Azərbaycan cəmiyyəti hər zaman elinə-obasına bağlı olan, zəhməti ilə cəmiyyətə fayda verən və mənəvi dəyərləri hər şeydən uca tutan şəxsiyyətləri ilə fəxr edib. Hər dövrün öz qəhrəmanları olur; bəziləri tarixə vəzifələri, bəziləri elmi kəşfləri, bəziləri isə insanların qəlbində saldıqları izlə düşürlər. Cəmiyyətin görünməyən dayaqları sayılan belə insanlar gördükləri xeyirxah işləri nümayiş etdirməyi deyil, insanlara faydalı olmağı üstün tuturlar. Məhz belə şəxsiyyətlərdən biri də 11 fevral 1965-ci ildə Lerik rayonunun Andurma kəndində dünyaya göz açmış, zəhməti ilə ucalmış, qazandığını yenidən insanlara qaytarmağı həyat prinsipi seçmiş tanınmış sahibkar və xeyriyyəçi Hacı Ramazan Əbutalib oğlu Quliyevdir.

Hacı Ramazan Quliyevin həyat yoluna nəzər saldıqda ilk diqqəti cəlb edən cəhət zəhmətə söykənən yüksəlişdir. Təhsil illərindən sonra əmək fəaliyyətinə başlayan Ramazan Quliyev, gənc yaşlarından peşəkarlığı ilə diqqət çəkib. 1986-cı ildən etibarən Neft Daşlarında mühasib kimi başlayan karyerası, onu Bakıdakı tikinti idarələrində rəhbər vəzifələrə qədər yüksəldib. 1994-cü ildən 1998-ci ilə qədər Zonalararası İxtisaslaşmış Təmir Tikinti İdarəsinə rəhbərlik edib. 1998-ci ildə təsis etdiyi “Ramin-R” şirkəti ilə sahibkarlıq fəaliyyətində yeni mərhələnin əsası qoyulmuşdur. Bu gün rəhbərlik etdiyi müəssisədə onlarca leriklinin çalışması təsadüfi deyil; o, hər zaman doğulduğu rayonun sakinlərinin məşğulluğuna dəstək göstərməyi özünə missiya bilmişdir.

Hacı Ramazan Quliyevin şəxsiyyəti yalnız uğurlu sahibkarlıqla deyil, sosial məsuliyyət, vətəndaş mövqeyi və milli-mənəvi dəyərlərə sədaqətlə xarakterizə olunur. O, 2009-cu ildə müqəddəs Həcc, 2023-cü ildə isə Kərbəla ziyarətində olmuşdur. Ata-babalarının yolunu layiqincə davam etdirən Hacı Ramazan ailə dəyərlərini hər zaman ön planda tutaraq, 2010-cu ildə atası Quliyev Əbutalibi də Həcc ziyarətinə göndərmişdir.

Hacı Ramazan Quliyevin xeyriyyəçilik fəaliyyətinin ən parlaq nümunələrindən biri 2012-ci ildə Lerik rayonunun Andurma kəndində yerləşən, yerli sakinlər tərəfindən “Boboym” adlandırılan XVIII əsrə aid Baba İbrahim türbəsini (ocağını) şəxsi təşəbbüsü ilə yenidən inşa etdirməsidir. Tarixi mənbələrə və tədqiqatçı-tarixçi İldırım Şükürzadənin qeydlərinə görə, əvvəllər ağac tikili, sonralar isə sadə daş konstruksiyalı olan bu məqbərə, Hacı Ramazan Quliyevin maddi dəstəyi ilə müasir memarlıq standartlarına uyğun, günbəzli və mişar daşından ibarət indiki möhtəşəm görkəminə qovuşmuşdur. Türbənin ərazisi böyük tarixi önəm daşıyır; burada aşkar olunan 12 hissəli dairəvi ornamentlər qızılbaş təriqətinə mənsub şəxslərin dəfn olunduğunu ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış bu abidə (inv: 5937, 4775, 6223), türbə və qəbiristanlıq olmaqla yanaşı, həm də daş qoç fiqurları ilə zəngin nadir bir mədəniyyət ocağıdır. Hacı Ramazan Quliyevin bu abidəni bərpa etdirərək ziyarətə açması, təkcə dini bir missiya deyil, həm də milli-mədəni irsimizin gələcək nəsillərə çatdırılması yolunda atılmış böyük bir vətənpərvərlik addımıdır.

Son illər Hacı Ramazan Quliyevin adı xüsusilə Lerikin İnkişafına Dəstək Qrupunun (LİDQ) həyata keçirdiyi ictimai layihələrdə tez-tez hallanır. O, bu qurumun müxtəlif sosial fondlarına müntəzəm maliyyə dəstəyi göstərir. Şəhid ailələrinin sosial müdafiəsi, maddi imkanı məhdud tələbələrin təhsili, istedadlı gənclərin inkişafı, rayonun abadlaşdırılması onun dəstək verdiyi başlıca sahələrdir. 2026-cı ilin may ayında Büzeyir mağaralarına gedən yolun və pilləkənlərin tikintisi məqsədilə LİDQ tərəfindən həyata keçirilən xeyriyyə aksiyasına göstərdiyi maddi dəstək də onun vətən sevgisinin əməli ifadəsidir.

Eyni zamanda, Hacı Ramazan Quliyev Lerik Ensiklopediyasının hazırlanmasına, ana dilində nəşr olunan mətbuat orqanlarına, xüsusilə “Dodo” qəzetinə müxtəlif dövrlərdə mənəvi və maddi dəstək göstərməklə milli maarifçilik ənənələrinə bağlılığını nümayiş etdirir. O, yaxşı anlayır ki, ana dilinin yaşaması həm də milli mətbuatın yaşaması ilə mümkündür.

Onun sarsılmaz vətəndaş mövqeyi müxtəlif qurumlar tərəfindən yüksək qiymətləndirilib. 2008-ci ildə “Avropa Nəşr Mətbu Evi” tərəfindən milli-mənəvi dəyərlərimizin qorunması, vətənpərvərlik hisslərinin aşılanması və iqtisadi inkişafdakı xidmətlərinə görə “Qızıl Mükafat” ilə təltif olunmuşdur. Uğurlarının zirvəsi olaraq isə, Ramazan Quliyev 2026-cı il may ayının 4-də Beynəlxalq İnformasiya Alyansı tərəfindən 1-ci dərəcəli “Hacı Zeynalabdin Tağıyev” fəxri medalı ilə təltif olunmuşdur. Bu ali mükafat onun cəmiyyətdəki nüfuzunun, vətənpərvərliyinin və göstərdiyi misilsiz xidmətlərin ən parlaq təsdiqidir.

Hörmətli Hacı Ramazan! Sizi 1-ci dərəcəli “Hacı Zeynalabdin Tağıyev” fəxri medalı ilə təltif olunmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik! Sizin kimi el-obasına bağlı, xeyirxah və zəhmətkeş insanların əməyi hər zaman yüksək qiymətləndirilməyə layiqdir. Sizə can sağlığı, uzun ömür və xeyirxah əməllərinizin davamlı olmasını arzu edirik.

Uğurlarınız bol, yolunuz açıq olsun! İnsan ömrünün əsl dəyəri topladığı sərvətlə deyil, arxasında qoyduğu xeyirxah əməllərlə ölçülür. Siz məhz belə bir ömür sahibi kimi, gələcək nəsillər üçün də örnəksiniz.

İradə Məlikova

“Dodo” qəzetinin baş redaktoru