25 İLLIK HƏSRƏTƏ SON QOYAN TARIXI ZƏFƏR:
ZAMIN FƏRƏCOV AVROPA ÇEMPIONUDUR!
Lerikin Qılqılov kəndindən Batumi zirvəsinə ucalan karateçimizin heç bir yerdə olmayan uğur hekayəsi
Azərbaycan idman tarixində unudulmaz və qürurverici günlərdən biri yaşandı. Gürcüstanın Batumi şəhərində keçirilən Fullkontakt/Şinkyokuşin karate üzrə Avropa çempionatı milli komandamız üçün böyük uğurla başa çatdı. Komandamız vətənə 6 medalla dönsə də, yarışın ən parlaq və tarixi nəticəsinə gənclər arasında çıxış edən idmançımız Zamin Fərəcov imza atdı. O, bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı və Avropa çempionu adını qazandı.
25 İllik Qızıl Medal Həsrətinə Son Qoyan Qəhrəman
Zamin Fərəcovun bu qələbəsi sadəcə bir çempionluq deyil, Azərbaycan karate tarixində yeni bir səhifənin açılmasıdır. Belə ki, Kyokuşin karate növündə, 16-18 yaş qrupunda düz 25 il idi ki, Azərbaycan qızıl medal qazanmırdı. Ölkəmizin bu böyük idman növündə çempionluq həsrətinə məhz Zamin son qoydu.
Batumiyə yollanan 24 nəfərlik heyət içərisində yeganə qızıl medal qazanan idmançı məhz o oldu. Bu tarixi zəfər sayəsində çərək əsrlik həsrət sona çatdı və Azərbaycan yenidən Avropa zirvəsinə yüksəldi.
Çempionluğa gedən yol heç də asan olmayıb. Zamin Fərəcov saytımıza verdiyi açıqlamada yarış boyunca keçirdiyi döyüşlər barədə də danışıb:
“4 döyüş keçirdim. İlk döyüşüm Polşa idmançısı ilə oldu. İkinci döyüşdə Gürcüstan təmsilçisini məğlub etdim. Üçüncü qarşılaşmam İsveç idmançısına qarşı idi. Finalda isə Azərbaycanlı rəqiblə döyüşdüm və qalib gələrək Avropa çempionu oldum.”
Bu ardıcıl və çətin qarşılaşmalar bir daha göstərdi ki, Zaminin qazandığı qələbə təsadüfi deyil, böyük əzmin və peşəkar hazırlığın nəticəsidir.
Hər bir böyük zəfərin arxasında güclü müəllim və sarsılmaz inam dayanır. Arzuman Həsənov və Zamin Fərəcovun münasibəti də məhz belə bir hekayədir. Onlar sadəcə məşqçi və idmançı deyil, uşaqlıqdan bir-birini tanıyan yaxın dostlardır.
Arzuman müəllim artıq 6 ildir ki, Zaminin peşəkar inkişafına rəhbərlik edir. Avropa çempionatına isə son 4 ay ərzində xüsusi proqram əsasında ciddi hazırlıq keçiblər. Gecə-gündüz davam edən məşqlər sonda Avropanın fəthi ilə nəticələndi.
“Bu qələbə mənim üçün çox qürurverici bir hisdir. Azərbaycan bayrağının dövlət himninin sədaları altında yüksəklərdə dalğalanması uşaqlıqdan bəri ən böyük arzum idi. Bu arzumu gerçəkləşdirdiyim üçün çox xoşbəxtəm”, — deyə Avropa çempionu Zamin Fərəcov qürurla vurğulayıb.
Avropa Çempionu Zamin Fərəcov Kimdir?
Zamin Fərəcov Lerik rayonunun Qılqılov kəndində anadan olub. Hazırda Bakı şəhərinin Binə qəsəbəsində yaşayır. O, artıq 12 ildir Kyokuşin karate ilə peşəkar şəkildə məşğuldur.
Bu illər ərzində müxtəlif Bakı turnirlərinin qalibi, dəfələrlə Respublika çempionu olub. Mayın 9-da isə Batumidə keçirilən Avropa çempionatında bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazandı və ölkəmizi qürurlandırdı.
Milli Yığmanın Ümumi Medal Hesabatı
Xatırladaq ki, Azərbaycan Karate Federasiyasının Fullkontakt/Şinkyokuşin üslubu üzrə milli yığma komandası, qurumun vitse-prezidenti Allahverdi Rüstəmov rəhbərliyi altında yarışda iştirak edib. Heyət 24 idmançı, 5 hakim və 6 məşqçidən ibarət olub.
Komandamız çempionatı ümumilikdə 6 medalla başa vurub:
– Gənclər arasında:
-Zamin Fərəcov — qızıl medal
-Elmir Cəbrayılov — gümüş medal
-Nihat İmanov — gümüş medal
– Böyüklər arasında:
-Əliqismət Həsənov — gümüş medal
-Səlahət Həsənov — bürünc medal
-Solmaz Zeynallı — bürünc medal
Biz də “Dodo” qəzetinin redaksiyası adından 25 illik rekordu qıraraq adını tarixə yazan çempionumuz Zamin Fərəcov və onun fədakar məşqçisi Arzuman Həsənov tandemini ürəkdən təbrik edir, gələcək dünya arenalarında yeni zəfərlər arzulayırıq!
