf etməyə çalışırdılar. Deyir ki, bizdə hamı yerini bilirdi. Ancaq ailədə ailənin böyüyü hamıya bir gözlə baxdığı kimi, hərbi hissədə də bu prinsip gözlənilirdi.Çünki istər qalibiyyət , istərsə də məğlubiyyət hamınındır. Bunu istər zabit, istərsə də sıravi əsgər heyəti çox gözəl dərk edirdi. Qalibiyyətimizin səbəblərindən başlıcası bu idi.
Cəbhənin həmin istiqamətində (Ağdam – Xocavənd) 36 günlük döyüşdən sonra Cəbrayıl – Qubadlı istiqamətinə çağrılır. Noyabrın 1-dən başlayan döyüş 10-a qədər davam edir. Zabitimiz deyir ki,bu döyüşlər ölüm – dirim mübarizəsi idi. Düşmən mövqelərini saxlamaq istəyirdi. Onların cidd-cəhdinə baxmayaraq düşməni geri oturdur, qələbə qazanaraq irəli gedirdik. Xüsusən, Şuşanın alınması bizdə böyük ruh yüksəkliyi yaratmış, qələbə əzmimizi daha da artırmışdı.
Müharibədə göstərdiyi igidliklərə görə Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il fərmanı ilə “ Xocavəndin azad olunmasına görə”, digər bir fərmanı ilə – 29 dekabr 2020-ci il fərmanı ilə ”Qubadlının azad olunmasına görə”, habelə digər fərmanlarla “Cəbrayılın azad olunmasına görə (24 iyun 2021-ci il), “Döyüşdə fərqlənməyə görə” (24 iyun 2021-ci il) medalları ilə təltif olunmuşdur.
31.XII.2020-ci il tarixində ehtiyata buraxılmışdır.
Rzayev Fəqail Mirsalam oğlu ailəlidir. 3 övladı vardır.
Hacı Allahverən Nəzərov